Noyabrın 17-də Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın redaktoru olduğu “Baku” jurnalının ingilis dilində ilk nəşrinin təqdimat mərasimi keçirilib. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət xadimləri, xarici ölkələrin səfirləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva deyib: ““Baku” artıq 4 ildir rus dilində nəşr olunur. Jurnalın rus dilində hazırlanmış ilk sayı 2007-ci ilin dekabrında Moskvada təqdim olunub. Bu qısa müddət ərzində “Baku” jurnalı böyük nüfuz qazanıb və geniş maraq oyadıb. Jurnalda Azərbaycanın tarixi, mədəniyyəti, dünəni və bu günü haqqında maraqlı materiallar təqdim olunur”.
Baş redaktor deyib ki, jurnalın ingilis dilində nəşrinin məqsədi Azərbaycanı dünyaya daha geniş coğrafiyada tanıtmaqdır.
Leyla Əliyeva jurnalın ingilis dilində nəşrinin hazırlanmasında iştirak edən redaksiya heyətinə minnətdarlığını bildirib.
Jurnalın çap olunduğu Böyük Britaniyanın “Conde Nast” nəşriyyatının məsul redaktoru Darius Sanai ingilis dilində çıxan nəşrin Azərbaycanı maddi və mənəvi sərvətləri ilə dünyaya tanıtdığını söyləyib. O, jurnalın hazırlanmasında Leyla Əliyevanın dəyərli, innovativ ideyalarla çıxış etdiyini vurğulayıb, ingilis dilində çıxan nömrədə Azərbaycanın zəngin incəsənəti, mədəniyyəti haqqında maraqlı materialların dərc olunduğunu diqqətə çatdırıb.
Sonra qonaqlar Azərbaycan haqqında Heydər Əliyev Fondu tərəfindən hazırlanmış videoçarxa baxıblar.
Təqdimat mərasimində “Baku” jurnalının ingilis dilində nömrəsində yer alan fotoşəkillərdən ibarət sərgi də təşkil edilib.
Jurnalın Paris, Roma, Berlin və Nyu-Yorkda da təqdimatının keçirilməsi planlaşdırılır. Bundan əvvəl jurnalın London və Moskva şəhərlərində təqdimatı keçirilib.