İsrailin Afula şəhərində “Xocalıya ədalət” fotosərgisi açılıb
12/04/2013

Heydər Əliyev Fondunun, STMEGİ Beynəlxalq Dağ Yəhudiləri Xeyriyyə Fondunun dəstəyi ilə “İsrail-Azərbaycan” (AZİZ) Beynəlxalq Assosiasiyası tərəfindən fevral ayında Təl-Əviv Universitetindəki Diaspor Muzeyində açılmış “Xocalıya ədalət” fotosərgisi İsrailin şimalına, Afula şəhərinə köçürülüb.

Aprelin 11-də “Beyt Poznak” mədəniyyət mərkəzində o günlərin dəhşətli hadisələrini əks etdirən fotosərgi açılıb. Sərginin açılışı mərasimində Afula şəhərinin meri Avi Elkabets, merin müavini Boris Yudis, ictimai təşkilatların başçıları, şəhərdəki ən müxtəlif həmvətənlər cəmiyyətlərinin nümayəndələri, jurnalistlər iştirak ediblər.

Tədbiri açan “AZİZ” Assosiasiyası yanında Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Dağlıq Qarabağ münaqişəsindən, 1992-ci il fevralın 25-dən 26-na keçən o gecənin dəhşətlərindən danışıb.

Afula Bələdiyyə Şurasının başçısı Avi Elkabets öz çıxışında Xocalı faciəsindən çox kədərləndiyini və qəzəbləndiyini bildirib, informasiya verdiyinə və fotosərgini onun şəhərində keçirdiyinə görə “AZİZ” Assosiasiyasına təşəkkür edib.

Afula şəhəri merinin müavini Boris Yudis şəhərdə və bütövlükdə İsraildə Azərbaycan həmvətənləri cəmiyyətinin aktiv fəaliyyətini xüsusi vurğulayıb. Onun sözlərinə görə, “AZİZ” Assosiasiyası İsraildə ən nüfuzlu və fəal ictimai təşkilatlardan biridir.

Afula sakini Tofiq Əlibəyovun çıxışı böyük maraq doğurub. O, Dağlıq Qarabağ müharibəsi zamanı erməni quldurları tərəfindən öldürülmüş oğlundan danışıb.

“İsrail-Azərbaycan” Assosiasiyasının baş direktoru Lev Spivak tədbirdə iştirak etdiklərinə görə hamıya minnətdarlığını bildirib. L.Spivak Azərbaycan icmasına daim diqqət yetirdiyinə görə Afula şəhərinin merinə və onun müavininə təşəkkür edib.

Sərgi aprelin sonunadək davam edəcək.