“Rossiyskaya qazeta” MDBMİ məzunlarının Bakı görüşü haqqında məqalə dərc edib
15/04/2013

“Rossiyskaya qazeta” MDBMİ məzunlarının Bakıda keçirilmiş görüşü haqqında məqalə dərc edib. Qəzet yazır ki, görüşün başlıca ideyası təkcə doğma təhsil ocağını, Moskvanı və gənclik illərini yad etmək deyil, həm də ölkələrin tərəqqisi üçün bizneslə siyasəti sıx birləşdirmək olub. Forumun adı da rəmzi xarakter daşıyır: “Birlikdə gələcəyə doğru”.

Müəllif yazır: “Dünyanın 25 ölkəsinin Bakıda toplaşmış 400 nəfərdən çox nümayəndəsi çox mühüm məsələləri – sivilizasiyaların dəyər oriyentirlərinin, inkişafının və yaxınlaşmasının əsası olan təhsil, sabit inkişafa doğru gedən yolda qlobal iqtisadiyyatın energetika və ekologiya ölçüsü məsələlərini, habelə mülki təsisatların, hər şeydən əvvəl, bütün media birliyinin və biznesin beynəlxalq aləmdəki rolu ilə əlaqədar problemləri müzakirə ediblər”.

Müəllifin fikrincə, foruma gəlmiş bir çox qonaqlar mühüm dövlət vəzifələrində çalışırlar və bu, görüşə xüsusi əhəmiyyət verirdi. Onların arasında Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinski və Rusiya Prezidentinin MDB işləri üzrə xüsusi nümayəndəsi, MDBMİ Himayədarlıq şurasının üzvü və Rossotrudniçestvonun rəhbəri Konstantin Kosaçev, Ukrayna baş nazirinin müavini Konstantin Qrişşenko, Slovakiya baş nazirinin müavini və xarici işlər naziri Miroslav Layçak, Moldovanın xarici işlər və Avropa inteqrasiyası naziri Yuri Lyanke, Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev, BMT Baş katibinin Əfqanıstandakı xüsusi nümayəndəsi Yan Kubiş və başqaları var.

Qəzet yazır: “Bakı forumu universitetin 1982-ci il məzunu, ömrünün 15 ilini tələbə, sonra isə müəllim kimi bu ali məktəbə həsr etmiş Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə təşkil edilib. Azərbaycan Prezidenti təbrik nitqində deyib: “Bu atmosfer MDBMİ atmosferini xatırladır. Biz onu yaxşı xatırlayırıq və heç vaxt unutmayacağıq. MDBMİ-də aldığım təhsil mənə bu gün də kömək edir. Ali məktəbin ənənələri ailəmizə də keçmişdir. Sevinirəm ki, qızım Leyla MDBMİ-də təhsil alıb”.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycanın MDBMİ Məzunları Assosiasiyasının sədri Leyla Əliyeva birinci paneldə “Sabit inkişafa doğru gedən yolda qlobal iqtisadiyyatın energetika və ekologiya ölçüsü” mövzusunda diskussiyaları açarkən deyib: “Biz öz köklərimizə qayğı ilə yanaşırıq, lakin dünya mədəniyyətinə də dərin ehtiram bəsləyirik. Ölkəmizdə rus mədəniyyətini, rus ədəbiyyatını sevirlər, rus dili tamamilə qorunub saxlanıb”.

Məqalədə qeyd edildiyi kimi, BMT-nin Cenevrə şöbəsinin direktoru Kasımjomart Tokayev və UNESCO-nun baş direktoru İrina Bokova görüş iştirakçılarına müraciət ediblər. Rusiyanın mədəniyyət naziri Vladimir Medinskinin fikrincə, MDBMİ öz məzunlarına məqsədə nail olmağı öyrədib: “Müxtəlif ölkələrin rəhbərliyində bu ali məktəbin nə qədər çox məzunu olsa, problemlər də bir o qədər az olar. Çünki MDBMİ məzunlarının həll edə bilmədikləri problem yoxdur”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov forumun ənənəvi xarakter alacağına ümidvar olduğunu bildirib. O, məzunların Bakı toplanışının iştirakçılarını gələn il universitetin yetmiş illiyi bayramında iştirak etməyə dəvət edib.