Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Sentyabrın 21-də “YARAT!” Müasir İncəsənət Məkanında “COMMONIST” layihəsi çərçivəsində multikulturalizm mövzusuna həsr olunmuş sərgi açılıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.
Sərgidə həyəcanlandırıcı mövzuya tamamilə müxtəlif baxışlarını əks etdirən 19 rəssamın işi nümayiş olunur.
Tədbirdə “YARAT!” qeyri-kommersiya təşkilatının təsisçisi Aida Mahmudova çıxış edərək layihə barədə məlumat verdi. O, Azərbaycanın müasir incəsənətinin gözəl gələcəyinə inamını ifadə etdi. Aida Mahmudova sərginin Sitarə İbrahimova və İsfar Sarabskinin birgə hazırladıqları “Hüdud” video musiqi performansı ilə açıldığını nəzərə çatdırdı.
Sərgi ilə yaxından tanış olan Mehriban Əliyevaya buradakı sənət nümunələri haqqında ətraflı məlumat verildi. Layihənin iştirakçıları həm gənclər, həm də artıq tanınmış rəssamlardan ibarətdir: Afət Bağırova, Aida Mahmudova, Əli Həsənov, Cemma Səttar, Faiq Əhməd, Fəxriyyə Məmmədova, Fərid Rəsulov, İlkin Hüseynov, Leyla Əliyeva, Mahmud Rüstəmov, Məmməd Rəşidov, Niyaz Nəcəfov, Orxan Hüseynov, Pərviz Cəfərov, Rəşad Babayev, Sitarə İbrahimova, Tərlan Qorçu, Vüsal Rəhim.
Azərbaycanın dövlət və hökumət nümayəndələrinin, tanınmış sənət adamlarının, ziyalıların iştirak etdiyi sərgi böyük maraq doğurub.
Sonda bütün tədbir iştirakçılarına minnətdarlığını bildirən “YARAT!” qeyri-kommersiya təşkilatının təsisçisi Aida Mahmudova üzərində rəhbərlik etdiyi təşkilatın adı yazılmış tortu kəsdi.
Sərgi oktyabrın 22-dək davam edəcək.