Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) və Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) ilə birlikdə Moskvada və Rusiyanın 20-dən çox regionunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində irimiqyaslı xeyriyyə aksiyaları keçirilib.[devider]
Hər zaman kimsəsiz, valideyn himayəsindən məhrum olan uşaqlara diqqət və qayğı ilə yanaşan Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi bu dəfə də öz ənənəsinə sadiq qalaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Moskvanın 2, 8, 11, 23 və 43 nömrəli uşaq evi-internat məktəblərinə, Rusiya Tibb Elmləri Akademiyasının Petrovski adına Elmi Cərrahiyyə Mərkəzinə, həmçinin “Yujnoye Butovo” əlil uşaqların Sosial Reabilitasiyası Mərkəzinə hədiyyələr göndərib.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Moskvanın bir neçə uşaq evinə gələrək Şaxta baba, Qar qız və digər nağıl qəhrəmanlarının iştirakı ilə əsl bayram tədbirləri təşkil ediblər. Qayğıya və diqqətə ehtiyacı olan uşaqlara Leyla Əliyevanın Yeni il bayramı münasibətilə təbrikləri çatdırılıb. Şaxta babanın və Qar qızın iştirakı ilə maraqlı bayram proqramından sonra balacalara hədiyyələr təqdim olunub.
Hədiyyə zənbilinə Şərq şirniyyatı, meyvələr, kitablar, oyuncaqlar qoyulub. Hər bir uşaq evinə kompyuter, printer və digər hədiyyələr təqdim edilib.
Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın digər regionlarında - Sankt-Peterburq, Yekaterinburq, Vladimir, Tula, Kaluqa, Tver, Kirov, Voronej, Çelyabinsk, Lipetsk, Tümen, Yaroslavl vilayətlərində, habelə Udmurtiyada da bu cür xeyriyyə aksiyaları keçirilib.
Fondun aksiyalarının keçirildiyi 2 və 43 nömrəli internat məktəblərinin direktorları Nadejda Xrikina və Qalina İvanova, habelə digər uşaq evlərinin rəhbərləri mənəvi dəstəyə ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.