Leyla Əliyeva ÜAK Mərkəzi Şurasının iclasında iştirak edib
05/02/2013

Fevralın 5-də Moskvanın “Prezident” hotelində Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Mərkəzi Şurasının növbədənkənar iclası keçirilib. İclasda Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva iştirak edib. 

Tədbirdən əvvəl ÜAK Rəyasət Heyətinin üzvləri – Azərbaycanının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov, İTAR-TASS Agentliyi baş direktorunun birinci müavini Mixail Qusman və Rusiyadakı Azərbaycan diasporunun nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə bir sıra əhəmiyyətli məsələlər müzakirə olunub.

Sonra geniş tərkibdə keçirilən iclası ÜAK-ın prezidenti, akademik Məmməd Əliyev açaraq Azərbaycan diasporunun nümayəndələrini salamlayıb.

Azərbaycan və Rusiyanın dövlət himnləri səslənib, ÜAK-ın 2012-ci ildə fəaliyyətini əks etdirən film nümayiş olunub.

Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev konqresin Rəyasət Heyətinin iclasında ÜAK-ın növbədənkənar qurultayının keçirilməsi məsələsinin müzakirə edildiyini söyləyib.

ÜAK-ın prezidenti Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanova konqresin aparatının icraçı direktor vəzifəsinin təklif olunduğunu diqqətə çatdırıb. Qüdsi Osmanov öz növbəsində Rusiyanın Azərbaycan diasporu ilə işləməyin böyük şərəf olduğunu bildirib. O, fəxri və baş konsul işlədiyi müddətdə Rusiyanın 60-dan çox regionuna səfərləri zamanı Azərbaycan diasporunun fəal üzvləri ilə mütəmadi görüşlər keçirdiyini, diaspor təşkilatlarının rəhbərləri ilə dostluq münasibətlərinin olduğunu söyləyib. Q.Osmanov hazırda baş konsul vəzifəsində çalışdığını və təkliflə bağlı müvafiq qərarın məsləhətləşmələrdən sonra veriləcəyini bildirib.

Konqresin İcra Aparatının rəhbəri Nemət Nağdəliyev isə hesabat məruzəsi ilə çıxış edib. O, 2011-ci ilin iyununda keçirilmiş sonuncu qurultaydan sonra konqresin gördüyü işlərdən danışıb, qarşıya qoyulan bir sıra layihələrin həyata keçirildiyini qeyd edib. N. Nağdəliyevin sözlərinə görə, ötən dövr ərzində ÜAK real qüvvəyə malik böyük və nüfuzlu ictimai təşkilata çevrilib. Konqres Rusiyanın ictimai həyatında fəal iştirak edir, dövlət qurumları və ictimai təşkilatlarla yaxşı əlaqələr qurub, həmvətənlərimizin milli özgürlüyünü, dilini, mədəniyyətini və ənənələrini qoruyub saxlamasına kömək edir. N. Nağdəliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ÜAK-ın yaradılmasında və Rusiyada yaşayan soydaşlarımız üçün ümumi evə çevrilməsində rolunu xüsusi vurğulayıb.

Ümumrusiya Azərbaycan Konqresinin regional bölmələrinin rəhbərləri ötən dövr ərzində görülən işlərdən, qarşıda duran vacib vəzifələrdən danışıblar. Qeyd olunub ki, regionlarda konqresin işinin təkmilləşdirilməsi üçün bundan sonra da müvafiq addımlar atılacaq.

Sonda ÜAK-ın 2013-cü il üçün nəzərdə tutulmuş tədbirlər planı müzakirə olunub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar kompleks tədbirlərin təşkil edilməsinin prioritet məsələlər sırasında olduğu vurğulanıb. Ötən il ÜAK Heydər Əliyev adına mükafat təsis edib və mükafat Rusiyanın ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında xidmətləri olan nüfuzlu şəxslərinə təqdim ediləcək.