RAGT yaxınlaşdırır
15/10/2012

“Rossiyskaya qazeta”da Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) oktyabrın 12-13-də keçirilmiş tədbirləri haqqında məqalə dərc olunub.  Marina Alyoşinanın “RAGT yaxınlaşdırır” sərlövhəli məqaləsində oxucuların diqqətini Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının illik konfransının mühüm məqamlarına cəlb edilir.  

“Gündəlikdəki məsələlər müxtəlif olub: RAGT-ın rəhbərliyinə seçkilərdən tutmuş, ölkələrimizdə vəhşi təbiətin mühafizəsinə dair planların müzakirəsinədək. İndiki konfrans RAGT-ın artıq dördüncü konfransıdır. Ənənəyə görə ikigünlük konfransın əvvəlində Azərbaycanın və Rusiyanın himnləri səsləndirilib. RAGT-ın rəhbərliyinə seçkilərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yenidən təşkilatın sədri seçilib”.

Leyla Əliyeva iştirakçılar qarşısında çıxışında iki ölkə arasında mədəni əlaqələrdən söz açaraq deyib: “Zənnimcə, insanlar arasında canlı, səmimi və mehriban münasibətlər başlıca məsələdir. Azərbaycan həmişə müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı ölkə olub”. Leyla Əliyevanın sözlərinə görə, Azərbaycandakı məktəblərdə rus dilinin tədrisi tam həcmdə saxlanılıb, Rus Dram Teatrı, Rusiya Mədəniyyət Mərkəzi, MDU-nun filialı fəaliyyət göstərir. RAGT-ın başçısı deyib: “Cənubi Qafqazda ən böyük rus diasporu bizdədir. Zənnimcə, bu, hər iki tərəf üçün çox dəyərlidir, çünki mədəni müxtəliflik xalqları birləşdirir, dostluğu möhkəmləndirir”.

Leyla Əliyeva konfransda əla oxuduqlarına görə “RAGT əlaçısı” illik mükafatını təqdim etmək üçün Rusiyanın ali məktəblərində təhsil alan azərbaycanlı birinci kurs tələbələri ilə görüşüb.

Forumda Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) və IDEA Beynəlxalq Ekoloji Kampaniyası (təşəbbüskarı Leyla Əliyevadır) arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Ekologiya mövzusu “Təmiz gələcək naminə məsuliyyət” adlı tematik seksiyanın əsas mövzularından biri olub. Seksiyada BMT-nin Ətraf Mühit Proqramının (UNEP) nümayəndələri iştirak ediblər. “İnternet, sosial media və gənclər” və “Multikulturalizmə alternativ yoxdur” mövzusunda digər işçi qrupların iclasları da böyük maraqla qarşılanıb.