Azərbaycanın Rusiyadakı səfirliyi, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi, Ümumrusiya Azərbaycanlılar Konqresi, Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) İslam Konfransı Təşkilatının Gənclər Forumu ilə birlikdə “Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyası çərçivəsində ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri faciənin 19-cu ildönümünə həsr edilmiş konfrans keçiriblər.
“Prezident-hotel” mehmanxana kompleksinin “Bolşoy Petrovski” zalında keçirilmiş konfransda Xocalı faciəsi haqqında həqiqətin, bu barədə obyektiv informasiyanın dünya ictimaiyyətinə çatdırılmasına və təqsirkarların məsuliyyətə cəlb edilməsinə yönəlmiş “Xocalıya Ədalət” kampaniyası çərçivəsində görülmüş işlər müzakirə edilib.
Konfransın rəsmi hissəsini İKT Gənclər Forumunun baş katibi Elşad İsgəndərov açıb. O, Azərbaycanın bu məsələdə haqlı mövqeyini dəstəkləyən konfrans iştirakçılarına təşəkkürünü bildirib, qeyd edib ki, “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının məqsədi yalnız Xocalı faciəsinin deyil, başqa etnik təmizləmələrin də qurbanları üçün ədalətə nail olmaqdır.
Sonra kampaniyanın təşəbbüsçüsü, RAGT-ın sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti, İKT Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyeva çıxış edib.
Leyla Əliyeva bildirib ki, Xocalının dinc sakinlərinə qarşı törədilmiş, günahsız insanların, o cümlədən uşaqların, qadınların və qocaların həyatına son qoymuş soyqırımı aktı yaddaşlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixində ən dəhşətli və qanlı faciə kimi həmişəlik qalacaq: “Bu gün bu zalda iştirak edənlər, eləcə də “Xocalıya Ədalət” beynəlxalq kampaniyasını dəstəkləyən milyonlarla insan bu faciəyə beynəlxalq birlik tərəfindən hansı hüquqi, mənəvi və insani qiymət verilməsinə əsla biganə qala bilməz. Xocalıda törədilmiş cinayətin icraçıları və sifarişçilərinin indiyə qədər layiqli cəza almaması dəhşətli haqsızlıqdır. Bizim kampaniyanın məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qaçqınların və məcburi köçkünlərin düşdüyü ağır vəziyyət haqqında bütün həqiqəti dünya birliyinə çatdırmaqdır. Torpaqlarımız hələ də işğal altındadır, erməni cəlladlar öz tamahkar məqsədlərinə çatmaq üçün günahsız insanları amansızcasına qətlə yetirmişlər. Xocalı faciəsinin beynəlxalq birlik tərəfindən insanlığa qarşı cinayət və soyqırımı aktı kimi tanınmasına nail olmaq hər bir azərbaycanlının vəzifəsi, o cümlədən mənim də vəzifəmdir. Bu cinayət bir daha təkrarlanmamalıdır”.
Leyla Əliyeva bildirib ki, Heydər Əliyev Fondu hər il dünyanın 70 ölkəsində Xocalı faciəsinə həsr edilmiş tədbirlər keçirir. Fond konfranslar, xatirə gecələri təşkil edir, kitablar, bukletlər dərc edir, DVD-disklər buraxır, filmlər çəkir. 2008-ci ildə başlanmış “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində bütün dünyada yüzlərlə aksiya keçirilir. Avropa İttifaqının üzvü olan dövlətlərin demək olar ki, hamısında, MDB, Asiya, Cənubi və Şimali Amerika ölkələrində konfranslar, seminarlar, piketlər təşkil olunur. Bu kampaniya sayəsində bir sıra beynəlxalq forumlar Xocalı faciəsini tanıyıb. Bir ay bundan əvvəl Fondun və İKT Gənclər Forumunun təşəbbüsü ilə 31 ölkənin deputatları Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanıyıblar. Bu gün dünyanın 20 ölkəsində aparıcı universitetlər arasında gənclərin fleşmobları keçirilir: “Bununla bərabər, keçən il bizim kampaniyanın yeni mərhələsi – dövlət və hökumət başçılarına, ATƏT-in Minsk qrupuna, AŞPA-ya, BMT Baş Katibliyinə, dünya parlamentlərinə və beynəlxalq təşkilatlara ünvanlanmış, bu faciəni soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanımaq tələbi irəli sürülən petisiya və müraciətlər yayılması mərhələsi başlanmışdır. Petisiyanın mətni saytımızda yerləşdirilmişdir və artıq 140 mindən çox insan həmin mətni imzalamışdır”.
Leyla Əliyeva bildirib ki, bu gün təşkilat öz saytının daha dolğun və maraqlı olan yeni versiyasını təqdim edir: “Bu gün biz Robert Arakelovun kitabını da təqdim edirik, Bu kitabda Xocalı faciəsi haqqında obyektiv və düzgün informasiya verilir. Rəmzi haldır ki, bizim kampaniyanın ən mühüm tədbirlərindən biri dalbadal neçənci ildir ki, Moskvada keçirilir. Axı Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini tənzimləmək potensialına malikdir və bu məsələdə müsbət rol oynaya bilər. Rusiya cəmiyyətinin nümayəndələri birincilər sırasında Xocalıya gedənlərdən və vəziyyəti obyektiv qiymətləndirənlərdən olmuşlar. Buna görə də biz bu gün bu zalda Rusiya cəmiyyətinin nümayəndələrini görməyə şadıq, kədərimizə şərik olduqlarına və bizi dəstəklədiklərinə görə onlara ürəkdən təşəkkür edirik. Bu dəhşətli cinayətə heç cür haqq qazandırmaq olmaz, Azərbaycan xalqı bu faciəyə böyük ürəkağrısı ilə tab gətirmişdir və biz bu cür faciənin bir daha təkrarlanmasına yol verə bilmərik”.
Leyla Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə dinc yolla öz həllini tapacağına, Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyinə, qaçqınlar və məcburi köçkünlər öz doğma torpaqlarına, öz evlərinə qayıdacaqlarına ümid etdiyini söyləyib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xocalı faciəsinə həsr edilmiş beynəlxalq kampaniyanın əhəmiyyəti və ölkə rəhbərliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli tənzimlənməsinə yönəlmiş fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib.
ÜAK-ın prezidenti Məmməd Əliyev, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova, Ural Federal Universitetinin Avropa tədqiqatları kafedrasının müdiri, professor Aleksandr Nesterov, “Xocalıya ədalət” kampaniyasının Moskva üzrəəlaqələndiricisi Kristina Mojayeva və rusiyalı politoloq Aleksey Vlasov öz çıxışlarında xalqımızın faciəsi barədə həqiqətin dünyaya çatdırılması üçün ölkəmizin informasiya siyasətinin müxtəlif aspektlərinə toxunub, ədalətli olmağa, bu qanlı cinayətin təqsirkarlarını beynəlxalq hüquq və ümumbəşəri normalar çərçivəsində məsuliyyətə cəlb etməyə çağırıblar.
Tədbir iştirakçıları www.justiceforkhojaly.org saytında yerləşdirilmiş petisiya ilə tanış olub və sənədi imzalayıblar.
Tədbirdə 600-dən çox qonaq, o cümlədən Türkiyənin və Paraqvayın RF-dəki səfirləri, Moskvada akkreditə edilmiş diplomatik missiyaların, Rusiya XİN-in, ziyalıların, paytaxtın elmi və yaradıcı dairələrinin, Azərbaycan diasporunun, KİV-lərin nümayəndələri, habelə Moskva və regionların ali məktəblərinin tələbələri iştirak ediblər.
Tədbir iştirakçılarına Robert Arakelovun “Erməni ziyalısının etirafı” kitabının nüsxələri paylanılıb.
Onu da qeyd etmək lazımdır ki, gənclər Heydər Əliyev Fondunun və RAGT-ın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyasını Rusiyanın 27 regionunda davam etdiriblər.