Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində Xalq Rəssamı Tahir Salahovun “Əsrlərin qovşağında” adlı fərdi sərgisi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə iştirak edib.
Sərgi haqqında məlumat verən Heydər Əliyev Mərkəzinin icraçı direktoru Anar Ələkbərov Mərkəzin son vaxtlar nüfuzlu beynəlxalq tədbirlərin, simpoziumların, konfransların keçirildiyi məkana çevrildiyini bildirib. Mərkəzdə bir çox sərgilər də təşkil edilib. XX əsrin məşhur rəssamı Endi Vorholun Heydər Əliyev Mərkəzində keçirilən “Həyat, ölüm və gözəllik” sərgisini on mindən artıq insan ziyarət edib.
Tahir Salahovun fərdi sərgisinin açılması isə görkəmli fırça ustasının 85 illik yubileyinə təsadüf edir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı, akademik Ömər Eldarov Tahir Salahovun yaradıcılıq üslubundan, dünya şöhrətli fırça ustasının Azərbaycan incəsənətinə verdiyi töhfələrdən danışıb.
Mərasim iştirakçılarına dərin təşəkkürünü bildirən Xalq Rəssamı Tahir Salahov belə bir məkanda sərgisinin təşkilindən həyəcan keçirdiyini, bunu özünə böyük şərəf bildiyini söyləyib: “Bu sərgini xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edirəm. Çünki 2013-cü il ulu öndər Heydər Əliyev ilidir”.
Sərgidə məşhur fırça ustasının müxtəlif dövrlərdə, eləcə də son illərdə çəkdiyi 100-dən çox əsər nümayiş etdirilir. Onların sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti, həmçinin Qara Qarayev, Dmitri Şostakoviç və Mstislav Rostropoviçin portretləri, “Sənə bəşəriyyət”, “Aydan”, “Neftçinin portreti”, “Alagöz – Şərq əfsanəsi”, “Aydan – Şərq ulduzu”, “Odlar yurdu” triptixi –“Atəşgah”, “Xəzər bu gün”, “Qız qalası” və digər məşhur əsərləri də yer alır. Sərgidə, həmçinin Tahir Salahovun ilk dəfə məhz Heydər Əliyev Mərkəzində sərgilənən işləri də var. Ekspozisiyada rəssamın həm tabloları, həm də rəsmlərinin xalça versiyası təqdim olunur.
Sərgi noyabrın 6-dək davam edəcək.