Leyla Əliyeva Bakıda məktəbəqədər təhsil müəssisələrinin və poliklinikanın açılışında iştirak edib

Video

Leyla Əliyeva Bakıda məktəbəqədər təhsil müəssisələrinin və poliklinikanın açılışında iştirak edib

Leyla Əliyeva Bakıda məktəbəqədər təhsil müəssisələrinin və poliklinikanın açılışında iştirak edib
26/09/2013

Sentyabrın 25-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində 289 nömrəli körpələr evi-uşaq bağçası binasının yenidənqurmadan sonra açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.

Mehriban Əliyeva bağça binasının yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən fotostendə baxdı.

1976-cı ildən fəaliyyət göstərən bağça “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq yenidən qurulub. Yenidənqurma işləri nəticəsində burada uşaqlar üçün yüksək şərait yaradılıb.

Birinci xanım körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, burada 2 yaşdan 6 yaşadək olan 120 uşağın təlim-tərbiyəsi ilə peşəkar mütəxəssislər məşğul olacaq. İkimərtəbəli bağçada 6 qrup var.

Mehriban Əliyeva Buzovnadakı bağçaların sayı və oradakı vəziyyətlə maraqlandı. Məlumat verildi ki, qəsəbədəki altı bağçadan dördü artıq əsaslı təmir olunub və yenidən qurulub.

X X X

Daha sonra Mehriban Əliyeva və Leyla Əliyeva Buzovna qəsəbəsində 246 nömrəli körpələr evi-uşaq bağçasının yeni binasının açılış mərasimində iştirak ediblər.

Bağçanın 1985-ci ildə tikilmiş əvvəlki binası son illər yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu binanın yerində yeni körpələr evi-uşaq bağçası inşa edilib. İndi 246 nömrəli körpələr evi-uşaq bağçasındakı şərait ən müasir tələblərə cavab verir.

Bağçada Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət göstərəcək. Burada ümumilikdə 220 uşağın təlim-tərbiyəsi ilə peşəkar heyət məşğul olacaq. On bir qrup üzrə fəaliyyət göstərəcək bağçada uşaqların hərtərəfli və sağlam böyümələri üçün lazımi şərait yaradılıb, o, bütün zəruri avadanlıqlarla, oyuncaqlarla təchiz edilib. Bağçaya Heydər Əliyev Fondu tərəfindən də inventarlar hədiyyə olunub. Həyətyanı sahə abadlaşdırılıb, 4 min 500 kvadratmetr sahədə yaşıllaşdırma işləri aparılıb, oyun meydançaları və köşklər qurulub.

X X X

Mehriban Əliyeva və Leyla Əliyeva Xəzər rayonunun Türkan qəsəbəsindəki 214 nömrəli körpələr evi-uşaq bağçasının açılışında da iştirak ediblər.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu il inşa olunan bağçanın ümumi sahəsi təqribən 6 min kvadratmetr, tikintialtı sahə isə 3800 kvadratmetrdir. Bağçanın ətrafında abadlaşdırma işləri görülüb, yaşıllıq salınıb. Uşaqlar üçün futbol meydançası və istirahət guşələri yaradılıb, müxtəlif attraksionlar quraşdırılıb.

İkimərtəbəli binada balacaların təlim-tərbiyəsi və məktəbəqədər hazırlığı üçün zəruri şərait yaradılıb. 200 yerlik bağçada 10 qrup fəaliyyət göstərəcək. Bunlardan ikisi kiçik yaş qrupu, ikisi orta yaş qrupu üçündür. Üç böyük yaş və üç məktəbə hazırlıq qruplarında da yüksək şərait yaradılıb. Bütün tədris otaqları əyani vəsaitlərlə təchiz olunub. Bağçada on yataq otağı var. Musiqi zalı da zəruri avadanlıqlarla təchiz olunub. Bundan əlavə, balacaların psixoloji hazırlığı məqsədi ilə binada oyun zalları, yüksək səviyyədə yemək otaqları yaradılıb. Bağçada balacaların fiziki sağlamlığının təşkili məqsədi ilə yüksək standartlara uyğun hovuz tikilib.

X X X

Daha sonra Mehriban Əliyeva və Leyla Əliyeva Türkan qəsəbəsində yeni poliklinikanın açılış mərasimində iştirak ediblər.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu il tikilən poliklinikanın inşası yüksək keyfiyyətlə həyata keçirilib. Poliklinikanın ərazisində yaşıllıq salınıb, işıqlandırma sistemi quraşdırılıb. İkimərtəbəli binada 36 kabinet var. Poliklinika ən müasir tibbi avadanlıqlarla təchiz edilib, müasir standartlara uyğun olaraq rentgen, stomatoloq, ginekoloq, cərrah, USM, kardioloq, oftalmoloq kabinetləri qurulub. Burada müasir standartlara uyğun laboratoriya da fəaliyyət göstərəcək.

X X X

Xəzər rayonunun Binə qəsəbəsində 285 nömrəli körpələr-evi uşaq bağçası üçün tikilmiş yeni binanın da açılışı olub. Mehriban Əliyeva və Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.

1985-ci ildə tikililmiş bina 2013-cü ilin martında sökülüb və Heydər Əliyev Fondunun təşəbbüsü ilə onun yerində yenisi inşa olunub.

Mehriban Əliyeva bağçanın əvvəlki və indiki görünüşünü əks etdirən fotostendlə tanış oldu.

Bağçanın foyesində ümummilli lider Heydər Əliyevin və onun adını daşıyan Fondun uşaqlara diqqət və qayğısı istiqamətində gördüyü işlərdən bəhs edən fotoguşə yaradılıb.

Birinci xanım bağçanın yeməkxanası ilə tanış oldu.

İki yüz iyirmi yerlik körpələr evi-uşaq bağçasında Azərbaycan və rus qrupları fəaliyyət göstərəcək.

Mehriban Əliyeva uşaqların istirahəti üçün yaradılan şəraitlə də tanış oldu. Bildirildi ki, bağçada musiqi və idman zalları fəaliyyət göstərir. Birinci xanım idman zalında yaradılmış şəraitlə tanış oldu.

Mehriban Əliyevaya uşaq bağçası-körpələr evinin ətrafında aparılan abadlıq işləri barədə də məlumat verildi.