Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Mayın 25-də “Buta” sarayında 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri rəsmi qəbulda iştirak ediblər.
Dövlətimizin başçısı rəsmi qəbulda nitq söylədi.
Prezident İlham Əliyev Respublika Günü münasibətilə xalqımızı təbrik edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə kimi səciyyələndirdi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Cümhuriyyətin müstəqilliyinin çox qısamüddətli olduğunu qeyd edən dövlətimizin başçısı bu iki il ərzində böyük işlərin görüldüyünü, mühüm dövlət strukturlarının və atributlarının yaradıldığını vurğuladı.
Cümhuriyyətin süqutundan sonra Azərbaycanda sovet dövrünün başlandığını qeyd edən Prezident İlham Əliyev bütün çətinliklərə və ideoloji çərçivələrə baxmayaraq, o dövrün də Azərbaycan üçün uğurlu olduğunu bildirdi.
Azərbaycanın 1991-ci ildə bərpa etdiyi müstəqilliyinin ilk illərinin çətin keçdiyini, həmin dövrdə hökm sürən anarxiya, xaos, hakimiyyətsizlik və özbaşınalığın ölkəmiz üçün böyük təhlükə olduğunu deyən Prezident İlham Əliyev 1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısının alındığını, respublikada sabitliyin yarandığını, inkişaf dövrünün başlandığını, dövlətçiliyimizin əsaslarının formalaşdırıldığını və ümumi inkişaf strategiyasının müəyyənləşdirildiyini diqqətə çatdırdı.
Dövlətimizin başçısı 1993-2003-cü illərdə ölkəmizin böyük, uğurlu yol keçdiyini vurğulayaraq, xalqımızın ulu öndər Heydər Əliyevin xatirəsini hər zaman böyük ehtiramla yad etdiyini bildirdi.
Bu gün Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmləndiyini, regional müstəvidə təsir imkanlarının artdığını, iqtisadiyyatın inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı, digər sahələrdə də respublikamızın sürətlə inkişaf etdiyini dedi. Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil etdiyini deyən Prezident İlham Əliyev ötən il müstəqilliyinin 20-ci ildönümünü qeyd edən gənc respublikamızın 155 ölkənin etimadını qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini xarici siyasətimizin düzgün olduğunun bariz nümunəsi kimi səciyyələndirmişdir. Qeyd olundu ki, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz dünya birliyinin bizə olan münasibətini göstərir və hazırda Azərbaycan Təhlükəsizlik Şurasına sədrlik edir.
Ölkə qarşısında duran əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir, - deyən Prezident İlham Əliyev bu istiqamətdə heç bir nəticənin olmamasından təəssüfləndiyini vurğuladı. Münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində həlli ilə bağlı nüfuzlu beynəlxalq təşkilatların kifayət qədər qətnamə və qərarlarının olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bu istiqamətdə bir neçə gün əvvəl Çikaqoda keçirilən NATO zirvə görüşündə çox əsaslı və ədalətli qətnamənin qəbul edildiyini dedi.
Bu gün iqtisadi inkişaf templərinə görə Azərbaycan dünya miqyasında lider ölkədir, - deyən Prezident İlham Əliyev beynəlxalq kredit agentlikləri tərəfindən Azərbaycanın kredit reytinqlərinin yüksək qiymətləndirildiyini bildirdi. Qeyd etdi ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi təmin olunur, neft və qazdan asılılıq azaldılır, özəl sektorun inkişafına böyük dəstək verilir. Hazırda iqtisadiyyatımızın 80 faizi özəl sektorda formalaşır.
Azərbaycanın qonşuları ilə beynəlxalq hüquq prinsipləri, qarışlıqlı hörmət və etimad əsasında, bir-birinin işinə qarışmamaq şərti ilə münasibət qurmağa çalışdığını deyən dövlətimizin başçısı ölkəmizin bu yaxınlarda Qoşulmama Hərəkatına üzv olduğunu diqqətə çatdırdı. Bildirdi ki, bu təşkilatda Azərbaycana qarşı böyük rəğbət, inam vardır və biz bu vəziyyətdən istifadə edib daha da çox dostlar qazanacağıq.
Prezident İlham Əliyev ölkəmizin sosial-iqtisadi inkişafı və hüquqi-demokratik dövlət quruculuğu prosesinin bundan sonra da uğurla davam edəcəyini diqqətə çatdıraraq, Azərbaycan xalqını bir daha Respublika Günü münasibətilə təbrik etdi.
X X X
Sonra 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsi üzrə Dövlət Mükafatı ilə təltifedilmə mərasimi oldu. Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə tarixçi-alimlər Yaqub Mahmudov, Süleyman Məmmədov, Nazim Mustafayev, Gövhər Məmmədova və başqalarına Dövlət mükafatları təqdim edildi. Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına ölkəmizin elmi ictimaiyyəti adından minnətdarlığını çatdırdı.
Rəsmi qəbul konsert proqramı ilə davam etdi.