Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin başçısı, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Azərbaycan klubunun lideri Leyla Əliyeva oktyabrın 26-da Rusiyanın Tula vilayətində olub.
Leyla Əliyeva L.N.Tolstoy adına Tula Pedaqoji İnstitutuna gedib, bu ali məktəbdə təhsil alan gənclərlə, o cümlədən azərbaycanlı tələbələrlə görüşüb. O, Heydər Əliyev Fondunun fəaliyyətindən, xüsusən Fondun Rusiyadakı nümayəndəliyinin məqsəd və vəzifələrindən danışıb, bildirib ki, Fondun Rusiyadakı nümayəndəliyi ölkənin bütün regionlarında azərbaycanlı gənclərin Azərbaycan klubları yaratmasına və gənclərin həmin klublarda birləşməsinə kömək etmək niyyətindədir.
Günün ikinci yarısında Leyla Əliyevanın Tula vilayətinin qubernatoru Vyaçeslav Dudka və şəhər administrasiyasının başçısı Albert Ukolov ilə görüşləri olub. Görüşlərdə Azərbaycan ilə Rusiya arasında dostluq münasibətləri vurğulanıb, regiondakı Azərbaycan icması ilə, o cümlədən azərbaycanlı gənclərlə bağlı məsələlər müzakirə edilib. Leyla Əliyeva səfərinin əsas məqsədinin Tula vilayətində yaşayan gənc soydaşlarımızla, Azərbaycan diasporu ilə sıx əlaqə yaratmaq olduğunu söyləyib. Fondun Rusiya-Bakı nümayəndəliyinin qarşısında Azərbaycanın mədəniyyətini, tarixini, elmini bu ölkədə təbliğ etmək və bununla da Azərbaycan və rus xalqları arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək etmək vəzifəsi durur.
Leyla Əliyeva Tula vilayət kitabxanasında da olub. Səfər zamanı onu Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov müşayiət edib.