İtaliyanın nüfuzlu “Messacero” qəzetinin əlavəsi olan “Kronaka di Roma”nın 7 mart tarixli nömrəsində Romada “Bakıya uçuş” sərgisinin açılışına həsr olunmuş məqalə dərc edilib.
Jurnalist Roberta Petroniyanın “Yüz əsər. “Maxxi”də Azərbaycana həsr olunmuş “Bakıya uçuş” sərgisinə gələn çoxlu sayda insan. İncəsənət yüksəlişdə” sərlövhəli məqaləsində incəsənətin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın vizit kartı olduğu vurğulanır. “Azərbaycanın incə zövqə malik birinci xanımı şəhərimizin ritminə uyğun gələn o böyük tabloda yeni zirvə fəth etmək üçün qayıdıb. Bu tablonun mərkəzində həmişə onun ölkəsi və paytaxtı nümayiş etdirilir. Birinci sırada həmişə öz müasirliyi və səmimiliyi ilə seçilən o, - Heydər Əliyev Fondunun prezidenti öz qızı ilə - Moskvada siyasət və beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi almış, illüstrasiyalı “Baku” jurnalının baş redaktoru, Fondun vitse-prezidenti və ilk növbədə rəssam olan Leyla Əliyeva ilə yanaşı dayanır.
Leylanın kağız üzərində qrafika üslubunda çəkdiyi “Kölgə” əsəri dünən Maxxi kompleksinin D salonunda açılmış “Bakıya uçuş” sərgisinin ümumi mənzərəsi fonunda seçilir. Musiqi, xalq yaradıcılığı və arxeologiyadan sonra növbə Azərbaycan incəsənətinə çatıb: iyirmi bir rəssam öz əsərlərini nümayiş etdirib. Bu əsərlər Berlin, Moskva və Londonda təşkil edildikdən sonra Romaya gəlib. Daha sonra Vyanaya üz tutacaq bu mobil sərgidəki heykəltəraşlıq kompozisiyaları videomateriallar ilə müşayiət olunur”, - deyə yazıda bildirilir.
Sərginin müvəffəqiyyət qazandığını vurğulayan müəllif həmin axşam Mehriban Əliyeva və Leyla Əliyevanın Quido Reni küçəsinə gəldiklərini, Maxxi Fondunun prezidenti Ciovanna Melandri, Maxxinin incəsənət üzrə direktoru Anna Mattirolo və arxitektura üzrə direktoru Marqarita Quççiona tərəfindən qəbul edildiklərini yazır: “Parterdə kolleksiyaçılar və Roma ictimaiyyətinin elitası - prodüserlər Pyetro Valsekki, Kamilla Nesbitt, Lamberto Dini, Maddalena Letta, incəsənət tarixçisi Klaudio Strinati və xanımı Annaroza Mattey, Franko Tato və Sonya Raule, Alessandro Çerazi Barillari və nəhayət, stilist Renato Balestra toplaşmışdılar. Teatr və kino dünyasını rejissor Corcio Ferrara, Ornella Muti, Karolina Kreşentini, Pamela Villorezi, habelə Rodolfo Korsato, Klaudiya Dzanella, İvano de Matteo, Entso Monteleone, Çeçiliya Dzanuso, Toni Trupiya və Françesko Fiqus kimi bir çox başqa aktyor və aktrisalar təmsil edirdilər”.
“İlkin nümayişin bütün qonaqları üçün qırmızı və ağ şərab, habelə muzeyin düz həyətində, sobada kömür üzərində hazırlanmış təzə pitssa ilə apperitiv təşkil edilmişdi”, - deyə yazıda bildirilir: “Heydər Əliyev Fondu və Azərbaycan səfirliyi tərəfindən Sent-Recisdə böyük zövqlə təşkil edilmiş qəbul gecənin davamı olub.
Qəbula gəlmiş yüz əlli dəvətli beşulduzlu otelin binasına daxil olub: onları canlı musiqi, çiçəklər və ... şamlar qarşılayıb. Qonaqları birinci xanım Mehriban Əliyeva və Azərbaycanın Romadakı səfiri Vaqif Sadıxov salamlayırdılar. İtaliya mətbəxi şərəfinə bizim təamlar təklif edilmişdi: brezaola (mal ətindən basdırma) və kaprino (keçi əti), öz dərisində bişirilmiş lavrak balığı və əla növ şərablar.
Gecədə iştirak edənlər arasında Azərbaycanın tanınmış simaları, beynəlxalq incəsənət əsərlərinin kolleksiyaçıları, akademik dairələrin və İtaliya mədəniyyətinin nümayəndələri, habelə Emin Məmmədov ilə birlikdə sərginin kuratoru Erve Mikaeloff olublar”.