Noyabrın 4-də Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının (IDEA) dəstəyi ilə “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
İki günlük konfransda müxtəlif ölkələrin dövlət qurumlarının, neft-qaz şirkətlərinin təmsilçilərindən, ekologiya sahəsində fəaliyyət göstərən alimlərdən və aparıcı mütəxəssislərdən ibarət 250 nəfərlik nümayəndə heyəti iştirak edir.
Konfransı açan ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə tədnirin keçirilməsində əsas məqsədin regionun davamlı inkişafı üçün ətraf mühitin cari vəziyyətinin kompleks təhlilini vermək, ətraf mühitin müxtəlif komponentlərinin tədqiqində yeni üsul və texnologiyalardan istifadə təcrübəsini bölüşmək, ətraf mühitin mühafizəsi üzrə təkliflər işləyib hazırlamaq, yaxın on il üçün ətraf mühitin inkişaf dinamikasına dair proqnozlar vermək olduğunu bildirib.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA-nın rəhbəri Leyla Əliyevanın konfrans iştirakçılarına müraciəti oxunub.
Müraciətdə deyilir:
“Hörmətli konfrans iştirakçıları!
“Neft sənayesində ətraf mühit məsələlərinə qlobal baxış” adlı beynəlxalq konfransın iştirakçılarını salamlamaqdan məmnunluq duyuram.
Qlobal ekoloji problemlər qlobal baxış tələb edir. Dünyada ekoloji problemlərin doğurduğu narahatlıq hər birimizi dərindən düşünməyə vadar edir. Təbiəti daha səmərəli, daha güclü mühafizə etmək üçün innovativ yanaşmalara daim ehtiyac duyulur.
IDEA ətraf mühitin mühafizəsi üçün beynəlxalq dialoq qurmağa çalışır. Təbiətə ziyan vurmamaq üçün ekoloji problemlərin həllinə “yaşıl düşüncə” ilə yanaşmanı və təbliğ etməni fəaliyyətimizin əsas prinsipi sayırıq.
Ətraf mühitin qorunması planetimizdə yaşayan müxtəlif insanların birləşdirici, ümumi həyat fəlsəfəsinə çevrilməlidir. IDEA ekoloji maarifləndirməni gücləndirmək üçün yeni layihələr üzərində işləyir. Planetimizin gələcək ekoloji vəziyyəti bugünkü nəslin düşüncəsindən asılı olaraq yaranacaqdır.
Şübhəsiz ki, ekologiya haqqında düşünmək gələcək haqqında düşünmək deməkdir. Baş verən demoqrafik dəyişikliklər, sənayenin genişlənməsi, insanların təbiətə təsirinin artması ekoloji məsuliyyəti dövrün əsas çağırışına çevirir. Ətraf mühitin mühafizəsinə diqqəti artırmaq üçün imkanlarımızı səfərbər etməliyik.
Çox şadam ki, bu konfrans qlobal ekoloji problemlərin həll yollarının müzakirəsi üçün yeni platforma açır.
Konfransın işinə uğurlar arzulayıram!
Hörmətlə,
Leyla Əliyeva,
Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının rəhbəri”.
Daha sonra ARDNŞ-in ətraf mühitin qorunması ilə bağlı gördüyü işlər haqqında videoçarx nümayiş etdirilib.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev çıxışında ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən layihələrdən və görüləcək işlərdən danışıb. R.Abdullayev belə tədbirlərin neft-qaz sənayesinin yaratdığı ekoloji problemlərin həllində əhəmiyyətli rol oynayacağını bildirib.
Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan məqsədyönlü siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyən ARDNŞ-in prezidenti ətraf mühitin qorunması məsələlərinin Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
Bakı və Sumqayıt şəhərlərində ətraf mühitin mühafizəsi istiqamətində bir sıra layihələrin həyata keçirildiyini deyən R.Abdullayev belə tədbirlərin insanların ekoloji tərbiyəsində də mühüm rol oynadığını diqqətə çatdırıb.
Daha sonra Rövnəq Abdullayev Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş bp-nin təhlükəsizlik və risk əməliyyatları üzrə vitse-prezidenti Robert Aleksandr Vatta mükafatı təqdim edib.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov son 10 ildə ölkəmizdə ətraf mühitin mühafizəsi ilə bağlı böyük işlərin görüldüyünü deyib. Nazir bildirib ki, son 10 ildə Azərbaycanda 8 milli park yaradılıb, daha bir parkın yaradılması ilə bağlı işlər davam etdirilir. Mühafizə olunan ərazilərin sahəsi 400 min hektardan 1 milyon hektara çatdırılıb, milyonlarla ağac əkilib.
bp Qrupunun Əməyin Təhlükəsizliyi və Əməliyyat Riskləri, Risk, Təlim və Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Təhlükəsizlik, Ətraf Mühit bölməsinin rəhbəri Stiv Flinn Azərbaycanda ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsini yüksək qiymətləndirib. O, ətraf mühitin qorunması məsələsində insanların üzərinə də böyük məsuliyyət düşdüyünü bildirib.
Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü, “Global Counsel” təşkilatının sədri Peter Mandelson Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynadığını deyib.
Keçmiş sovet ölkələri arasında Azərbaycanın inkişafının daha çox diqqəti cəlb etdiyini deyən P.Mandelson nailiyyətlərin qazanılmasında uğurlu tərəfdaşlığın da payının olduğunu bildirib, ARDNŞ ilə bp arasında əməkdaşlığı nümunə göstərib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan Böyük Britaniya parlamentinin üzvü yaxın gələcəkdə bu problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll ediləcəyinə ümidvar olduğunu bildirib.
Tədbirdə neft sənayesində ətraf mühitin mühafizəsi üzrə ən yeni texnologiyanın tətbiqi və bu sahədə əldə olunmuş nailiyyətlər, neft-qaz sənayesinin inkişafı, neft və neft məhsulları ilə çirklənmiş torpaqların reabilitasiyası, neft sənayesində yaranan tullantıların idarə olunmasına innovativ yanaşma və digər mövzular müzakirə olunub.
Konfrans işini sessiyalarla davam etdirib.