“EU Reporter”: “Xocalıya ədalət” kampaniyasını dəstəkləyən dövlətlərin sayı getdikcə artır
25/02/2013

Avropanın nüfuzlu “EU Reporter” analitik resursunda Xocalı soyqırımı ilə bağlı məqalə yerləşdirilib.  

Məqalədə deyilir ki, bu ay Çex Respublikası parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli hadisəsi – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş və 613 dinc azərbaycanlının qətli ilə nəticələnmiş Xocalı faciəsini pisləyən qətnamə qəbul edib. Çex Respublikası Avropa İttifaqının belə qətnaməni qəbul edən ilk üzv dövlətidir.

Məqalədə bildirilir ki, bir çox beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul edilmiş sənədlərdə Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı faktı öz əksini tapsa da, Avropa İttifaqı nə Dağlıq Qarabağ münaqişəsi, nə də Xocalı faciəsi ilə bağlı mövqe nümayiş etdirib.

Məqalənin müəllifi Azərbaycanın Belçikadakı səfiri və Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Fuad İsgəndərova istinadla yazır: “Ümid edirik ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mövqe nümayiş etdirəcək və qlobal oyunçu qismində problemin sülh yolu ilə həllinə kömək göstərəcək”.

F.İsgəndərov bildirib ki, “əgər biz insan hüquqlarının kobud şəkildə pozulmasından danışırıqsa, insanların yaşamaq hüququndan məhrum edilməsini ən qatı cinayət hesab etməli və bunu birmənalı şəkildə pisləməliyik. Belə məsələlərdə ikili standartlara yol vermək olmaz”. Diplomat, Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə bütün dünya dövlətlərində olduğu kimi, Brüsseldə də tədbirlərin keçiriləcəyini də söyləyib.

Məqalədə qeyd edilir ki, 1992-ci ildə Xocalıda baş vermiş dəhşətli hadisələr artıq dünyanın diqqətini daha çox cəlb edir. Bir çox ölkələr, o cümlədən ABŞ-ın Nyu-Meksika, Arkanzas, Texas, Nyu-Cersi, Corciya, Meyn ştatları Xocalı faciəsini pisləyən qətnamə qəbul ediblər. Pakistan Senatı tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalını pisləyən qətnamə qəbul edilib.

Yazıda, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası barədə də məlumat verilir. Bildirilir ki, dünya dövlətlərində bu kampaniyanı dəstəkləyənlərin sayı getdikcə artır. Müəllif xatırladır ki, İslam Əməkdaşlıq Təşkilatının bu yaxınlarda Qahirədə keçirilmiş 12-ci zirvə görüşündə qəbul olunmuş yekun sənəddə Azərbaycanın Xocalı şəhərində Ermənistana məxsus silahlı dəstələrin törətdikləri qətliamın soyqırımı kimi tanınması haqqında beynəlxalq birliyə çağırış öz əksini tapıb.

Sonda müəllif səfir Fuad İsgəndərova istinadla yazır: “Bu yaxınlarda Avropa İttifaqı Nobel mükafatına layiq görülüb. Avropa bu mükafatı almaq üçün çox uzun yol qət edib. Biz də eyni Avropa ailəsinə mənsubuq, ATƏT-in, Avropa Şurasının üzvüyük. Ümid edirik ki, Avropa bizim də problemlərimizin həllində rol oynayacaq”.