Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
“Baku” jurnalının “Baku İnternational” adlanan ingilisdilli versiyasının Böyük Britaniyada çapdan çıxması münasibətilə Moskvada keçiriləcək təqdimat mərasimi ərəfəsində Rusiyanın İTAR-TASS agentliyində Heydər Əliyev Fondunun vitse-prezidenti, jurnalın baş redaktoru Leyla Əliyevanın mətbuat konfransı keçirilib.
İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman mətbuat konfransını açaraq Moskvada “Baku” adlı ictimai-siyasi jurnalın artıq bir neçə ildir nəşr olunduğunu bildirib. Jurnal çox populyardır və olduqca geniş oxucu auditoriyasına malikdir. Bu yaxınlarda jurnalın ingiliscə versiyasının birinci nömrəsi Londonda çapdan çıxıb.
Daha sonra Leyla Əliyeva çıxış edib: “Dörd il bundan əvvəl Rusiyada bu jurnal rus dilində çap edilməyə başlamışdır. Biz həmin jurnalda ölkəmiz haqqında, onun mədəniyyəti, incəsənəti barədə söhbət açırıq. O vaxtdan məndə bu jurnalın beynəlmiləl versiyasını yaratmaq barədə güclü arzu oyanmışdı”. Oktyabrın 4-də “Konde Nast” nəşriyyat evi ilə birlikdə “Baku” jurnalının ingilis dilində çap olunduğunu vurğulayan Leyla Əliyeva deyib: “İndi bu jurnalı təkcə Bakıda və Moskvada deyil, həmçinin Londonda, Parisdə, Berlində, Romada, Nyu-Yorkda və bir sıra başqa şəhərlərdə oxuyacaqlar. Jurnalın Rusiya versiyası ilə çoxları artıq tanışdır. Biz bu versiyada Azərbaycanın zəngin mədəniyyəti, qədim tarixi, heyrətamiz təbiəti barədə söhbət açırıq. Ən başlıcası, biz insanlar haqqında, Azərbaycanın görkəmli rəssamları, yazıçıları, şairləri və sadə insanlar – dünyanın hər yerində yaşayan azərbaycanlılar haqqında danışırıq. Bakılılar haqqında, Bakı ilə maraqlananlar, Bakını sevənlər, öz fikirlərini başqaları ilə bölüşə biləcək adamlar haqqında danışırıq. Ümid edirəm ki, jurnalın ingilis versiyası onun rus versiyasından heç də geri qalmır. Biz bu versiyaya da çox yaradıcılıqla yanaşmışıq. Burada incəsənət, moda və maraqlı şəxsiyyətlər haqqında çoxlu material vardır. Jurnal ildə dörd dəfə çapdan çıxacaq və ümid edirəm ki, uğurlu olacaqdır”.
Jurnalistlərin suallarını cavablandıran Leyla Əliyeva bildirib ki, Rusiyada Azərbaycanı çox yaxşı tanıyırlar və “Baku” jurnalını oxuyanlar nə aldıqlarını bilirlər: “İngilis versiyası ilə əlaqədar vəziyyət bir qədər fərqlidir, elə etmək lazım idi ki, bu jurnal məhz əcnəbilər üçün maraqlı olsun. Ona görə biz məsələyə yaradıcılıqla yanaşmağı qərara aldıq və yeni layihə yaratdıq. Belə ki, jurnalın üz qabığından və məzmunundan başlayaraq biz nə isə yeni bir şey yaratmağa çalışmışıq. Şəxsən mənim üçün bu, sadəcə jurnal deyil, bir növ incəsənətdir”.
Leyla Əliyeva qarşıdakı planlar barədə də söhbət açıb. Baş redaktor jurnalı bütün dünyada təqdim etmək niyyətində olduğunu söyləyib: “Birinci təqdimat oktyabrın 4-də Londonda keçirilmişdir, sabah jurnal Moskvada, “Multmedia Art Muzey”də, noyabrın 17-də Bakıda təqdim ediləcəkdir. Daha sonra Nyu-Yorkda, Berlində, Parisdə təqdimat mərasimləri keçiriləcəkdir. Əlbəttə, onu hər yerdə təqdim etmək vacibdir. Başqa dillərdə nəşr məsələsinə gəldikdə isə, hələlik bu barədə tələsməyəcəyik, çünki jurnalın ingilis versiyasının yaradılmasına dörd il vaxt sərf etmişik. Əgər biz onu sadəcə tərcümə etsəydik, əlbəttə, işimiz asan olardı. Lakin bu, tamamilə yeni konsepsiya, tamamilə yeni yanaşma və tamamilə fərqli auditoriyadır”.
Jurnalın ölkəyə turistlərin cəlb edilməsində rolunun olub-olması məsələsinə gəlincə, Leyla Əliyeva bildirib ki, nəşrin məqsədi turistləri cəlb etmək yox, Bakının tarixi, mədəniyyəti, incəsənəti, gözəlliyi barədə söhbət açmaq və bunları göstərməkdir: “Şəxsən mənim üçün Bakı qürur mənbəyidir və istərdim ki, Bakının necə gözəl olduğunu başqaları da görsünlər. Fikrimcə, bu, turizmin inkişafına da kömək edəcəkdir. Lakin buna təkcə jurnal deyil, ölkəmizin bütün uğurları və nailiyyətləri də kömək edir”.
Leyla Əliyeva yeni nəşrin hazırlanması və “Konde Nast” nəşriyyatı ilə uğurlu əməkdaşlıq barədə ətraflı məlumat verib. O bildirib ki, jurnal rus dilində çapdan çıxdıqda və onun bütün dünyada yayılmasına çalışılan zaman çoxları bunu başa düşmür və sadəcə jurnaldakı şəkillərə baxırdı: “Əsas məqsəd bu idi ki, jurnal başqa ölkələrdə mövcud olsun və insanlar Azərbaycan haqqında daha çox bilsinlər. Jurnalın nəşri ilə məşğul olmaq çox maraqlıdır. Jurnal mənə böyük məmnunluq bəxş edir, çünki bu işə çox yaradıcı yanaşmaq lazımdır. Əlbəttə, mənim gözəl komandam var, biz bir-birimizi eşidirik, mən onların təcrübəsinə güvənirəm, lakin özüm də çoxlu ideyalar irəli sürməyə çalışıram. Bu jurnalı buraxmaq mənə böyük ləzzət verir. İngilisdilli versiya incəsənətlə, rəssamlarla daha çox bağlıdır. Bu jurnalda Breynvoş adlı yeni rəssam haqqında çox maraqlı bir məqalə vardır. Londonda onunla çoxları maraqlanır. Buna görə də biz bir layihə yaratdıq, rəssam bizim “Baku” jurnalı üçün məxsusi bir əsər çəkdi. Gələcəkdə də maraqlı, tanınmış rəssamları cəlb etməyi planlaşdırırıq. Hazırda Riç Simons Bakıdadır, orada layihələr üzərində işləyir. Jurnalın hər nömrəsi müəyyən mövzu ilə bağlı olacaqdır. Birinci nömrə od mövzusu ilə bağlıdır. Növbəti nömrə isə ağ rəng mövzusu ilə əlaqədar olacaqdır. Biz hər nömrə üçün Bakıdan dörd rəssam tapmağı planlaşdırırıq. Onlar məxsusi bu nömrə üçün müasir incəsənətlə bağlı art-layihələr yaradacaqlar. Bizdə istedadlı fotoqraflar da çoxdur. Məsələn, Tom Kreyq və feşn-çəkilişi icra etmiş Meri Fellous. Ümumiyyətlə, mən öz komandamdan çox razıyam, çünki onlar ideyanı dərhal başa düşdülər, onlar eyni cür fikirləşir və bütün bu işlərə yaradıcı yanaşırlar. Bu jurnalda hətta mənim də bir işim vardır”.
Həmvətənlərimizin “Baku” jurnalına münasibəti barədə sualı şərh edən Leyla Əliyeva onun azərbaycanlıların xoşuna gələcəyinə ümidini ifadə edib: “Çünki bizə çoxları müraciət edir. Biz onların hamısına jurnal göndəririk. Onlar həmin jurnalları oxuya və yaya bilərlər”.
“Baku” jurnalının ingilisdilli versiyasının təqdimatının Azərbaycanda “Eurovision” mahnı müsabiqəsi keçirilməsi ərəfəsində təşkil edilməsi ilə əlaqədar jurnalın yaradıcı kollektivinin planları barədə sualı cavablandıran Leyla Əliyeva deyib: “Biz həmin ay jurnalın rus versiyasını məxsusi olaraq yalnız “Eurovision” müsabiqəsinə həsr etməyə çalışacağıq. Bu, xüsusi buraxılış olacaqdır. Biz həmin buraxılışa da yaradıcı yanaşmaq, ola bilsin ki, hətta jurnalın üz qabığını, dizaynını dəyişmək və bütün nömrəni elə hazırlamaq fikrindəyik ki, Azərbaycana, “Eurovision” müsabiqəsinə gələn insanlar həmin jurnalda haraya getmək, öz vaxtını necə keçirmək barədə bütün zəruri informasiyanı tapa bilsinlər. Bu, Azərbaycan üzrə böyük bələdçi tipli bir nəşr olacaqdır, lakin həmin nömrə “Eurovision” müsabiqəsinə yaxın vaxtlarda çapdan çıxacaqdır”.
Baş redaktor sonda jurnalın əsas məqsədinin insanlar haqqında söhbət açmaq olduğunu söyləyib: “Mən bütün dünyada yaşayan bakılılar haqqında çox şey öyrənmişəm. Biz belə adamları tapır, onlar haqqında danışırıq. Onların məşhur olması vacib deyildir. Onlar ən adi insanlar ola bilər. Bu insanların öz həyat tarixçələri var və onlar bu barədə bölüşməyə hazırdırlar. Güman edirəm ki, jurnal məhz bununla insanların birləşməsinə və bir-biri haqqında öyrənməsinə kömək edəcəkdir”.