İslam Konfransı Təşkilatı (İKT) Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kompaniyasına dəstək olaraq, Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğumuz tərəfindən Qazaxıstanın informasiya məkanında sayt yaradılıb. www.xocali.kz saytı əsasən rusdilli oxucular üçün nəzərdə tutulub.
Sayt “Xocalı soyqırımı, Xocalıya ədalət” şüarı altında yaradılan saytda “Qarabağ”, “Xocalı”,“Fotoarxiv”, “Videoarxiv” və “Müraciətlər”bölmələri var. “Qarabağ” bölməsində Qarabağın tarixi, ermənilərin Qarabağa köçürülməsi, erməni təcavüzü və sair materiallar yerləşdirilib. “Xocalı”bölməsində isə “Xocalının alınmasına səbəb olan amillər”, “Şahidlərin gördükləri”, “Azad dəhliz”, “366-cı motoatıcı alayının rolu” və “Xocalıda soyqırımı qurbanları” adlı materiallar var.
“Fotoarxiv” və “Videoarxiv” bölmələrində Xocalı faciəsi ilə bağlı foto və videomateriallar yerləşdirilib. Burda həmçinin www.justiceforkhojaly.org saytı vasitəsi ilə “Xocalıya ədalət” kompaniyası çərçivəsində Beynəlxalq təşkilatların rəhbərlərinə ünvanlanan petisiya və Ağ evin rəsmi veb-səhifəsində Xocalı soyqırımının tanınması məqsədilə azərbaycanlılar tərəfindən hazırlanmış müraciət yerləşdirilib.