Vyanada “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi açılıb
15/05/2013

Mayın 14-də Vyanada Heydər Əliyev Fondunun, “Baku” jurnalının və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə layihəsi çərçivəsində Vyana İncəsənət Tarixi muzeyində “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisinin rəsmi açılışı olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.

Tədbirdə çıxış edən Vyana İncəsənət Tarixi Muzeyinin sərgilərin idarə olunması şöbəsinin rəhbəri Kristian Hölzl bu sərginin Vyanada açılmasından məmnun olduğunu bildirib.

Leyla Əliyeva mərasimdə çıxış edib. Azərbaycanın tarixi və zəngin mədəniyyəti barədə danışan Leyla Əliyeva müsəlman aləmində ilk qız məktəbi Azərbaycanda yarandığını, Şərqdə ilk demokratik respublikanın Azərbaycanda qurulduğunu, Şərqdə ilk operanın bizim ölkəmizdə səhnələşdirildiyini xatırladıb. “Azərbaycanın paytaxtı Bakı müasirlik və qədimliyin sintezidir” - deyən Heydər Əliyev Fondunun vitse-prezidenti məhz buna görə də bu şəhərin bütün dövrlərdə insanlar üçün maraqlı olduğunu vurğulayıb.

Leyla Əliyeva “Baku” jurnalının fəaliyyətindən danışıb, bu jurnalın Azərbaycanın təbliğinə xüsusi diqqət göstərdiyini bildirib. O, sərginin əhəmiyyətindən də söz açıb: “Əziz dostlar! Sənət, mənim həmişə həssaslıqla yanaşdığım sahədir. Mən çox şadam ki, bu sərgi Azərbaycandan olan istedadlı rəssamlara öz əsərlərini dünyaya nümayiş etdirmək üçün imkan yaradır. Bu sərgidə 21 rəssamın 100-dən çox əsəri təqdim olunur. Bura rəsm əsərləri, video instalyasiyalar, heykəllər və fotoşəkillər daxildir. Biz artıq bu sərgini Avropanın 5 paytaxtında - Londonda, Parisdə, Berlində, Moskvada və Romada təşkil etmişik. Şübhəsiz burada, Vyanada, qədim tarixə malik bu gözəl şəhərdə olmaqdan biz çox məmnunuq. Düşünürəm ki, bu şəhər Avropanın mühüm mədəni sütunlarından biridir”.

Sərginin kuratoru Erve Mikaelof Avropanı gəzən bu sərginin Avstriyanın paytaxtı Vyanada açılmasından məmnun olduğunu deyib, sərginin işinə uğurlar arzulayıb.

Daha sonra “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi ilə tanışlıq olub.

Sərgidə Altay Sadıxzadənin, Leyla Əliyevanın, Müseyib Əmirovun, Adil Yusifin, Zərnişan Yusifin, Əliyar Əlimirzəyevin, Rəşad Ələkbərovun və başqalarının əsərləri nümayiş olunur. Sərgidəki əsərlərdə incəsənətin, dövrümüzün aktual mövzularına toxunulur, eksperimental yanaşmalardan istifadə edilir.

“Bakıya uçuş” sərgisi mayın 26-dək davam edəcək.