Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Fevralın 24-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan “Dostluq parkı”nın və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Əvvəlcə Leyla Əliyeva Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç və qızı Yasmina İzetbeqoviç ilə görüşüb.
Görüşdə Sarayevoda “Dostluq parkı”nın açılışına görə təşəkkür bildirildi, bu tədbirin iki xalq arasında əlaqələrin genişləndirilməsinə xidmət etdiyi vurğulandı. Gələcək əməkdaşlığın müzakirə olunduğu görüşdə Heydər Əliyev Fondunun Bosniya və Herseqovinada həyata keçirdiyi humanitar layihələrin əhəmiyyəti xüsusi qeyd edildi.
Sonra Bosniya və Herseqovinanın rəsmi şəxslərinin, ictimai-siyasi xadimlərinin, mədəniyyət işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Sarayevoda yenidən qurulan “Dostluq parkı”nın açılışı oldu.
Dobrinya çayının sahilində yerləşən və əvvəllər baxımsız ərazi olan bu park indi Sarayevonun ən gözəl istirahət məkanlarından birinə çevrilib. Ötən ilin noyabrında başlanılan yenidənqurma işləri bir hektara yaxın ərazidə aparılıb. Parkda müasir və orijinal memarlıq quruluşundan istifadə edilmiş, yaşıllıqlar salınmış, burada Sarayevo sakinlərinin istirahəti üçün müxtəlif pavilyonlar qurulmuş, hər cür şərait yaradılıb.
Leyla Əliyeva Bosniya və Herseqovinada 1992-1995-ci illər müharibəsinin və 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin açılışında iştirak etdi.
Heykəltəraş Natiq Əliyevin müəllifi olduğu abidə iki dərdli ananın - yaşlı və cavan qadının obrazını əks etdirir. “Xocalıya ədalət” kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikasının maliyyə dəstəyi, Sarayevonun Novi Qrad bələdiyyəsinin və Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyinin dəstəyi ilə reallaşan bu layihə Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində faciənin əsl mahiyyəti ilə bağlı həqiqətlərin təbliğinə xidmət edən mühüm hadisədir.
Mərasimdə çıxış edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç xalqlarımızın tarixi münasibətlərindən danışdı. Hər iki ölkədə paytaxt şəhərlərinin adlarına küçələrin olduğunu diqqətə çatdıran B.İzetbeqoviç bildirdi ki, Leyla Əliyevanın bu təşəbbüsü dostluq əlaqələrini daha da gücləndirəcək. “Bu abidə Azərbaycan ilə Bosniya və Herseqovinanın ağır günlərinin rəmzidir”, - deyən B.İzetbeqoviç Heydər Əliyev Fondunun Bosniya və Herseqovinada gördüyü işləri yüksək qiymətləndirdi və öz xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi.
Bosniya və Herseqovinanın nəqliyyat və rabitə naziri Damir Haciç ölkələrimiz arasında diplomatik münasibətlərin qurulması tarixindən danışdı, Azərbaycanın inkişafında ulu öndər Heydər Əliyevin xidmətlərini vurğuladı. Xocalı faciəsi ilə bağlı onlarda kifayət qədər dolğun məlumatların olduğunu deyən D.Haciç bu layihəyə görə Azərbaycan dövlətinə və xalqına təşəkkürünü bildirdi.
Leyla Əliyeva isə Bosniya və Herseqovinanın rəhbərliyinə, o cümlədən Azərbaycan xalqının kədərini bölüşən bu ölkənin xalqına minnətdarlığını bildirdi. O, 20 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırımı nəticəsində 613 dinc sakinin qətlə yetirildiyini diqqətə çatdırdı: “Xocalıda baş verənlərin ağrısı bu günədək hiss olunur. Əfsuslar olsun ki, bu, dünyanın digər hissələri üçün də acınacaqlı nəticələr vermişdir. Azərbaycan coğrafi baxımdan Avropa ilə Asiya arasında yerləşir və insanlığa qarşı bu cinayət XX əsrin sonlarında, düz Avropanın kəndarında törədilmişdir. Bu dəhşətli qətliam zamanı Xocalının 613 dinc sakini qətlə yetirilmişdir. Heydər Əliyev Fondu və “Xocalıya ədalət” kampaniyası Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağı qarşısına məqsəd qoymuşdur”.
Leyla Əliyeva bildirdi ki, hazırda bu kampaniya dünyanın 50 ölkəsində həyata keçirilir və onun fəallarının yorulmaz əməyinin nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Xocalıda törədilmiş vəhşilikləri soyqırımı kimi tanınıb. Bundan əlavə, Xocalı dəhşətləri Meksika və Pakistan parlamentləri tərəfindən də soyqırımı kimi qəbul olunub.
Leyla Əliyeva kampaniya çərçivəsində Xocalı soyqırımına dair kitab, buklet, disklərin hazırlandığını, dünyanın hər yerində müxtəlif tədbirlərin həyata keçirildiyini bildirdi: “Bu gün etdiklərimizin heç biri Xocalı soyqırımının yaralarını sağalda bilməz. Bizim edə biləcəyimiz yalnız həmin dəhşətli tarixi yad etmək və qətliam zamanı öldürülən və ya ömürlük əlil olan uşaq, qadın və kişiləri unutmamaqdır”.
Sonra Srebrenitsa və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sarayevonun meri Aliya Behmen çıxış edərək ölkələrimizin əməkdaşlıq əlaqələrinin iqtisadi, mədəni və humanitar sahələrdə uğurla inkişaf etdiyini dedi. Mer bu parkın salınması və burada abidənin ucaldılması ilə bağlı Heydər Əliyev Fondunun təşəbbüsünü yüksək qiymətləndirdi.
Daha sonra A.Behmen Bakı ilə Sarayevo arasında əlaqələrin inkişafına göstərdiyi dəstəyə, o cümlədən park ilə bağlı layihənin reallaşmasına görə təşəkkürnaməni Leyla Əliyevaya təqdim etdi.
Bosniya və Herseqovina-Azərbaycan Dostluq Assosiasiyasının sədri Cenita Özgüner çox qısa vaxtda Azərbaycan tərəfindən ölkəsində mühüm layihələrin reallaşdırdığını vurğuladı. “Bu abidə hər iki ölkənin tarixini əks etdirir”, - deyən C.Özgüner ermənilərin tarixi saxtalaşdırmağa çalışdığını, bununla da dünya ictimaiyyətini çaşdırmağa cəhd etdiyini bildirdi.
Bosniya və Herseqovinanın İslam Cəmiyyətinin baş müftisi Mustafa Tseriç isə ədalətsizliyə və haqsızlığa qarşı mübarizə mükafatını, o cümlədən kimsəsizlərə əl tutmağa görə təşəkkürnaməni Leyla Əliyevaya təqdim etdi.
“Dostluq parkı”nın ən mühüm elementlərindən biri də burada eyni adlı körpünün inşasıdır. Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə tikilən körpü “Dostluq parkı” ilə üzbəüz yerləşən Dobrinya Təhsil Kompleksində oxuyan gənclər üçün böyük hədiyyədir. Bu körpü vasitəsilə onlar parka gəlib istirahət edə və Xocalı soyqırımı ilə bağlı həqiqətləri daha yaxından öyrənə bilərlər. Körpünün dizaynında Azərbaycanın və Bosniya-Herseqovinanın milli ornamentlərindən istifadə olunub.
Sonra tədbir Dobrinya Təhsil Kompleksində davam etdirilib. Leyla Əliyeva burada 1992-1995-ci illərdə Bosniya və Herseqovinada gedən qanlı hadisələrdə həlak olan ən gənc müharibə qurbanının xatirəsinə qoyulan lövhəyə baxdı.
Burada təşkil olunmuş görüşdə kompleksin Humanitar Təmayüllü Gimnaziyasının direktoru Sabina Miskin təhsil ocağı haqqında ətraflı məlumat verdi, Leyla Əliyevaya bu təhsil ocağına gəldiyinə görə təşəkkürlərini bildirdi.
İdman Təmayüllü Gimnaziyanın direktoru Seyad Şenderoviç isə Xocalı soyqırımını bəşəriyyətə qarşı cinayət adlandırdı.
Novi Qrad rayonunun meri Aner Şuman ölkələrimizin dostluq əlaqələrinin möhkəm bağlarla birləşdiyini bildirdi.
Leyla Əliyeva təhsil ocağında çıxış edərək 1990-cı illərin faciəli hadisələrindən sonra Sarayevonun dirçəlməsindən və yenidən Balkanların mirvarisinə çevrilməsindən şad olduğunu vurğuladı.
Heydər Əliyev Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə danışan Leyla Əliyeva indiyə qədər Fondun xətti ilə Azərbaycanda 400 məktəbin tikildiyini, mədəniyyət və səhiyyə sahəsində mühüm layihələrin reallaşdığını, Talassemiya Mərkəzinin inşa edildiyini, bütün dünyanı əhatə edən Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünə (IDEA) start verildiyini bildirdi. O, hazırda Heydər Əliyev Fondunun əsas məqsədlərindən birinin dünya ictimaiyyətini Xocalı soyqırımı haqqında daha çox məlumatlandırmaq olduğunu söylədi: “1992-ci il fevralın 26-da erməni hərbi birləşmələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə hücumu zamanı 613 dinc sakin qətlə yetirildi. Onların arasında 106 qadın, 63 uşaq və 70 ahıl insan da vardır. Bu qətliam həmişə Azərbaycan xalqının ürəyində bir iz kimi qalacaq və biz bu dəhşətli soyqırımının qurbanlarını heç vaxt unutmayacağıq”.
Daha sonra Leyla Əliyeva gəncləri və ictimaiyyət nümayəndələrini maraqlandıran sualları cavablandırdı. Xocalı soyqırımı barədə ətraflı məlumat verən Heydər Əliyev Fondunun vitse-prezidenti Fondun bu faciə ilə bağlı layihələr həyata keçirdiyini, “Xocalıya ədalət” kampaniyasının bir çox ölkələri əhatə etdiyini, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Xocalı soyqırımını tanıdığını vurğuladı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində respublikamızın üzləşdiyi problemlərdən danışan Leyla Əliyeva ölkəmiz, onun siyasi, iqtisadi uğurları, Heydər Əliyev Fondunun gələcək planları, “Baku” jurnalının fəaliyyəti, bu il Bakıda keçiriləcək “Eurovision” beynəlxalq mahnı müsabiqəsinə hazırlıqla bağlı da ətraflı məlumat verdi.
Görüşün iştirakçıları Leyla Əliyevadan Srebrenitsa faciəsində yaxınlarını itirən analar adından parkda abidənin ucaldılmasına görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını çatdırmağı xahiş etdilər.
Yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan bu tədbirlər çərçivəsində Dobrinya Təhsil Kompleksində Xocalı soyqırımını əks etdirən fotolardan ibarət sərgi də təşkil olunub.