Mehriban Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının missiyasının rəhbəri Məhəmməd Ruiqinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
10/07/2012

İyulun 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) missiyasının rəhbəri Məhəmməd Ruiqinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Mehriban Əliyeva Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti barədə qonaqlara məlumat verdi. Fondun 2004-cü ildən fəaliyyət göstərdiyini deyən Mehriban Əliyeva qurumun müxtəlif sahələrdə, xüsusilə də humanitar sahədə bir çox layihələr həyata keçirdiyini bildirdi. BMT ilə sıx əməkdaşlığın qurulduğunu qeyd edən Heydər Əliyev Fondunun prezidenti bu təşkilatla birlikdə bir neçə müştərək layihənin reallaşdırıldığını qeyd etdi. Mehriban Əliyeva gələcəkdə də bu əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

Mehriban Əliyeva FAO-nun nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın inkişafına yeni təkan verəcəyinə ümidvar olduğunu bildirdi. Fondun prezidenti Azərbaycan dövlətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının fəaliyyətinə kömək etməyə hazır olduğunu vurğuladı. Mehriban Əliyeva Heydər Əliyev Fondunun da qeyri-hökumət təşkilatı kimi əməkdaşlığa hazır olduğunu diqqətə çatdırdı. Birinci xanım rəhbərlik etdiyi Fondun bir çox nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən UNİCEF və UNESCO ilə uğurlu əməkdaşlığından danışdı. Mehriban Əliyeva bu əməkdaşlığın FAO ilə də uğurlu istiqamətdə qurulacağına əmin olduğunu bildirdi.

Görüşə görə təşəkkür edən FAO missiyasının rəhbəri Məhəmməd Ruiqi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın gördüyü işləri yüksək qiymətləndirdiyini bildirdi. Görüşdə Heydər Əliyev Fondunun FAO-nun Romadakı baş ofisi ilə əməkdaşlığı, ərzaq təhlükəsizliyi, həmçinin bu sahədə xüsusi uşaq müəssisələrinin yaradılması məsələləri müzakirə olundu.