Leyla Əliyeva “Christie’s” hərrac evinin sərgisinin açılışında iştirak edib
15/09/2012

Dünyanın məşhur “Christie’s” hərrac evi sentyabrın 15-də Heydər Əliyev Fondu və “YARAT!” Müasir İncəsənət Məkanı ilə birlikdə Bakıda yeni istifadəyə verilmiş “The Four Seasons Hotel”də Azərbaycanda ilk sərgisini təşkil edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.

 Sərgidə “Christie’s”in London, Nyu-York və Dubayda keçirdiyi payız satışlarında iştirak üçün seçilmiş müxtəlif sənət əsərləri, əşyalar və eksponatlar nümayiş olunur. Həmin eksponatlara impressionist, İkinci Dünya müharibəsindən sonrakı dövrün və müasir incəsənət əsərləri, Şərq xalçaları, eləcə də Birləşmiş Ərəb Əmirlikləri, İran və Türkiyənin çağdaş sənət nümunələri daxildir. Sərgidə dünyanın tanınmış fırça ustalarının əsərləri də yer alıb. Bu sırada Pablo Pikasso kimi dünya şöhrətli rəssamın “Qadın itlə”əsəri var. O, 5-7 milyon dollar arasında qiymətləndirilir. 

Sərgidə “Christie’s”ın kolleksiyasına daxil olan, XVIII əsrə aid Qarabağ xalçası da nümayiş etdirilir.

Sərgi ilə yaxından tanış olan Mehriban Əliyevaya buradakı sənət nümunələri haqqında ətraflı məlumat verilib. Azərbaycanın birinci xanımı sərginin qonaqlar kitabına ürək sözlərini yazıb.

Açılış mərasimində bildirilib ki, bu sərgi Azərbaycanın ən böyük qeyri-hökumət və qeyri-kommersiya təşkilatı olan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə açılıb. Tədbirdə çıxış edən “YARAT!” qeyri-kommersiya təşkilatının təsisçisi Aida Mahmudova Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən danışıb. Aida Mahmudova buna görə Fondun prezidenti Mehriban Əliyevaya və onun komandasına minnətdarlığını bildirib. O, fikrini belə davam etdirib: “Biz bu tədbiri “Christie’s” ilə birlikdə təşkil etdiyimizə görə qürur duyuruq. Mənim fikrimcə, bu tədbir Azərbaycanın beynəlxalq incəsənət məkanında təmsil olunması baxımından mühüm səhifə açacaqdır. Azərbaycan xalqı zəngin mədəni irsə, həmçinin incəsənət əsərlərinə malikdir və biz bu reallığı təbliğ etmək niyyətindəyik. Buna görə də bu gün Bakıda belə bir möhtəşəm sərginin təşkilində səy və köməyini əsirgəməyən “Christie’s” hərrac evinə dərin təşəkkürümüzü bildiririk. “YARAT!” təşkilatı olaraq biz Azərbaycanın müasir incəsənət xadimləri ilə dünya incəsənət xadimləri arasında dialoqa töhfə verəcək mümkün qədər çox mədəniyyətlərarası əlaqələr qurmaq niyyətindəyik”. 
Mərasimdə çıxış edən “Christie’s” hərrac evinin sədri Devid Linley paytaxt Bakıda belə bir tədbirdə iştirak etməsindən məmnunluğunu bildirib, bu gözəl hadisənin zəngin mədəniyyət ənənələri olan bir ölkədə reallaşmasına verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib. O, gələn il “Christie’s”in Londonda keçirəcəyi beynəlxalq sərgidə müasir Azərbaycan incəsənət əsərlərinin nümayiş etdiriləcəyini də söyləyib.

Sonra “Christie’s”in fəaliyyəti barədə videoçarx nümayiş etdirilib. Dünyanın aparıcı incəsənət-biznes təşkilatı olan “Christie’s”in 250 illik tarixi var. Bu qurumun hazırda dünyanın 32 ölkəsində 53 ofisi və 10 satış salonu fəaliyyət göstərir.