IDEA Ətraf Mühit Kampaniyası “Atmosferin çirklənməsi ilə mübarizə üsulları” mövzusunda interaktiv seminar təşkil edib
17/09/2013

IDEA Ətraf Mühit Kampaniyası 16 sentyabr - Beynəlxalq ozon qatının mühafizəsi günü ilə əlaqədar “Atmosferin çirklənməsi ilə mübarizə üsulları” mövzusunda interaktiv seminar təşkil edib.

Seminar ətraf mühitin qorunmasına marağı olan 30-a yaxın gəncin iştirakı ilə keçirilib. Tədbirdə ekspert qismində iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova bildirib ki, son zamanlar artan enerji istehlakı və bununla əlaqədar atmosferdə karbon qazının miqdarının çoxalması ozon qatında dəliyin yaranmasına və getdikcə böyüməsinə səbəb olur. Bu problem Yer kürəsinin gələcəyi üçün çox böyük fəsadlar törədə bilər.

Seminarda atmosferin çirklənmə səbəbləri, ozon qatında yaranmış dəliyin insan həyatı üçün nə dərəcədə ziyanlı olması haqqında fikirlər söylənilib. Ekspert seminar iştirakçılarının problem haqqında fikirlərini öyrənib və onların suallarını cavablandırıb. Mətanət Avazova gəncləri bu cür problemlərin həllinə daha həssas yanaşmağa çağırıb.