Leyla Əliyeva: “Mən pozitiv insanam”
20/04/2013

İqor Drobışevin müsahibəsi

Leyla Əliyeva: “Mən pozitiv insanam”

Dörd il öncə, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) magistratura pilləsinin məzunu, Leyla Əliyeva ilə görüşəndə, o ana olmağa hazırlaşırdı. Daha sonra onun əkiz oğulları – Əli və Mikayıl dünyaya gəldi. “Uşaqlar mənim həyatımı dəyişdilər. Onlar həyatımı daha dolğun etdilər”,- Leyla gülümsəyərək deyir. Bu gənc, gözəl xanımın ailəsi haqqında ləyaqətlə və azca utancaq şəkildə danışması rəğbətdən kənar qala bilməz. Ötən görüşümüzə əsasən əminliklə deyə bilərəm ki, Leyla ilə ünsiyyət, mənimçün ayın xoş təəssüratı olacaq. Çoxsaylı nəşrlərdən bilirəm ki, onun həyatında drayv azalmır, əksinə getdikcə daha da güclənir. Leyla bir sıra ciddi ictimai təşkilatların prezidenti, “Bakı” jurnalının baş redaktorudur. Bütün bunlar barədə ondan soruşmaq lazımdır, sadəcə bir sual qalır: “Nədən başlamalı?”

MJ: Leyla, bilirəm ki, Sizin bütün işləriniz əvvəlcədən planlaşdırılır, lakin təsəvvür edin ki, hansısa bir gün sərbəstsiniz və çoxdandır arzu etdiyiniz bir işi həyata keçirə bilərsiniz. Bu halda Siz nə edərdiniz?

Mən dağların zirvəsinə qalxmağı arzu edirəm. Azərbaycanda çoxlu füsünkar dağlar var. Lakin mən dağa tək çıxmaq istəmərəm. İstəmərəm ki, gənclərdən ibarət bir komanda toplayım və bunu ekoloji bir aksiyaya çevirim.

MJ: Bilirik ki, Siz Azərbaycanda ekologiya mövzusunu fəal şəkildə irəli aparırsınız. Bəs bu nədən başladı?

Mən hələ uşaqlıqdan heyvanları çox sevirəm. Əvvəllər ilan, kirpi, ceyran, pişik və it saxlayırdım. Hətta hind donuzu da saxlamışam. Birincisinin adı Aleksandr Sergeyeviç idi...

MJ: Bu adı ona Siz vermişdiniz?

Yox, əlbəttə ki! Biz onu zoomağazada alanda artıq adı var idi... İndi mənim tüksüz hind donuzum var. Adı da sfinksdir. O hər ay bala dünyaya gətirir. Adətən balaları uşaq teatrlarına hədiyyə veririk...Böyük ekologiya təşkilatı yaratmaq ideyası isə, təxminən 1 il əvvəl meydana gəlib. Azərbaycanın çox zəngin təbiəti var. Ölkəmizdə 11 iqlim qurşağından 9-na rast gəlmək olar. Sadəcə maşına əyləşib cənub bölgəsinin dağ və bolsulu çaylarından tutmuş, şimalın sıx meşələri və sakit göllərin sahillərini dolana bilərsiniz. Azərbaycanda hər zaman təbiətə qayğı göstərilib. Lakin biz bu məsələni tam fərqli bir səviyyəyə çatdırmağı, təkcə ölkəmizdə deyil, bütün Qafqazda bununla məşğul olmağı və hətta beynəlxalq layihələrdə də iştirak etməyi qərara almışıq. Əsas ideyamız (yeri gəlmişkən, təşkilatımız elə bu cür də adlanır: IDEA - International Dialog For Environmental Action) gənclərin marağına səbəb olmaqdır. Bunun üçün daha yaradıcı yanaşma tələb olunur. Bu məqsədlə ölkəmizdə kökü kəsilməkdə olan 5 heyvanı müəyyənləşdirmişik. Bunlar ayı, canavar, qəzal, qırğı və vaşaqdır. İl ərzində bu “beşlik”lə bağlı çoxlu maraqlı tədbirlər keçirmişik. Bunlara misal olaraq, “Qəzal festivalı”nı göstərmək olar.

MJ: Festivalda bu sürətli heyvanların qaçış yarışı keçirilmişdi?

Təbii ki, yox! Biz heykəllər üzərində şəkillər çəkmişdik. Sonra problemə diqqət cəlb etmək üçün həmin heykəllər bütün Azərbayan ərazisində yayıldı. Digər bir aksiya çərçivəsində bizim könüllü-ekoloqlarımız yaşıl avtobuslarda şəhər və kəndlərə səfər edərək məktəblərdə mühazirələr oxuyur, ekologiya otaqları yaradırdılar. Gənclərimiz mütəmadi olaraq, ağaclar əkir, sığırçın yuvaları hazırlayırlar. Bu yuvaların sayı o qədər çox idi ki, onların bir hissəsini Rusiyaya hədiyyə verməyi qərara aldıq. Bununla bağlı “World Wildlife Fund Russia”nın nümayəndələri ilə görüşmüşəm. Artıq yuvalar Astraxan şəhərinə çatdırılıb. Biz həmçinin, Rusiyada zubrların müdafiəsi üzrə birgə layihədə də iştirak etmək istəyirik. Bununla bağlı, zubrlar üçün artıq mövcud 2 qoruqdan əlavə, daha bir qoruq yaradılacaq. Məni həmçinin, Qafqaz bəbirinin mühafizəsi də maraqlandırır. Bu nadir heyvan dünyada pişiklər fəsiləsinin ən iri nümayəndələrindən biridir. Biz onun izlərini taparaq şəkillərini çəkmişik. Hazırda onun sayını artırmaq üçün heyvan yetişdirmə müəssisəsi yaratmaq istəyirik. Lakin bir problem var ki, bəbir müxtəlif ölkələrin ərazilərinə keçdiyindən onu pusmaq çox çətindir. Nəhayət, ev heyvanları üçün sığınacaq da tikməyi planlaşdırırıq... Çalışdığım bütün istiqamətlər arasında ən sevdiyim ekologiyadır, çünki bu sahədə xeyirli bir iş görmək üçün xüsusi səy göstərmək lazım deyil. Hər bir kəs ekologiyaya öz töhfəsini verə bilər...

MJ: Bəli, bunun üçün sadəcə lazım olmadıqda işığı söndürməklə elektrik enerjisinə qənaət etmək lazımdır!..

Əlbəttə! Hətta ilk baxışdan əhəmiyyətsiz görünən, kiçik uşağın hər hansı heyvanın şəklini çəkməsi belə, müəyyən qərarlar verməli olan yetkin bir insanı düşünməyə məcbur edə bilər. Buna görə də, bu yaxınlarda “Dünya uşaqların gözü ilə” fotoqrafiya müsabiqəsi elan etmişik. Münsiflər heyəti göndərilmiş minlərlə şəkil arasından ən yaxşılarını seçmişdi. Baş mükafata isə, Rusiyadan 8 yaşlı Anastasiya Vorobko layiq görüldü.

MJ: Bəs həmin şəkildə nə əks olunub?

Qarğa.

MJ: Sadəcə qarğa?

Bəli, amma çox gözəl idi! May ayında Bakıda keçiriləcək festivalda müsabiqənin qalibləri mükafatlandırılacaq.

MJ: İlham Əliyev ictimai fəaliyyətinizdə Sizə məsləhət verirmi?

Mən hər zaman onun məsləhətlərinə qulaq asıram. Atam bir qayda olaraq, heç vaxt səhv etmir. Bu mənim həyatım boyu anladığım ən əsas şeydir. Bu həqiqətən belədir! Bu sadəcə onun mənim atam, yaxud prezidentimiz olması ilə bağlı deyil. Eyni zamanda, o heç vaxt öz fikrini zorla qəbul etdirməyə çalışmır. İndiyədək heç vaxt onun - “Bunu belə etməlisən” deməsini eşitməmişəm. O sadəcə məsləhət verir. Son nəticədə isə, onun məsləhətləri hər zaman düz olur. Bir müddət keçdikdən sonra, onun qabaqcadan dediyi nəticəyə gəlib çıxıram. Bunu onun gözüaçıqlığı, ağlı və qeyri-adi insani keyfiyyətləri ilə izah etmək olar. Mən bütün işlərimdə onunla məsləhətləşirəm. Bura həm Heydər Əliyev Fondu, həm ekologiya sahəsi, həm də “Bakı” jurnalı ilə bağlı gördüyüm işlər daxildir.

MJ: Maraqlıdır, hansı aspektdən?

Bəzən onunla fotoları müzakirə edirik. Mən ondan hansı şəkilləri seçməyi məsləhət gördüyünü soruşuram.

MJ: Atanız da, Sizin kimi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. Təsadüfi deyil ki, MDBMİ məzunlarının ilk beynəlxalq forumu aprel ayında Bakıda keçiriləcək.

Mən bu görüşü səbirsizliklə gözləyirəm. Orada sevimli müəllimlərimi, məsələn, Vladimir Nikolayeviç Şişkini, həmçinin böyük hörmət bəslədiyim, əcnəbi tələbələrlə iş üzrə dekan və digərlərini görməyi ümid edirəm. Düşünürəm ki, Bakıya səfərə edəcək qonaqlar həm dincələ, həm də qeyri-rəsmi şəraitdə ünsiyyət saxlaya biləcəklər. 10 il əvvəl Bakıda olmuş qonaqlar isə, ümumiyyətlə şəhəri tanımayacaq. Hətta mən özüm də, 1-2 ay fasilədən sonra Bakıya qayıtdıqda mütləq nəsə yeni bir şey aşkar edirəm. Çünki şəhərdə çoxsaylı tikintilər həyata keçirilir!

MJ: Bəs Forumdan hansı gözləntiləriniz var?

Ola bilər ki, ünsiyyət zamanı təhsil, ekologiya, cəmiyyətin inkişafı ilə əlaqədar ideyalar yaranacaq. Forumun bu cür görüşlər üçün başlanğıc rolunu oynaması da çox vacibdir. Əlimizdən gələn hər şeyi edəcəyik ki, qonaqlar özlərini evlərindəki kimi hiss etsin. Axı Azərbaycan xalqının fərqli xüsusiyyətlərindən biri qonaqpərvərlikdir. Bizim insanlar qonaqları çox sevir. Fikrimcə, ölkəmizdə humanitar, ekologiya, təhsil sahəsində çoxlu sayda forumun keçirilməsinin səbəblərindən biri də məhz budur.

MJ: MDBMİ məzunlarının Forumu Azərbaycan prezidentinin himayəsi ilə keçiriləcək, bu isə, onu həm Bakı, həm də bu ali təhsil müəssisəsinin tələbələri üçün xüsusi bir tədbirə çevirir.

Fikrimcə, MDBMİ prezident Əliyev kimi layiqli məzunu ilə fəxr edə bilər. Mən, ekologiya və gənclər üzrə dəyirmi masalarda iştirak etməyi planlaşdırıram. Bizim “World Wildlife Fund Russia” fondu ilə çox sıx əlaqələrimiz mövcuddur və düşünüəm ki, forum çərçivəsində vacib ekoloji layihələr üzrə razılaşmalar imzalaya bilərik. Gənclər mövzusunda keçiriləcək müzakirələrdə, mən Rusiyadakı azərbaycanlı gəncləri özündə birləşdirəm, AMOR təşkilatını təmsil edəcəyəm. Ötən dəfə Sizinlə görüşərkən o hələ yenicə yaranmışdı. İndi isə, bu ideyanın tamamilə reallaşdığını deyə bilərəm.

MJ: Qonaqlara şəhərdə nəyə tamaşa etməyi məsləhət görərdiniz?

Bakıda gözəl yerlər çoxdur. Əgər memarlıqdan danışsaq, Zaha Hadid tərəfindən tikilmiş Heydər Əliyev Mərkəzini göstərmək olar. Bu bəlkə də onun tikdiyi ən gözəl binadır. Haqlı olaraq bu binanı postmodernizmin şedevri adlandırırlar. Bundan başqa, gecələr işıqlanan «Alov qülləri»ni (Flame Towers) və digər müasir tikililəri də qeyd etmək olar. Lakin Bakı həm də öz tarixi ilə cəlbedicidir. Məsələn, İçərişəhərin füsünkar, dar küçələri, “Nouveau Art” stilində tikilmiş Fransa memarlığının nümunələri və s. Təbii ki, “Qız qalası”nı görmək, sevgililərin gəzdiyi Bakı bulvarında gəzişmək lazımdır. Bəlkə də qonaqlar, Bakıdan 40 dəqiqəlik məsafədə olan Qobustana səfər edə bilərlər. Orada tarixi eramızdan 10 min il əvvələ gedib çıxan qayaüstü rəsmlər indiyədək qalmaqdadır.

MJ: Ekologiyadan başqa dünyanın inkişafındakı daha hansı problemlər Sizi narahat edir?

Təhsil. Bu, istənilən cəmiyyətin bünövrəsini təşkil edir. Təhsil olmasa, inkişaf da olmaz. Buna görə də, oxumaq heç vaxt nə gec, nə də tez deyil. Dünyada informasiyann həcmi artsa da, insanların  məlumatlılığı daha da azalır.

MJ: Bəli, bu paradoksdur... Sizcə, bunun səbəbi nədədir?

Çünki insanlar kitab oxumur, televizora baxmır. Tamaşaçılar saatlarla, iştirakçılarının qapalı məkanlarda yaşadıqları, sonsuz teleserialları və realiti-şouları izləyir. Məni bu uşaqların inkişafı baxımından daha çox narahat edir. Müasir cizgi filmlərində yalnız dalaşır və söyüş söyürlər! Belə cizgi filmləri uşaqlara nə öyrədə bilər? Sovet cizgi filmlərində öyüd-nəsihət və mahiyyət var idi. Cizgi qəhrəmanları gözəl şerlərlə danışırdı... Məni həmçinin, internetin həyatımızda oynadığı rol da narahat edir. Fikrimcə, biz internetdən böyük həcmdə səthi məlumatlar alırıq. Bu məlumatlar kitab oxumağı əvəz edə bilməz. Təəssüf ki, çoxları üçün televiziya və internet əsas qayəyə çevrilib.

MJ: Məncə, bu elə bir sahədir ki, burada demokratiya oyunu oynayaraq, işi özbaşına buraxmaq olmaz. Nəyisə qadağan etmək malik olduğumuz gözəl xüsusiyyətləri isə yaymaq lazımdır.

Uşaqları başa salmaq və doğru seçim etmələri üçün kömək etmək lazımdır! Oğlanlarımı tərbiyə edərkən buna diqqət yetirirəm.

MJ: Ən böyük təhlükə - kompüter oyunlarıdır.

Bu bir xəstəlikdir! Uşaqlara kompüter oyunları oynamağı qadağan etmişəm.

MJ: Uşaqların tərbiyəsində hansı əsas üsuldan istifadə edirsiniz?

Bilirsiniz, onlar artıq uşaq deyil, tamamilə fərqli və güclü xarakterli insanlardır.  Eyni zamanda, hər ikisi şən və ünsiyyətcildir. Hər ikisi Oxatan bürcündəndirlər, bu isə, mənim ən çox sevdiyim bürcdür! Çalışıram ki, onları çox himayə etməyim. Hər halda onlar oğlan uşağıdır və özlərini qorumağı bacarmalıdırlar. Mən onlarla dost münasibətləri qururam və birlikdə vaxtımızı çox şən keçiririk. Otaqlarına getdikdə hərəsi məni öz oyuncaqlarına tərəf çəkir. Öz aralarında, diqqətimi və vaxtımı hansının daha çox alacağı ilə bağlı, rəqabət aparırlar! Onlara qarşı əsas tələbim hər zaman oxumaq və təhsilli insan kimi yetişmək olacaq. “Biz biliklərimizi qoruyur, biliklərimiz isə, bizi mühafizə edirlər”. Bu cümləni nə zamansa eşitmişəm və çox xoşuma gəlib. Sadə, lakin dərin mənaya malikdir. Buna görə də, oğlanlarım artıq dilləri öyrənir, əlifbanı bilirlər. Ümid edirəm, 5 yaşına çatdıqda onları məktəbə göndərəcəm.

MJ: Bakılılar ənənəvi olaraq, ikidilli olublar, həm rus, həm də Azərbaycan dilində danışıblar.

Bizim insanların çoxunun rusca təmiz danışması böyük nailiyyət və sərvətdir. Məncə, rus dili dünyanın ən gözəl dillərindən biridir. Azərbaycan keçmiş sovet məkanında yeganə ölkədir ki, məktəblərdə rus dilinin tədrisi olduğu kimi qalıb. Bakıda Rus Dram Teatrı, Bakı Slavyan Universiteti və Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyət göstərir... Oğlanlarımın harada təhsil almalarından asılı olmayaraq, onların ilk növbədə Azərbaycan dili və tarixini, həmçinin, rus dili və ədəbiyyatı öyrənmələrini çox istərdim. Fikrimcə, uşaqlar üçün məktəb seçimi asan olmayacaq. Birincisi sovet təhsili sistemi demək olar ki, qalmayıb. Belə bir güclü təhsil sistemi artıq mövcud deyil. İkincisi, vaxtımı Moskva, London və Bakı arasında bölüşdürməli oluram.

MJ: Yeri gəlmişkən, bir də gözünüzü açacaqsınız ki, artıq universitet seçməlisiniz.

Fikrimcə, bu daha asan olacaq! İndidən fikir söyləmək tezdir, amma çox istərdim ki, onlar da MDBMİ-də təhsil alsın. Biz buna ümid edirik. Lakin onları məcbur etmək düzgün olmazdı. Buna baxmayaraq, öz təcrübəmə əsasən deyə bilərəm ki, onlar bundan məmnun qalar. Mənim üçün MDBMİ-də təhsil almağım ən xoş xatirələrdən biridir. Aldığım yüksək səviyyəli təhsildən əlavə, mənimçün ağıllı, layiqli, ziyalı müəllim və professorlarla ünsiyyət heç də az əhəmiyyət kəsb etməyib. Bəlkə də bu kədərli səslənəcək, lakin bizim dövrdə belə ünsiyyət nadir hala çevrilməkdədir. Çox yaxşı haldır ki, MDBMİ bu potensialını qoruyub saxlaya bilib. Məhz orada mən ciddi şəkildə ictimai fəaliyyətlə məşğul olmağa başlamışam. İlk növbədə biz Azərbaycan klubu yaratdıq. Klubun yaradılması ilə bizim gənlər birləşməyə başladı. Daha sonra Rusiyanın müxtəlif ali təhsil müəssisələrində analoji klublar yaradılmağa başladı. Hazırda 60-dan çox regional şöbələr fəaliyyət göstərir. Mən indiyədək Azərbaycan klubuna rəhbərlik edirəm, çünki gənclərin şövqünün gözləntilərimi üstələdiyini hiss edirəm! Bizim istedadlı, çox ağıllı gənclərimiz var. Onlar öz Vətənlərini sevir və Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün çox işlər görmək istəyir. Bu yaxınlarda, MDBMİ-in azərbaycanlı məzunlarını birləşdirmək üçün Məzunlar Assosiyasını yaratdıq və mən böyük sevinc və fəxarət hissi ilə qurumun Şurasına rəhbərlik edirəm.

MJ: Yeri gəlmişkən, Assosiasiyanın məsul katibi Ruslan Əliyevdir. O, təbiətdən istifadə kafedrasının yaradaraq, rəhbərlik etməklə MDBMİ-də ekologiya mövzusunu inkişaf etdirir... Gəlin, bir az da yaradıcılıq barədə danışaq. Xatırlayıram ki, ötən dəfə Azərbaycan haqqında çəkilmiş və Sizin də iştirak etdiyiniz gözəl reklam roliki barədə danışmışdıq. Bəs, bədii filmdə baş rolda oynamaq fikriniz yoxdur? Məsələn, ekologiya mövzusunda olan bir filmdə?

Biz bu mövzuda çoxlu sənədli filmlər çəkmişik. Nə zamansa tammetrajlı filmdə çəkməyimiz istisna olunmur, amma bu sahədə nə dərəcədə uğur qazana biləcəyimiz bilmirəm.

МJ: Məsələn, Amazon meşələrində tətqiqatçı-qadın rolunda... Təbii ki, anakonda ilanları olmadan!

Niyə ki, lap anakonda ilə də ola!.. Düzü, artıq 2 ildir ki, Qurban Səidin “Əli və Nino” əsərinin filmi üzərində çalışırıq. Bu azərbaycanlı oğlan və gürcü qız arasındakı bir məhəbbət tarixçəsidir. Filmin prodüseri kömək üçün mənə müraciət etmişdi və bu ideya mənim xoşuma gəldi. Həm də, bu film vasitəsilə dünya Azərbaycanı daha yaxından tanıya bilər.

МJ: Bəs ən çox sevdiyiniz kitab hansıdır?

Remarkın “Üç yoldaş” əsəri. Bundan başqa, çoxlu şerlər oxuyuram. Puşkinin şerlərini təkrar-təkrar oxumağı çox sevirəm. O dahi şair olub. Həmçinin, Yesenin və Mayakovskini də sevirəm. Müasir dövrün şairlərindən isə, Vısotskiy və Rojdestvenskini çox bəyənirəm. Özüm də şerlər yazıram.

MJ: Siz “Bakı” jurnalının baş redaktorusunuz. Bu işdə nədən drayv alırsınız?

Nəticədən. Səbirsizliklə hər yeni nömrənin buraxılışını gözləyirəm. Çapa verilməmişdən öncə dəfələrlə gözdən keçirməyimə baxmayaraq, yeni nömrəni əlimə götürdükdə böyük sevinc hissi keçirirəm. Bu yaxınlarda, “Bakı” jurnalının ingilisdilli versiyası da işıq üzü gördü. Jurnalda mədəniyyət, incəsənət, art-layihələr haqqında daha çox məlumatlar yer alır.

MJ: Siz axı həm də rəsmlər çəkir, hətta sərgilərdə də iştirak edirsiniz. Bəs bu maraq nədən yarandı?

Mən uşaqlıqdan rəsm çəkməyi çox sevirdim və bundan böyük zövq alırdım. Amma rəsmlərimi heç kimə göstərməzdim. Ad günündə baba hədiyyə edərdim.  “Bakıya uçuş” sərgisi barədə düşünərkən, layihənin kuratoru Erve Mikaelof layiqli işləri seçmək üçün Bakıya gəlmişdi. O, 21 rəssamın foto, rəsm və heykəltəraşlıq işini seçdikdən sonra, mənə də sərgidə iştirak etməyi təklif etdi. Mən bir az çəkinirdim, axı mən rəssam deyiləm və özümü sənətkarlarla müqayisə etmək istəməzdim, amma yenə də, iştirak etmək mənim üçün çox xoş idi. Bu sərgi Paris, London və Roma keçirildi. Ən isti qarşılanma isə, Moskvada baş tutdu. Belə ki, gün ərzində 2 mindən çox insan sərgiyə tamaşa etməyə gəlirdi. 

MJ: Rəsmlərinizin əsas mövzusu nədən ibarətdir?

Çoxları deyir ki, rəsmlərim bir qədər kədərlidir və qəlbimin vəziyyətini əks etdirir. (Leyla, mobil telefona çəkilmiş bir neçə rəsmini göstərir. Bunlardan birində qız şəkli əks olunub. Onu daxilində kəpənəklərlə dolu banka, ətrafında isə, ilanlar təsvir olunub) Lakin mən belə hesab etmirəm. Mən insanlarn çoxuna xas problemləri göstərməyə çalışıram. Əsasən insanlar müsbət emosiyaları daxilində saxlayaraq (Leyla kəpənəklərlə dolu bankanı göstərir), mənfi emosiyaları kənara buraxır (ilanları göstərir). Axı mənfi emosiyaların da öz gücü var. Ətrafdakı insanlara öz müsbət enerjimizi ötürməliyik, biz isə, bunu etmirik. Şəxsən mən dünyaya çox müsbət yanaşıram. Həmişə elə düşünmüşəm ki, müsbət yanaşma, yaxşı fikirlər, xeyirin şər üzərində qələbəsinə inam dünyanı daha da yaxşı edir. Fikrimcə, hər kəs belə düşünməlidir. Axı fikirlərin də öz cazibə qüvvəsi var. Əgər hər şeyin pis olacağını düşünürsənsə, deməli bu belə də olacaq... Rəsmlərim digər mövzusu sevgidir. Onlardan bəziləri formaca kifayət qədər həcmlidir. Lakin mən başqa cür edə bilmirəm. İncəsənətdə sərhəd anlayışı ola bilməz.