Britaniya parlamentinin Lordlar Palatasında IDEA beynəlxalq ətraf mühit kampaniyasının təqdimatı olub
23/03/2012

Martın 23-də Britaniya parlamentinin Lordlar Palatasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın IDEA beynəlxalq ətraf mühit kampaniyasını təqdim etməsinin şərəfinə Lordlar Palatasının üzvü Məhəmməd Şeyx tərəfindən rəsmi ziyafət təşkil olunub.

Britaniyanın EcoMuslim ekoloji qurumunun və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşkilatçılığı ilə IDEA kampaniyasının təqdimat mərasimi keçirilib. Tədbiri Britaniyanın EcoMuslim ekoloji təşkilatının icraçı direktoru Ömər Faruk açıb. Müasir Azərbaycanın inkişafının mühüm istiqamətlərini və son illərdə ölkədə həyata keçirilən ətraf mühit təşəbbüslərini diqqətə çatdıran Ömər Faruk, IDEA kampaniyasının əsas fəaliyyət istiqamətləri və bu təşəbbüsün Cənubi Qafqaz ölkələri üçün aktuallığını vurğulayıb.

Lord Məhəmməd Şeyx da təqdimatın əhəmiyyətini vurğulayıb, son illərdə Azərbaycanın regional və qlobal siyasətdə rolunun artdığını və yerinin möhkəmləndiyini bildirib. Ölkənin ən yeni tarixinə toxunan lord Məhəmməd Şeyx, Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən geoiqtisadi, nəqliyyat və enerji layihələri haqqında geniş məlumat verib. Sonra lord Azərbaycanın müasir inkişafı, ölkədə son illərdə reallaşdırılan iqtisadi və siyasi təşəbbüslər barədə danışıb.

Ətraf mühitin qorunması ilə bağlı problemlərdən və Lordlar Palatasında dəstəklənən təşəbbüslərdən danışan Məhəmməd Şeyx IDEA kampaniyası çərçivəsində həyata keçirilən tədbirləri də qeyd edib.

Daha sonra IDEA kampaniyasının təşəbbüskarı Leyla Əliyeva çıxış edib. O, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən ətraf mühit layihələri haqqında ətraflı məlumat verib, kampaniya çərçivəsində planlaşdırılan yeni layihələr və Azərbaycan gənclərini “Rio+20” konfransına səfərbər etmək üçün BMT-nin İnkişaf Proqramı ilə birgə aparılan əməkdaşlıq barədə danışıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti IDEA-nın orta məktəblərdəki könüllülərinin fəaliyyətinə toxunaraq deyib: “Biz inanırıq ki, ekoloji maarifləndirmə uşaqlıq illərindən izah və tədris edilməlidir. Təbiətə sevgi və onun mühafizəsinin əhəmiyyəti ibtidai və orta məktəblərin siniflərində mənimsənilməlidir. Gənclər ekoloji harmoniyanın önəmini anlamalı, təbiətin həyatı necə mühafizə etdiyini öyrənməli və öz gündəlik fəaliyyətlərinin ətraf mühit üzərindəki təsirini uşaq yaşlarından dərk etməlidirlər. Müəllimlər uşaqlara davamlı yaşam üçün önəmli olan bilik, bacarıq və dəyərləri bütün yaş çağlarında aşılaya bilmək imkanına malikdirlər. Mənim kampaniyamın da əsas fəaliyyət istiqaməti insanların ətraf mühitlə iç-içə yaşam üçün düzgün davranış və hərəkətlərini təmin etməkdə erkən təhsilin rolunu önə çəkməkdir”.

Leyla Əliyeva deyib ki, Cənubi Qafqaz dünyanın bioloji və aqro müxtəlifliklərlə zəngin regionlarından biridir: “Bu regionda subtropik meşələrə, Böyük Qafqazın buzlaq və qarla örtülmüş zirvələrinə, aran zonasında çöl və yarımsəhralara rast gəlmək mümkündür. Cənubi Qafqazda demək olar ki, hər növ iqlim qurşağı mövcuddur. Məsələn, 11 iqlim qurşağından Azərbaycanda 9-na rast gəlmək mümkündür. Qafqaz regionu iqlim dəyişikliyinin təsirlərinə çox həssasdır və bu da istənilən iqtisadi fəaliyyətin planlaşdırılması zamanı nəzərə alınmalıdır. İqlim dəyişikliyinin mənfi nəticələri kənd təsərrüfatından tutmuş turizmə qədər bütün sahələrə, xüsusilə də su sektoruna öz təsirini göstərə bilər. Sovet İttifaqının süqutundan sonra Cənubi Qafqazda kəskin ekoloji, səhiyyə və iqtisadi təhlükələr yarada biləcək bir sıra ətraf mühit problemləri üzə çıxmışdır. Qeyri-qanuni ovçuluq, otlaq sahələrinin və meşələrin məhvi və nəzarətsiz urbanizasiya nəticəsində regionun bioloji müxtəlifliyi təhlükə altında qalmışdır. Regionun bütün dövlətləri Bioloji Müxtəliflik haqda Konvensiyanı və digər müvafiq beynəlxalq müqavilələri ratifikasiya etmiş, bununla da, təbiətin qorunması üçün müəyyən öhdəliklər götürmüşlər. Lakin regiondakı mövcud dondurulmuş və fəal münaqişələr ekosistemə çox mənfi təsir etmişdir. Azərbaycanın işğal olunmuş rayonlarında meşələrin qəsdən yandırılması vəhşi flora və faunanı təhlükə altında qoymuşdur. Qafqaz bəbiri kimi nadir heyvanlar tükənmə riski ilə üzləşmişdir. Cənubi Qafqazın hər üç ölkəsində bir sıra ekoloji təhlükələr ciddi ekoloji tənəzzülün müşahidə olunduğu ərazilərdə öz əksini tapır. İnsanlara qarşı ekoloji təhlükələrin mənbələri təkcə meşə qırılmaları, təbii sərvətlərin düzgün istifadə edilməməsi, su çirklənməsi və təbii fəlakətlərdə deyil, həmçinin sənaye istehsalı, nüvə və radioaktiv tullantılarda da özünü büruzə verir. Ermənistanın Metsamor şəhəri yaxınlığında Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə blokunun tikilməsi regionun ətraf mühit təhlükəsizliyinə zərbədir. Azərbaycan Cənubi Qafqaz regionu ölkələri arasında UNECE-nin Su Konvensiyasını ratifikasiya etmiş yeganə dövlətdir. Transsərhəd su ehtiyatları ilə bağlı problemlərin həllində əməkdaşlıq istəyinin olmaması yeraltı və yerüstü sərvətlərin çirklənməsinə, çay sularının azalmasına və su çatışmazlığına səbəb olmuşdur. Regionun üzləşdiyi bütün bu ekoloji təhlükələrin fonunda, cəmiyyətin gənc üzvləri arasında əməkdaşlıq ətraf mühitin qorunmasının mühüm elementinə çevrilir. Bu təhlükələr bir daha sübut edir ki, ətraf mühit çağırışları beynəlxalq ekoloji idarəetmənin daha da möhkəmləndirilməsi yolu ilə həll edilməlidir”.

Ölkəmiz barədə geniş məlumat verən Leyla Əliyeva deyib: “Mən Şərqdə ilk parlamentli demokratiya qurmuş, 1918-ci ildə qadınlara kişilərlə bərabər siyasi hüquqlar verən və qabaqcıl Qərb dəyərlərini mənimsəmiş ilk müsəlman ölkəsində doğulmaqdan çox qürur duyuram. Azərbaycan Şərq dünyasında ilk operanın, ilk musiqili komediyanın, ilk Qərb üslublu teatrın və ilk baletin vətənidir. Burada həm də müsəlman dünyasında ilk dəfə olaraq qadınlar üçün orta məktəb tikilmişdir. Mənim vətənim “ilklər” diyarıdır və hər zaman dözümlülüyü, dini və mədəni müxtəlifliyi, adət ənənələri ilə tanınmışdır. Azərbaycan kəsişmələr məkanıdır: Avropa və Asiya, Şərq və Qərb”.

Rəsmi ziyafətin sonunda Leyla Əliyeva Azərbaycan nümayəndə heyəti adından lord Məhəmməd Şeyxə ölkəmizi təcəssüm etdirən xatirə hədiyyələri təqdim edib.

Tədbirdə Britaniya parlamentinin üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusların nümayəndələri, müxtəlif ekoloji təşkilatların təmsilçiləri, eləcə də Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Dövlət Neft Şirkətinin ekoloji məsələlər üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə də iştirak ediblər.