Leyla Əliyeva Parisdə “YARAT!” Müasir İncəsənət Məkanının “Dogma ev” sərgisinə qatılıb
18/04/2013

“Yarat!” Müasir İncəsənət Məkanı Azərbaycan incəsənəti ilə bağlı həyata keçirilən layihələrin davamı olaraq daimi tərəfdaşı Heydər Əliyev Fondu ilə birlikdə aprelin 18-də Parisin mərkəzində yerləşən Azərbaycan Mədəniyyəti Mərkəzində müasir Azərbaycan incəsənətinə həsr olunan “Home, sweet home” (“Doğma ev”) mövzusunda sərgi təşkil edib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva sərgidə iştirak ediblər.

Sərginin Fransada nümayiş etdirilməsi bu ölkə sakinlərini Azərbaycanın zəngin rəssamlıq nümunələri və milli dəyərləri ilə yaxından tanış etmək və onlarda ölkəmiz barədə geniş təsəvvür yaratmaq məqsədi daşıyır.

Sərgidə 25 rəssamın 90 əsəri nümayiş etdirilir. Tamaşaçılar Leyla Əliyeva, Aida Mahmudova, Müseyib Əmirov, Vüqar Muradov, Sitarə İbrahimova, Altay Sadıqzadə, Fəxriyyə Məmmədova, Fidan Seyidova, Fərid Rəsulov və digərlərinin müasir və minatür əsərləri ilə tanış olublar. Leyla Əliyevanın “Beyin”, Aida Mahmudovanın “Yenidən emal” (“Recycle”), Altay Sadıqzadənin “Pilləkənin başında”, Fərid Rəsulovun “Anonim” əsərləri xüsusi maraqla qarşılanıb.

Tədbiri açan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bildirib ki, sərginin təşkilində məqsəd fransızları müxtəlif mədəniyyətlərin və sivilizasiyaların arasında yerləşən Azərbaycanın mədəniyyəti və zəngin dəyərləri ilə tanış etməkdir. O, sərginin mədəniyyət mərkəzində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə ilk dəfə nümayiş etdirildiyini diqqətə çatdırıb. Səfir Azərbaycan mədəniyyətinin xarici ölkələrdə, o cümlədən Fransada tanıdılması istiqamətində Mehriban Əliyevanın müstəsna rolunu qeyd edib.

Mədəniyyət sahəsində müxtəlif layihələr həyata keçirən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə reallaşan “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Azərbaycan günlərinin artıq ölkənin ayrı-ayrı regionlarının on şəhərində keçiridiyini xatırladan səfir Heydər Əliyev Fondunun tərəfdaşlığı sayəsində mərkəzdə gənc rəssam Aida Mahmudovanın təsis etdiyi “Yarat!” Müasir İncəsənət Makanı tərəfindən təşkil olunan bu sərgidə müxtəlif rəssamların çoxlu sayda əsərinin nümayiş etdirildiyini, bunun mədəniyyətlərarası dialoqa xidmət göstərdiyini söyləyib. Diplomat bildirib ki, qurumun əsas məqsədi azərbaycanlı və xarici rəssamlar arasında sıx əlaqələrin yaradılmasına nail olmaqdır.

“Yarat!” Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudova rəhbərlik etdiyi qurumun Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə təşkil etdiyi “Doğma ev” adlı sərgidən danışıb, sərginin Azərbaycanın gənc rəssamlarının əsərlərini dünyaya çatdırmaq məqsədi daşıdığını, təşkilat tərəfindən bir neçə belə sərginin artıq Rusiya, İtaliya, Birləşmiş Ərəb Əmirliklərində təşkil edildiyini söyləyib.

Parisdə ilk dəfə azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin nümayiş etdirildiyini vurğulayan A.Mahmudova “Yarat!” Müasir İncəsənət Məkanının digər təşkilatlarla əməkdaşlıq etdiyini, belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Tədbirin təşkilində Heydər Əliyev Fondunun köməkliyini xüsusi vurğulayan A.Mahmudova Fonda təşəkkür edib. O, sərginin Azərbaycan ilə Fransa arasında mövcud əlaqələrin inkişafına yeni töhfə verəcəyinə əminliyini vurğulayıb.

Sərginin açılışında iştirak edən Mehriban Əliyeva sərgi ilə tanış olub.

Sərgidə Fransanın dövlət və hökumət rəsmiləri, senatorlar və deputatlar, ictimaiyyətin nümayəndələri, Parisdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, diasporumuzun təmsilçiləri, yerli və xarici küəvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.