Londonda “Azərbaycan: uçan xalçalarla nagıllar aləminə” sərgisi açılıb

Video

Londonda “Azərbaycan: uçan xalçalarla nagıllar aləminə” sərgisi açılıb

Londonda “Azərbaycan: uçan xalçalarla nagıllar aləminə” sərgisi açılıb
15/11/2010

Noyabrın 15-də Heydər Əliyev Fondunun, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və “Baku” jurnalının birgə təşkilatçılığı ilə Londonda Azərbaycan xalçalarının “Azərbaycan: uçan xalçalarla nağıllar aləminə” adlı sərgisi açılıb. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva sərginin açılışında iştirak edib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Azərbaycan xalçalarının Londonda nümayiş etdirilməsinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevaya minnətdarlığını bildirib, Azərbaycan mədəniyyətinin qədim qollarından biri olan xalçaçılıq sənəti haqqında danışıb.

Sərginin keçirilməsini yüksək dəyərləndirən İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Lord Freyzer son illərdə Azərbaycanda güclü inkişafın müşahidə olunduğunu deyib.

Leyla Əliyeva isə sərginin Azərbaycanın qədim və heyratamiz nağıl aləmi ilə tanışlıq baxımından əhəmiyyətini vurğulayıb. O, xalqımızın xalçaçılıq sənətinin tarixindən söz açıb, Azərbaycanın əfsanəvi İpək Yolu üzərində yerləşdiyini, bu yolun isə təkcə ticarət yolu deyil, eyni zamanda, dəyərlərin və mədəniyyətlərin mübadiləsi üçün geniş bir dəhliz olduğunu vurğulayıb.

Leyla Əliyeva sərginin Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmağa imkan yaradacağına ümidini ifadə edib.

Böyük Britaniyanın mədəniyyət naziri Ed Vaizey Azərbaycan ilə İngiltərə arasında mədəni əlaqələrdən danışıb, sərginin ölkələrimizin münasibətlərinin daha da güclənməsinə xidmət etdiyini deyib.

Sərgi çərçivəsində “Azərbaycan” nəşrinin ingilis dilində versiyasının təqdimatı olunub.

Sonra tədbir iştirakçıları Azərbaycan xalçalarından ibarət sərgiyə baxıblar. Sərgidə coğrafi mövqeyinə, naxış kompozisiyasına, rəng həlli və texniki xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri təmsil olunub. Burada nümayiş etdirilən Quba, Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ və digər xalçaçılıq məktəblərinin nümunələri sərgiyə gələnlərdə böyük maraq doğurub. Sərgidə yer alan Qarabağ xalçaçılıq məktəbinin nümunələri Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha hamının diqqətinə çatdırıb.

Sərgidə səslənən Azərbaycan musiqisi də maraqla qarşılanıb.

Sərgi noyabrın 21-dək davam edəcək.