Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
IDEA (International Dialogue for Environmental Action) İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə həyata keçirilən, dünyanın 50-dən çox ölkəsini əhatə edən “Eko Rəsm Gündəliyi-2013” Beynəlxalq ekoloji müsabiqəsinin finalçıları bəlli olub.
UNESCO-nun himayəsi, Heydər Əliyev Mərkəzinin, IDEA İctimai Birliyinin və Panasonic Marketing MDB-nin (PMCIS) təşkilatçılığı ilə həyata keçirilən, Bakı və Gəncə şəhərlərini əhatə edən 363 məktəbin qoşulduğu beynəlxalq layihənin milli müsabiqə turunun final mərhələsinin qalibi Bakı Avropa Liseyinin şagirdi, 11 yaşlı Fuad Soltanov olub.
Müsabiqənin finalçıları arasında Bakı şəhərindən Zərifə Əliyeva adına lisey, “Ankara məktəbi” məktəb-liseyi, İncəsənət Gimnaziyası, 59, 99, 262, 271, 276, 290, 28, 98, 132-134, 301, 304 nömrəli, Gəncə şəhərindən isə 4, 28, 11, 25 nömrəli orta ümumtəhsil məktəblərinin şagirdləri var.
Müsabiqəyə Bakı şəhəri üzrə 314 məktəbdən 2403, Gəncə şəhəri üzrə isə 49 məktəbdən 629 gündəlik təqdim edilib.
Müsabiqədə ümumilikdə 3032 məktəbli iştirak edib. Onların 1299-u aşağı yaş qrupunda (6-11), 1733-ü yuxarı yaş qrupunda (12-15) yarışıblar.
Layihənin milli turunun iştirakçıları müəyyən olunmuş müddət ərzində yarış üçün hazırlanmış xüsusi “Gündəlik”lərdə mövcud qlobal ekoloji problemləri və ətraf mühitin qorunmasının vacibliyini əks etdirən rəsmlər çəkib, ideyalarının qısa təsvirini əks etdirən mətnlər yazıblar.
2008-ci ildən etibarən hər il həyata keçirilən və 50-dən çox ölkəni əhatə edən “Eko Rəsm Gündəliyi” Beynəlxalq müsabiqəsinin məqsədi gənc nəsildə təbiətə sevgi hissinin formalaşdırılması və inkişafı, onlar arasında ekoloji təbliğat işinin gücləndirilməsi və məktəblilərin ətraf mühitin qorunması işinə səfərbər edilməsidir. Layihə, həmçinin ətraf mühit və insan sağlamlığının qorunması üzrə fəal vətəndaş mövqeyinin formalaşdırılmasına xidmət edir.