Sentyabrın 12-də Həştərxanda Azərbaycan və Rusiya Dostluq Körpüsünün təntənəli açılışı olub. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva iştirak edib.
Tədbirə Azərbaycan dövlətinin və Həştərxan vilayəti administrasiyasının rəsmi şəxsləri, Milli Məclisin deputatları, Azərbaycan icmasının nümayəndələri, həmçinin şəhər sakinləri də qatılıblar.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Həştərxanın mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.
Daha sonra mərasimi açan Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan-Rusiya Dostluq körpüsünün açılmasını Həştərxan üçün mühüm tarixi hadisə adlandırıb: “Çünki Azərbaycan ilə Rusiyanın, Azərbaycan Respublikası ilə Həştərxan vilayətinin strateji maraqları sözdə deyil, işdə həyata keçirilir”. Qubernator Həştərxanda Xəzər sahillərində tarixən yaşayan çoxsaylı xalqlar arasında dostluğun təməlinin qoyulmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
A.Jilkin, həmçinin bu humanitar layihənin reallaşdırılmasına görə Heydər Əliyev Fonduna və onun mərasimdə iştirak edən vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib, tədbirin iştirakçılarını əlamətdar hadisə münasibətilə təbrik edib.
Sonra mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edib:
- Hörmətli qonaqlar!
Əziz dostlar!
İlk növbədə Həştərxan torpağında qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Bu gün burada ilk dəfə olmağıma və Heydər Əliyev Fondunun Rusiya Federasiyasında reallaşdırdığı layihələrlə şəxsən tanışlıq imkanına görə çox şadam. Xoş sözlərə və Azərbaycan ilə Rusiya arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə Həştərxan rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm.
Ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmət, etimad və aşkarlığa əsaslanır. Azərbaycanda zəngin rus mədəniyyətinə və dilinə həmişə böyük hörmətlə yanaşılmışdır. Bu gün ölkəmizdə məktəblərdə rus dilinin tədrisi tam həcmdə saxlanılmış, Bakı Slavyan Universiteti, Rus Dram Teatrı, Rusiya Mədəniyyət Mərkəzi, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyət göstərir. Əminəm ki, ölkələrimiz arasında münasibətlər bundan sonra da yalnız inkişaf edəcək və möhkəmlənəcəkdir. Azərbaycanda həmişə müxtəlif mədəniyyətlər və sivilizasiyalar mövcud olmuş və müxtəlif millətlərə və dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Bu gün Bakıda müsəlman məscidi, katolik kilsəsi, pravoslav kilsəsi, yəhudi sinaqoqu görmək olar və bütün xalqlar vahid böyük ailə kimi yaşayırlar. Mən hesab edirəm ki, bu, bizim zənginliyimizdir. Azərbaycan sürətlə inkişaf edir, yeni yollar, binalar, körpülər tikilir, bütün tarixi abidələr və muzeylər bərpa olunur. Cənubi Qafqaz dövlətlərinin bütün iqtisadiyyatının 70 faizdən çoxu Azərbaycanın payına düşür. Bütün irimiqyaslı layihələr ölkəmizin iştirakı ilə həyata keçirilir. Bütün bunlar torpaqlarımızın 20 faizinin işğal altında qalmasına və ölkədə öz ev-eşiyinə, doğma torpaqlarına qayıtmaq imkanı olmayan 1 milyona yaxın qaçqının və məcburi köçkünün olmasına baxmayaraq həyata keçirilir.
Ölkəmiz elmin, mədəniyyətin, texnologiyaların, təhsilin, səhiyyənin, idmanın inkişafına böyük diqqət yetirir. Mən çox şadam ki, 2004-cü ildə ümummilli lider Heydər Əliyevin şərəfinə yaradılmış Heydər Əliyev Fondu bütün bu iri layihələrdə iştirak edir. Fondun fəaliyyəti həyatın, demək olar ki, bütün sahələrini əhatə edir. Fəaliyyəti dövründə Heydər Əliyev Fondu əhalinin bütün təbəqələrinin dəstək və etimadını qazanmışdır və təhsilin inkişafına xüsusi diqqət yetirir. Bu gün biz Fondun Həştərxanda tikdirdiyi Heydər Əliyev adına 11 nömrəli məktəbi açacağıq. Fond Azərbaycanda 400-ə yaxın məktəb tikmiş və bərpa etmişdir. Özü də hər bir məktəbdə ən müasir texnologiyalarla təchiz edilmiş kompyuter sinifləri vardır. Fond Azərbaycanda həm də xeyriyyəçiliklə məşğul olur, xəstə, diabetdən əziyyət çəkən uşaqlara kömək edir. Fond Azərbaycanda regionda ən iri talassemiya mərkəzlərindən birini tikdirmişdir. Fond uşaq evləri, internatlar inşa edir. Əlbəttə ki, Heydər Əliyev Fondu Azərbaycanın zəngin mədəniyyətinin və qədim tarixinin ölkənin hüdudlarından kənarda təbliğinə çox böyük diqqət ayırır. Ötən il dünyanın bir çox ölkələrində Fond tərəfindən Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş tədbirlər təşkil edilmişdi. Mütəmadi olaraq mədəniyyət gecələri, konfranslar, konsertlər, sərgilər təşkil olunur. Fondun “Baku” jurnalı ilə birgə təşkil etdiyi sonuncu tədbirlərdən biri “Bakıya uçuş” adlı müasir Azərbaycan incəsənəti sərgisidir. Bu sərgi Londonda, Parisdə uğurla nümayiş etdirilmişdir. Yaxın vaxtlarda sərgini Berlində, Romada, Nyu-Yorkda və əlbəttə ki, Moskvada təşkil etməyi planlaşdırmışıq.
Heydər Əliyev Fondu dünya mədəniyyətinə və tarixinə də böyük hörmətlə yanaşır. Fondun vəsaiti hesabına dünyanın müxtəlif ölkələrində memarlıq abidələri, tarixi binalar və muzeylər bərpa edilir. Heydər Əliyev Fondu Pakistanda zəlzələdən sonra məktəb tikdirmiş və dünyanın müxtəlif ölkələrində bir sıra təhsil müəssisələri inşa etdirmişdir.
Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri ətraf mühitin mühafizəsi məsələləridir. Buna görə də Heydər Əliyev Fondu bir il əvvəl IDEA adlı yeni beynəlxalq hərəkat yaratmışdır. IDEA-nın başlıca məqsədi planetimizi müdafiə etmək və gənclərə ekoloji problemlər barədə məlumat verməkdir. Yaradıldığı bir il ərzində IDEA xeyli maraqlı və uğurlu layihələr həyata keçirmişdir. Onların sırasında ağac əkilməsi, quş yuvalarının quraşdırılması, konfransların, fotosərgilərin, seminarların keçirilməsi də vardır. Şəxsən mənim üçün kökü kəsilməkdə olan heyvanların mühafizəsi məsələsi çox əhəmiyyətlidir. Buna görə də IDEA Azərbaycanda beş belə heyvandan - qartal, ayı, canavar, Qafqaz bəbiri və ceyrandan ibarət siyahı yaratmışdır. Mənə məlumdur ki, Həştərxanda ağ ququ quşunun kökü kəsilmək üzrədir. Buna görə də cari ilin oktyabrından IDEA Həştərxan məktəblərində bu quşun mühafizəsi mövzusunda müsabiqələr təşkil etməyi planlaşdırır. Müsabiqənin qalibləri Azərbaycana səfər etmək və ölkəmizlə tanış olmaq imkanı qazanacaqlar.
Əziz dostlar!
Gördüyünüz kimi, bizim çoxlu maraqlı planlarımız, layihələrimiz və ideyalarımız vardır. Bu gün buraya Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş Rusiya-Azərbaycan Dostluq körpüsünü açmaq üçün toplaşmışıq. Mən bu imkana görə sizə təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, bu, yalnız başlanğıcdır. Qarşıda bizim hələ çox layihələrimiz olacaq, münasibətlərimiz isə yalnız inkişaf edəcək və möhkəmlənəcəkdir.
Buraya gəldiyinizə, diqqətinizə görə bir daha hamınıza təşəkkür edirəm. Hamınıza möhkəm cansağlığı, xoşbəxtlik arzulayır, ən xoş diləklərimi çatdırıram.
Çox sağ olun!
xxx
Leyla Əliyeva və Aleksandr Jilkin Dostluq körpüsünün rəmzi açılışını bildirən lenti kəsiblər.
Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş körpü Heydər Əliyev parkını I Pyotr meydanı ilə birləşdirir. Körpünün sürahisinin ornamentlərində Bakının və Həştərxanın rəmzləri – Qız qalası və Həştərxan Kremli əks olunub. Körpünün uzunluğu 50 metr, eni isə 6 metrdir.
Tədbirin iştirakçıları Heydər Əliyev parkında yaradılmış “Arzu” uşaq əyləncə şəhərciyinin açılışında da iştirak ediblər. Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən şəhərciyin ümumi sahəsi təxminən 1200 kvadratmetrdir. Burada 7 böyük və bir neçə kiçik attraksion quraşdırılıb, uşaqların istirahəti və təhlükəsizliyi üçün hər bir şərait yaradılıb. Hazırda parkın ərazisində uşaq kafesinin tikintisi davam etdirilir.