Oktyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sabunçu rayonunda fəaliyyət göstərən 11 nömrəli xüsusi internat məktəbində olub.
2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunan məktəbdə 799 şagird təhsil alır. Onlardan 127-si sağlamlıq imkanları məhdud olanlardır. Bundan başqa, məktəbdə aztəminatlı ailələrdən 597 uşaq təhsil alır. Xüsusi internat məktəbində təhsil alan şagirdlərdən 108-i burada qalır. Məktəbdə 88 müəllim və tərbiyəçi şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. Burada şagirdlər dərnəklərdə iştirak edir və idmanın müxtəlif növləri ilə məşğul olurlar. Heydər Əliyev Fondunun dəstəyi ilə məktəbin şagirdləri dünyanın müxtəlif yerlərində təşkil edilən idman və bilik müsabiqələrində iştirak edib və nailiyyətlər qazanıblar.
X X X
Sonra Leyla Əliyeva Abşeron rayonu Saray qəsəbəsində yerləşən xüsusi təyinatlı 7 nömrəli internat evində olub.
2010-cu ildə burada Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı yenidənqurma işləri aparılıb. Açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib. İnternat evi kompleksinə ikimərtəbəli inzibati bina, dördmərtəbəli yataq korpusu, idman korpusu, yeməkxana, mətbəx, camaşırxana və digər tikililər daxildir. Təmirdən sonra internat evi müasir inventar və avadanlıqla təmin olunub, uşaqların normal yaşamaları üçün hər cür şərait yaradılıb. Buraya əqli və fiziki cəhətdən qüsuru olan 4 yaşdan 18 yaşadək oğlan və qızlar qəbul olunur. Hazırda bu internat evində 138 uşaq var. Hər bir qrup üçün ayrıca yataq və oyun otaqları yaradılıb. Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla məşğələlər aparılır. İnternat evinin həyətində kiçik çörək sexi də açılıb. Bu, uşaqların keyfiyyətli çörək və digər un məmulatları ilə təminatına imkan verir.