Leyla Əliyeva rusiyalı gənc rəssamların sərgisinin açılışında iştirak edib

Video

Leyla Əliyeva rusiyalı gənc rəssamların sərgisinin açılışında iştirak edib

Leyla Əliyeva rusiyalı gənc rəssamların sərgisinin açılışında iştirak edib
09/05/2013

Mayın 9-da Müasir İncəsənət Mərkəzində Beynəlxalq Səyyar İncəsənət Akademiyası layihəsinin iştirakçıları olan rusiyalı gənc rəssamların sərgisinin açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib.

Sərginin keçirilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlıq edən Rusiyanın Əməkdar İncəsənət Xadimi, Beynəlxalq Proqramlar Direktorluğunun direktoru Tatyana Şumova Bakıda olmaqdan məmnunluğunu bildirib. Onun fikrincə, Beynəlxalq Səyyar İncəsənət Akademiyası layihəsinin iştirakçıları olan rusiyalı gənc rəssamların sərgisi iki ölkə arasında humanitar əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcək.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və qonaqları sərgi ilə tanış olublar. Heydər Əliyev Fondu, Rusiyanın Xarici İşlər və Mədəniyyət nazirlikləri, Rusiya Mədəniyyət Fondu və Beynəlxalq Proqramlar Direktorluğunun təşkilatçılığı ilə keçirilən sərgidə Beynəlxalq Səyyar İncəsənət Akademiyasında təhsil alan 8 gənc rəssam iştirak edir. Bundan başqa, sərgidə Rusiya Rəssamlar İttifaqının üzvü, bu ölkənin Əməkdar Rəssamı Aleksandr Pokrovskinin də rəsm əsərləri var.

Layihə iştirakçıları mayın 2-dən Bakıdadırlar. Sərgidəki əsərlərin hamısı yalnız 5-6 gün ərzində ərsəyəgəlib. Burada gənc rəssamların 64 əl işi var. Sərgi iki həftə davam edəcək. Əsərlərdə əsasən Bakı Bulvarı, sahilyanı ərazi, İçərişəhər, tarixi abidələr, Bayraq Meydanı, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Fondu əks olunub. Rəsm əsərləri yağlı boya ilə kətan və karton üzərinə işlənib. Əsərlər orijinallığı və rəng koloriti ilə diqqəti cəlb edir.

Uzunmüddətli təhsil innovasiya proqramı olan Səyyar İncəsənət Akademiyası Beynəlxalq Proqramlar Direktorluğunun layihəsidir. Layihə gənclərin mədəniyyət və incəsənət sahəsinə marağını artırmaq, şəxsiyyətin yaradıcı imkanlarını üzə çıxarmaq üçün kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Ekspozisiya ilə tanış olan Leyla Əliyeva sərginin işinə uğurlar diləyib.