Leyla Əliyeva Parisdə “Azərbaycan - tolerantlıq məkanı” sərgisində iştirak edib

Video

Leyla Əliyeva Parisdə “Azərbaycan - tolerantlıq məkanı” sərgisində iştirak edib

Leyla Əliyeva Parisdə “Azərbaycan - tolerantlıq məkanı” sərgisində iştirak edib
22/11/2013

Noyabrın 22-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən “Azərbaycan - tolerantlıq məkanı” adlı foto sərgisi açılıb.

Sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov sərgidə nümayiş etdirilən fotoların müəllifi Reza Deqatinin Azərbaycanın, həmçinin Fransanın böyük dostu olduğunu bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə çıxış edib. O, bildirib ki, müxtəlif dini və etnik mənsubiyyətə malik insanların Azərbaycanda əsrlər boyu dinc şəraitdə birgə yaşaması ölkəmizdə möhkəm və sağlam təməllər üzərində qurulmuş, qarşılıqlı hörmətə əsaslanan tolerant cəmiyyət modelinin özünəməxsus və unikal formasının yaranmasına səbəb olub.

Leyla Əliyeva multikulturalizmin, milli-dini azlıqlara hörmətin Azərbaycan xalqının milli xüsusiyyəti olduğunu söyləyib: “Bu gün ölkəmizdə mədəniyyətlərarası və dini tolerantlığı tərənnüm edən fotosərginin nümayişi Azərbaycan dövlətinin bu milli xüsusiyyətin qoruyub saxlanması, daha da inkişaf etdirilməsi və dünyada təbliği istiqamətindəki ardıcıl və davamlı siyasətinin bariz nümunəsidir”.

Fransa Senatının Qafqaz-Azərbaycan dostluq qrupunun üzvü Jan-Mari Bokel də Azərbaycandakı tolerantlıqdan söz açıb: “Bu gün multikulturalizmi siyasi dövriyyədən çıxarmağa çalışan bir sıra Avropa dövlətlərindən fərqli olaraq, dini və mədəni tolerantlığı dövlət siyasətinin mühüm elementinə çevirə bilmiş Azərbaycanı bu nailiyyətlərinə görə yalnız alqışlamaq olar”.

Senator bu yaxınlarda Azərbaycana səfər etdiyini, Gəncədə olduğunu xatırladıb. O, Azərbaycanda müxtəlif millətlərin nümayəndələrinin dostluq və mehriban şəraitdə yaşadığını, Azərbaycandakı tolerantlığın digər ölkələrə nümunə olduğunu söyləyib. Jan-Mari Bokel tolerantlığın insanlar arasında ünsiyyətin yaranmasındakı əhəmiyyətini vurğulayıb.

İSESKO-nun baş direktoru Dr. Əbduləziz Osman Əl-Tüveycri Azərbaycanın müstəqillik qazandıqdan sonra sürətlə inkişaf etdiyini, tarix boyu bu ölkədə formalaşmış mədəni və dini müxtəlifliyin unikal harmoniyasının yaranmasına nail olduğunu söyləyib: “Məhz bu cəhətdən Azərbaycan dünyanın bir çox ölkələrinə, xüsusilə də İslam coğrafiyasının dövlətlərinə nümunə ola bilər”.

Baş direktor Dağlıq Qarabağ münaqişəsinə də toxunub, ölkə ərazisinin işğalını müasir sivil dünya üçün dözülməz fakt adlandırıb.

Sərgidə nümayiş etdirilən fotoların müəllifi, Parisdə yaşayan dünyanın tanınmış fotoqraflarından biri, əslən azərbaycanlı olan Reza Deqati də Azərbaycanda rastlaşdığı dözümlülük mühitinin dünyada unikal modellərdən biri olduğunu vurğulayıb, Heydər Əliyev Fonduna bu təşəbbüsə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Sərgidə Fransanın dövlət və hökumət rəsmiləri, UNESCO-nun baş direktoru, Parisin VII rayonunun meri, senatorlar, deputatlar, tanınmış incəsənət ustaları, fransız ictimaiyyətinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşlarından ibarət 500 qonaq iştirak edib.