Leyla Əliyeva “İzvestiya” qəzetinə müsahibə verib
30/04/2009

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təsis konfransından sonra Leyla Əliyevadan aldığımız musahibəni sizə təqdim edirik.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı rəsmi nümayəndəsi Leyla Əliyevanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 28-də Tver vilayətində rəsmi səfərdə olub.

SUAL: Böyük adamın nəvəsi olmaq özü böyük məsuliyyətdir. Lakin əgər sən özünü ictimai-siyasi həyatda sınayırsansa, bu məsuliyyət daha da artır, bu fəaliyyətlə öz Vətəninin hüdudlarından kənarda məşğul olanda isə yüksək psixoloji təzyiq birə-yüz artır. Leyla xanım, məlum olduğu kimi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) yaradılmasının təşəbbüsünü irəli sürən Siz olmusunuz. Bu rəmzi adın arxasında nə dayanır?

CAVAB: Bu, ilk növbədə, Rusiyada yaşayan azərbaycanlı gəncləri birləşdirməyə yönəlmiş könüllü və hamı üçün açıq olan ictimai təşkilatdır. Qısa və sadə dildə desək, RAGT həmin gənclərdə vətənpərvərlik duyğuları və eyni zamanda, milliyyətindən, yaşından, dini əqidə və başqa fərqlərdən asılı olmayaraq, bütün insanlara münasibətdə dözümlülük tərbiyə etməyə yardımçı olmağı planlaşdırır. Öz milli mədəniyyətini, dilini, adət-ənənələrini qoruyub saxlamaq problemi Rusiyada yaşayan həmvətənlərimiz, xüsusən də gənclər üçün çox aktualdır. Rusiya ali məktəbləri nəzdində yaradılmış azərbaycanlı gənclər klubları və onların bazasında formalaşmış RAGT bu məsələlərin həllinə kömək edir.

Gənc azərbaycanlıların yaşadığı, təhsil aldığı, işlədiyi çoxmillətli Rusiyanın reallıqlarına inteqrasiya olunmasına kömək etmək RAGT-nin fəaliyyətinin prioritet istiqaməti olacaqdır. Biz elə etməliyik ki, azərbaycanlı gənclərin rusiyalı yaşıdları ilə bütün əlaqələri həmişə xeyirxah əlaqələr olsun.

SUAL: Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının yaradılması ideyası nə vaxt və necə əmələ gəlmişdir?

CAVAB: Bu ideya birdən-birə və gözlənilmədən yaranmamışdır. Mən Moskvanın, Sankt-Peterburqun və Rusiyanın digər şəhərlərinin müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə tez-tez görüşürdüm. Onların qayğı və problemləri, istəkləri ilə tanış idim. Bu görüşlərdə gənclər daha çox və daha sıx ünsiyyətdə olmaq arzularını bildirirdilər, onların hamısını birləşdirən, bizim kommunikasiyamızın özəyi və stimulu olacaq, mühüm sosial layihələrdə fəal iştirak etməyə imkan verəcək daimi təşkilatın yaradılması barədə təkliflər tez-tez səslənirdi. Biz gənclər fəal insanlarıq. İstəyirik ki, yaşıdlarımızın mühitində bizə ehtiyac olduğunu dərk etməklə yanaşı, həm də cəmiyyətə, ölkəyə, dünyaya faydalı insanlar olduğumuzu hiss edək. Bir qədər təmtəraqlı və pafoslu səslənsə də, belədir. Təşkilat yaratmaq ideyası, bax, beləcə doğmuşdu.

Əvvəlcə Moskvada təhsil alan azərbaycanlı tələbələrin klubları yaradılırdı. Moskvada azərbaycanlı tələbə gənclərin ilk klubu iki il bundan əvvəl Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda yaradılmışdı. Sonra Rusiya paytaxtında ölkəmizdən olan tələbələrin təhsil aldığı başqa ali məktəblərdə - MDU-da və Rusiya Xalqlar Dostluğu Universitetində, Diplomatik Akademiyada, Tibb Akademiyasında və Vergi Akademiyasında bu cür klublar yaradılmağa başlandı. Əvvəlcə bu, yalnız Moskvada baş verirdi, bir müddətdən sonra isə Rusiyanın müxtəlif şəhərlərində bu cür klublar yaradıldı. Gələcək Ümumrusiya təşkilatının konturları artıq hiss olunurdu. Bununla yanaşı, gələcək RAGT-nin fəaliyyət proqramı da hazırlanır, dəqiqləşdirilirdi. Lakin artıq qeyd etdiyim kimi, əsas məqsəd lap əvvəldən aydın və müəyyən idi.

SUAL: Rusiyada azərbaycanlı gənclərin cəmi neçə klubu var?

CAVAB: Bu gün onların sayı əllidən çoxdur. Lakin bu klubların yaranması davam edir. Onların yaranma şəraiti nə qədər oxşar olsa da, hər halda, onlar Rusiyanın müxtəlif regionlarında yaradılırdı və buna görə də həmin klubların hər biri onların fəaliyyət göstərdiyi regionlar üçün səciyyəvi xüsusiyyətlərlə fərqlənir. Bu da təəccüblü deyil, ona görə ki, məsələn, Tver vilayətində həyatın reallıqları Amur vilayətindəkindən, İvanovodakı şərait Ural regionundakından fərqlənir. Sankt-Peterburq və Blaqoveşşenskdə, Saratov və Murmanskda, Samara, Kazan və Ufada ictimai ab-hava müxtəlifdir. Buna görə də azərbaycanlı gənclər klubları bir-birinin fəaliyyətini kor-koranə təkrarlamır, konkret vəziyyətə və şəraitə uyğun olaraq inkişaf edirlər.

SUAL: Siz Moskvanın və Moskva vilayətinin hüdudlarından kənarda yaradılmış azərbaycanlı gənclər klublarında tez-tez olursunuzmu?

CAVAB: Əlbəttə. Mən İvanovo, Tula, Tver vilayətlərinin gəncləri ilə görüşlərə getmişəm. Onların problemlərini öyrənməyə çalışmışam və imkan daxilində bu problemlərin həllinə kömək etmişəm. Bizim klubların fəaliyyət göstərdiyi regionların administrasiyalarının rəhbərləri ilə də görüşmüşəm. Biz bu qənaətə gəlmişik ki, iş düzgün təşkil edilsə, həmin klublar bu və ya digər regionun gəncləri qarşısında duran məsələlərin həllində fəal iştirak edərlər. Bilirsinizmi, mənə elə gəlir ki, müsahiblərim də məni düzgün başa düşürlər. Hər halda bizim təşəbbüsləri dəstəkləməkdən imtina halları olmamışdır.

SUAL: Sizin fikrinizcə, RAGT, ilk növbədə, hansı problemin həllinə kömək edə bilərdi?

CAVAB: Mən istəyirəm ki, Rusiyadakı azərbaycanlı gənclər öz soy-köklərini unutmasınlar, doğma diyarımızı sevsinlər və Vətənə faydalı olmağa çalışsınlar.

İstəyirəm ki, bu gənclər Azərbaycan mədəniyyətini təbliğ etsinlər, onu populyarlaşdırsınlar. İnanın ki, bizim fəxr etməyə və dünyaya göstərməyə layiq cəhətlərimiz var. RAGT bizim gənc həmvətənlərimizin Rusiyada özlərini tənha hiss etməmələrinə kömək edəcək, onların çoxmillətli Rusiya cəmiyyətinə inteqrasiyasına şərait yaradacaqdır. Əminəm ki, burada böyük problemlər yaranmamalıdır. Səbəbini izah edim: Azərbaycanı hələ sovet dövründə də SSRİ-nin ən beynəlmiləl respublikası adlandırırdılar. Burada müxtəlif millətlərin və xalqların nümayəndələri sülh və mehribanlıq şəraitində yaşayırdı. Heç kəs özünü yad hiss etmirdi. Bu, yalnız ölkənin yerli əhalisinə - Azərbaycan xalqına xas olan təbii tolerantlıq sayəsində mümkün idi. Buna görə də əminəm ki, qonşularının mədəniyyətinə və adətlərinə hörmət ənənələri əsasında tərbiyə olunmuş Azərbaycan gəncləri Rusiyada asanlıqla öz yerini tapa biləcəklər. Əminəm ki, RAGT azərbaycanlı gəncləri sıx birləşdirəcək, onların cəmiyyətdə layiqli yer tutmasına, hətta Azərbaycanın hüdudlarından kənarda da Vətən üçün faydalı insanlar olmasına kömək edəcək. Onu da qeyd etmək istəyirəm ki, mən RAGT-yə daxil olmayan, lakin bizim mədəniyyətin Rusiyada təbliğ olunmasına kömək etməyə hazır olan başqa təşkilatlara da hörmət bəsləyirəm. Mən onların seçiminə hörmət edirəm və onlarla əməkdaşlıq etməyə, onları dəstəkləməyə hazıram.

SUAL: Sizin təşkilatın bəzi aksiyaları barədə söhbət edə bilərsinizmi?

CAVAB: Məmnuniyyətlə. Biz beynəlmiləl əməkdaşlığa istiqamətlənmiş konfranslar, “dəyirmi masa”lar keçiririk. Məsələn, Plexanov adına Rusiya İqtisad Akademiyasında “Azərbaycan mədəniyyəti həftəsi” təşkil etmişik, Rusiya Dövlət İqtisad Universitetində xalqlar dostluğu klubu yaratmışıq və festivalda iştirak etmişik. Rusiyalı tələbələrin keçən il yayda Bakıda keçirilmiş “Azərbaycan sivilizasiyaların qovuşuğunda” mövzusunda seminar, MDU-da “Müasir mərhələdə Azərbaycan Respublikasının gənclər siyasəti” mövzusunda konfrans da bizim təşəbbüsümüzlə təşkil edilmişdir. MDU-da, MDBMİ-də, Vergi Akademiyasında, Rusiya Xalqlar Dostluğu Universitetində və Plexanov adına Akademiyada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş fotosərgini xüsusi qeyd etmək istəyirəm. RAGT MDBMİ-nin tələbə və aspirantlarının MDBMİ-nin və Azərbaycan Respublikası Diplomatik Akademiyasının birgə təşkil etdiyi gənc alimlərin konfransında istirak etmək üçün Bakıya gəlməsinə kömək etmişdir. Bunları yəqin etmək üçün bizim təşkilatın internet saytına daxil olmağınızı və rusiyalı gənclərin bu seminar barədə rəylərini oxumağınızı təklif edirəm. Onda asanlıqla görərsiniz ki, bu cür birlik və əməkdaşlıq gənclərə çox lazımdır. Axı, bu dünyanı məhz biz gənclər qurmalı, orada biz yaşamalıyıq.

SUAL: Yəqin ki, bunlar RAGT-nin fəaliyyətinin yeganə istiqaməti deyil?

CAVAB: Düzdür, biz xeyriyyə tədbirlərinə böyük diqqət yetiririk. Bununla əlaqədar, “Qanın milləti yoxdur” aksiyasını xatırlatmaq yerinə düşər. RAGT həmin aksiyanı B.V.Petrovski adına Rusiya Cərrahiyyə Elmi Mərkəzi ilə birlikdə təşkil etmişdi. Azərbaycanlı gənclər təmənnasız olaraq qan təhvil vermiş və ümid edirik ki, həmin qan neçə-neçə insanı xilas etmişdir. Bundan əlavə, biz təhsil proqramlarına da kömək edirik.

SUAL: Siz 2008-ci ildən bəri təkcə ictimai xadim və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Rusiyadakı azərbaycanlı gənclərin lideri kimi tanınmaqla bərabər, həm də “Baku” jurnalının baş redaktoru kimi uğurlu debüt etdiniz. Bu layihə barədə bir qədər ətraflı danışardınız.

CAVAB: İlk növbədə qeyd etməliyəm ki, mən özümü sizin dediyiniz kimi “Azərbaycanlı gənclərin lideri” hesab etmirəm. Mən həmin gənclərin nümayəndələrindən biriyəm. Bütün gənc həmvətənlərim kimi mən də öz ölkəmi sevirəm, onun qədim mədəniyyətinə hörmət bəsləyirəm və istəyirəm ki, bu mədəniyyət bütün dünyanın sərvəti olsun. Mən öz rolumu bizim mədəniyyətin ən yaxşı təzahürlərini, ən parlaq cəhətlərini, mənəvi dəyərlərimizi təbliğ etməkdə görürəm. Biz hamımız öz Vətənimizə eyni dərəcədə faydalı olmağa çalışırıq. Jurnal məsələsinə gəldikdə isə haqlısınız. Belə bir jurnal təsis etmək ideyası, həqiqətən, Azərbaycanı və onun paytaxtını Rusiya oxucularına təqdim etmək arzusundan irəli gəlmişdir. “Baku” Rusiyada Azərbaycan mədəniyyətindən, bu ölkənin adət və ənənələrindən bəhs edən yeganə nəşrdir. Redaksiyamız “Baku” jurnalının hər yeni nömrəsinin oxucularının ölkəmizi yenidən “kəşf etməsi”, onun zəngin tarixi ilə tanış olması üçün əlindən gələni etməyə çalışır. Biz rusiyalıları Odlar diyarının Yer kürəsinin müxtəlif guşələrində yaşayan ən layiqli nümayəndələri ilə tanış edirik. Bilirsinizmi, insanlar və ölkələr bir-birini kifayət qədər başa düşmürlər. Ona görə də, jurnalımız hər bir oxucunun qəlbinə yol tapmağa çalışır. “Baku” jurnalında dərc edilən məqalələri oxuyun, onda başa düşərsiniz ki, bizim şəhərlər arasında ortaq cəhətlər çoxdur. Deməli, bizim xalqların da ümumi maraq sahələri tapması münaqişə üçün bəhanə tapmaqdan asandır. Təsadüfi deyil ki, bu nəşrin devizi belədir: “Bakı Şərq ilə Qərbin görüşdüyü məkandır”. İnanırıq ki, bu ünsiyyət və quruculuq naminə görüş xoş görüşdür.

Aleksey POTAPOV.