Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası (IDEA-International Dialogue for Environmental Action) gənclərin ali məktəbdə qazandıqları nəzəri bilikləri təcrübədə tətbiqinə şərait yaratmaq, araşdırma qabiliyyətlərini inkişaf etdirmək və onları peşəkar iş mühiti ilə tanış etmək məqsədi ilə təcrübə proqramının yeni mövsümünə başlayır.
Proqramda iştirak edən gənclər 5 iş günü, 4 saatlıq iş rejimində çalışmaqla müxtəlif ekoloji layihələrin hazırlanmasında, ekoloji tədbirlərin və aksiyaların keçirilməsində iştirak edəcək, təcrübə rəhbərlərinin nəzarəti altında müxtəlif ofis daxili işləri həyata keçirəcəklər.
Təcrübə proqramına 18-30 yaş arası olan, ekologiya, biologiya, coğrafiya, davamlı inkişaf, jurnalistika, ictimaiyyətlə əlaqələr, beynəlxalq münasibətlər, tərcüməçilik (Azərbaycan-ingilis, rus-ingilis) ixtisaslarından biri üzrə təhsil alan, Azərbaycan dilində mükəmməl danışa bilən, ingilis dilində sərbəst işləmək üçün bazaya malik olan (upper-intermediate level) gənclər qoşula bilərlər.
Təcrübə proqramına qoşulmaq üçün müraciət edən gənclərin seçimi başa çatdıqdan sonra onlara bir həftəlik təlimlər keçirilir. Təlimlər zamanı təcrübəçilərə kampaniyanın strukturu, iş sistemi və təcrübəçilərin məsuliyyətləri haqqında ətraflı məlumat verilir, ofis daxili qaydalar izah olunur.
Gənclər əsasən üç fəaliyyət istiqaməti üzrə təcrübə keçmək imkanına malik olacaqlar. Ətraf mühit və digər təbiət elmləri üzrə təhsil alan gənclər ekoloji layihələrin işlənib hazırlanması, ekoloji tədbirlərin təşkili və sair, jurnalistika, ictimaiyyətlə əlaqələr və beynəlxalq münasibətlər üzrə təhsil alan gənclər məqalələrin yazılması, mətbuat üçün açıqlamaların hazırlanması, rəsmi yazışmaların aparılması və sair, tərcüməçilik ixtisası üzrə təhsilini başa vurmuş və ya davam etdirən gənclər isə mətnlərin, mətbuat üçün açıqlamaların, məqalələrin və sairin tərcümələrini həyata keçirəcəklər.
Proqram sentyabrın 15-dən başlayacaq və 4 ay davam edəcək. Proqramı müvəffəqiyyətlə başa vuran gənclər müvafiq sertifikatlar əldə edəcəklər.
Proqramda iştirak etmək istəyən gənclər sentyabrın 5-dən gec olmayaraq CV və 300 sözdən çox olmayan mətni əhatə edən həvəs məktubunu “IDEA internship programme” adı altında [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
IDEA (International Dialogue for Environmental Action) Kampaniyası 2011-ci il iyul ayının 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.