Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi öz fəaliyyətini genişləndirir

Video

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi öz fəaliyyətini genişləndirir

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi öz fəaliyyətini genişləndirir
02/02/2008

Sankt-Peterburq Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin humanitar sahədə hər bir layihəsini dəstəkləməyə və Rusiyanın şimal paytaxtında fəal işləməsi üçün hər cür şərait yaratmağa hazırdır.

Sankt-Peterburqun qubernatoru Valentina Matviyenko bu sözləri fevralın 2-də Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva ilə görüşdə söyləyib: “Biz humanitar əməkdaşlığa xüsusi əhəmiyyət verilən birgə fəaliyyətdə - təhsil, mədəniyyət, tarixin öyrənilməsi və başqa layihələrdə ən fəal şəkildə iştirak etməyə hazırıq. Biz təklif etmək istərdik ki, Sankt-Peterburq Fondun gələcək fəaliyyəti üçün dayaq meydançası olsun, çünki bundan ötrü çox böyük potensial var”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun, ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanovun və Sankt-Peterburqdakı azərbaycanlıların milli-mədəni muxtariyyətinin sədri Vaqif Məmişovun da iştirak etdikləri görüşdə qubernator Heydər Əliyev Fondunun və Leyla Əliyeva başda olmaqla Rusiyadakı nümayəndəliyin fəaliyyətini yüksək qiymətləndirib. O, Rusiya ilə Azərbaycanı səmimi dostluq münasibətlərinin birləşdirdiyini söyləyib: “Bu münasibətlərin təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub, Azərbaycanın indiki Prezidenti İlham Əliyev isə bunu qoruyur və genişləndirir”.

V.Matviyenko Sankt-Peterburqdakı Azərbaycan diasporunun fəaliyyətini də yüksək qiymətləndirib.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva isə deyib: “Heydər Əliyev Fondunun fəaliyyəti genişlənir və bütün dünyanı əhatə etməyə başlayır, lakin Rusiya ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Biz Fondun fəaliyyətinin təkcə Azərbaycanla məhdudlaşa bilməyəcəyini və onun öz əhatə dairəsini genişləndirməli olduğunu başa düşəndə, təbii ki, əməkdaşlıq üçün ilk məkanlardan biri Rusiya oldu”. O, Fondun təşəbbüsü ilə son üç ildə Azərbaycanda 300-ə yaxın məktəbin tikildiyini və təmir edildiyini, bu prosesin davam etdirildiyini söyləyib. Artıq Fransada, Rumıniyada, Böyük Britaniyada və Türkiyədə Fondun filialları açılıb və onun fəaliyyət coğrafiyası genişlənməkdə davam edir. Fond səhiyyə sahəsində, xüsusən talassemiya və diabet kimi ağır xəstəliklərə qarşı mübarizə üzrə bir sıra mühüm layihələr həyata keçirir. Fondun təşəbbüsü ilə Talassemiya Mərkəzi tikilir, xəstə uşaqlara kömək üçün bir sıra başqa layihələr həyata keçirilir. Fevralın 10-da Fond Moskvada əlil uşaqlar üçün xeyriyyə konserti təşkil edəcək.

Leyla Əliyeva Heydər Əliyev Fondunun mədəniyyət sahəsində də bir sıra layihələr həyata keçirdiyini bildirib: “Muğam Mərkəzi tikilir, istedadlı gənclər, rəssamlar, artistlər dəstəklənir. Ümumiyyətlə, Fondun mövcud olduğu dörd ilə yaxın müddətdə çox işlər görülüb və biz öz fəaliyyətimizin bütün məsuliyyətini hiss edirik”.

Heydər Əliyev Fondu ilə Rusiya Milli Kitabxanası arasında əməkdaşlıq haqqında sazişin imzalanması Sankt-Peterburqun və Azərbaycanın mədəni həyatında çox mühüm hadisə olub. Bu sənədi Leyla Əliyeva və kitabxananın baş direktoru Vladimir Zaytsev imzalayıblar. Leyla Əliyeva Fondun adından kitabxanaya Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunmuş Azərbaycan kitablarını hədiyyə edib. O bildirib ki, Fond kitab nəşrinə çox böyük əhəmiyyət verir, xüsusən internetin və elektron KİV-in inkişaf etdiyi, adamların çoxunun bədii ədəbiyyat oxumağı tərgitdiyi indiki vaxtda bunu vacib hesab edir: “Bu cür gözəl kitabxanalar sayəsində gənclər kitab oxumağı davam etdirir və sirr deyil ki, biz həyatda ən böyük bilikləri kitablardan alırıq”.

Leyla Əliyeva KİV nümayəndələri ilə söhbətində imzalanmış sənədin əhəmiyyətindən danışıb, onun vacibliyini vurğulayıb. O bildirib ki, Fond və onun Rusiyada cəmi bir il bundan əvvəl açılmış nümayəndəliyi Azərbaycan ilə Rusiya arasında mədəni dialoqu inkişaf etdirir: “Mədəni dialoq xüsusən gənclər üçün ən vacib məsələdir. Güman edirəm ki, bu kitabxana vasitəsilə biz mədəni dialoqun genişlənməsinə nail ola biləcəyik. Bu, çox zəngin kitabxanadır. Xoşagələn haldır ki, burada Azərbaycan dilində bu qədər kitab var və onları qayğıkeşliklə qoruyub saxlayırlar. Ümidvaram ki, gələcəkdə kitabxana ilə münasibətlərimiz daha da inkişaf edəcək, biz kitab mübadiləsi edəcək, buraya yeni nəşrlər göndərəcəyik. Cəmi bir ay bundan əvvəl “Baku” jurnalının ilk nömrəsi çapdan çıxmışdır. Bu nəşri Moskva və Sankt-Peterburq oxucuları da görəcəklər. Jurnal onların ölkəmiz haqqında daha çox məlumat əldə etməsinə imkan verəcəkdir. Ölkələrimiz arasında həmişə çox yaxşı mədəni münasibətlər olmuşdur. Azərbaycanda rus mədəniyyətinə, rus ədəbiyyatına həmişə yaxşı bələd olmuş, onları sevmişlər. Azərbaycan məktəblərində rus dilinin tədrisi indi də tam həcmdə davam edir”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da imzalanmış sazişi yüksək qiymətləndirib, onu hər iki ölkənin ictimai həyatında mühüm hadisə adlandırıb. O xatırladıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1994-cü ildə M.F.Axundov adına Milli Kitabxanaya öz şəxsi kitabxanasından 400-dən çox nəşr hədiyyə edib, bununla da kitaba qayğı ilə yanaşmaq nümunəsi göstərib. Səfir deyib: “Bu gün də bu ənənəni Heydər Əliyevin nəvəsi, onun adını daşıyan Fondun nümayəndəliyinin rəhbəri davam etdirir”.

Vladimir Zaytsev öz çıxışında kitabxananın Azərbaycan ədəbiyyatını hələ inqilabdan əvvəlki dövrlərdən topladığını, lakin son illərdə bu sahədə bir qədər fasilə yarandığını söyləyib: “Bugünkü sazişin imzalanması kitabxanaya ədəbiyyat daxil olmasında yeni mərhələdir. Bu, Sankt-Peterburqdakı Azərbaycan diasporunun ana dilində ədəbiyyat oxumasına da imkan verəcəkdir”.

Leyla Əliyeva və V.Zaytsev Rusiya Milli Kitabxanasında təşkil edilmiş Azərbaycan ədəbiyyatı sərgisini açıblar. Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Azərbaycan kitablarının nadir nüsxələrinin nümayiş etdirildiyi sərgi ilə tanış olub.

Elə həmin gün Sankt-Peterburqdakı “Oktyabrski” böyük konsert salonunda Azərbaycan musiqisindən ibarət konsert olub. Sankt-Peterburq administrasiyasının gənclərin məsələləri üzrə komitəsinin dəstəyi ilə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərəfindən təşkil edilmiş konsertdə Azərbaycanın və Rusiyanın estrada ulduzları iştirak ediblər.

Konsertdən əvvəl Leyla Əliyeva salona toplaşmış gənclər və Sankt-Peterburq ictimaiyyətinin nümayəndələri qarşısında çıxış edərək, respublikamızda fevralın 2-də qeyd olunan Gənclər günü münasibətilə soydaşlarımızı təbrik edib: “Sankt-Peterburq qəribə şəhərdir, o, insanı daim heyrətləndirir, biz də öz tərəfimizdən qədim Azərbaycan mədəniyyətinin bir zərrəsini sizlərə bəxş etmək, adət və ənənələrimiz barəsində söhbət açmaq və bizim istedadları sizlərə təqdim etmək üçün əlimizdən gələni etməyə çalışmışıq. Azərbaycan çox qədim tarixə və çox zəngin mədəniyyətə malik olan bir ölkədir, böyük şairlərin, bəstəkarların və yazıçıların vətənidir. Harada olmasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün Qarabağ bülbülləri oxuyur, Abşeron günəşi onun üçün parlayır, Xəzərin dalğaları onun üçün səslənir. Azərbaycanlılar çox qonaqpərvər xalqdır, bu gün də çoxsaylı millətlərin və dini məzhəblərin nümayəndələri ölkəmizdə sülh və dostluq şəraitində yaşayırlar. Bizə çox xoşdur ki, Rusiya-Azərbaycan münasibətləri günbəgün möhkəmlənir və bir sıra sahələrdə bu münasibətlər yüksək səviyyəyə çatmışdır. Azərbaycan məktəblərdə rus dilinin tədrisi tam həcmdə davam edən az sayda dövlətlərdən biridir, Bakıda Slavyan Universiteti, Rus Dram Teatrı fəaliyyət göstərir. Bu gün bizim qarşımızda, Rusiyada yaşayan gənclər qarşısında bir məsələ durur: bu münasibətləri daha da möhkəmlətmək və Vətənimizi ləyaqətlə təmsil etmək”.

Sonra çıxış edən Polad Bülbüloğlu Rusiyada Azərbaycan gəncləri təşkilatının yaranmasından sonra RF-də yaşayan bütün cavan soydaşlarımızın birləşməsi prosesinin müşahidə olunduğunu bildirib: “Bu, gələcək üçün, gənclərimizin öz xalqına xeyir verməsi və öz xalqını ləyaqətlə təmsil etməsi üçün çox vacibdir”.

Sankt-Peterburqun vitse-qubernatoru Sergey Tarasov isə iki ölkə arasındakı mədəni əlaqələrin çoxəsrlik tarixi olduğunu qeyd edib. O, bildirib ki, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi xüsusən gənclər siyasəti sahəsində çox mühüm işlər görür.

Konsert zamanı istedadlı gənclərə Rusiya-Azərbaycan mədəni münasibətlərinin möhkəmlənməsinə verdikləri töhfəyə görə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi adından fəxri fərmanlar və mükafatlar təqdim edilib.

Fevralın 3-də Leyla Əliyevanın Sankt-Peterburqa səfəri çərçivəsində Böyük Vətən müharibəsi illərində Leninqradın mühasirəsi zamanı həlak olanların dəfn edildiyi Piskaryovo qəbiristanlığında ucaldılmış abidənin önünə əklil qoyulması mərasimi olub. Bu qəbiristanlıqda uyuyanlar arasında həmvətənlərimiz də var.

Leyla Əliyeva Heydər Əliyev Fondu adından abidənin önünə əklil qoyub və Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Xatirə kompleksinin rəhbərliyi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 2002-ci ildə Sankt-Peterburqa rəsmi səfəri zamanı həmin Fəxri qonaqlar kitabında yazdığı ürək sözlərini göstərib. Kompleksin müdiriyyəti Leylaya Əliyevaya Piskaryovo qəbiristanlığının xatirə medalını və içərisində torpaq olan rəmzi kapsulanı hədiyyə edib.

Sonra dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Sankt-Peterburqda ucaldılmış abidəsi önünə əklil qoyulub. Mərasimdə Rusiyanın şimal paytaxtının administrasiyasının və ictimaiyyətin nümayəndələri, Sankt-Peterburqda akkreditə edilmiş diplomatik missiyaların rəhbərləri də iştirak ediblər.

Mərasimdə çıxış edən Leyla Əliyeva deyib ki, Nizami dünyaya “Leyli və Məcnun”, “Xosrov və Şirin”, “İsgəndərnamə” kimi və başqa misilsiz əsərlər bəxş etmiş dahi şair və mütəfəkkirdir: “Nizami həmişə Azərbaycan xalqının fəxri olaraq qalacaqdır. Bu böyük insana dünyanın ən gözəl şəhərlərindən birində abidə qoyulması Azərbaycanla Rusiya arasında olan böyük dostluğu və qarşılıqlı hörməti bir daha sübut edir”.

Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu xatırladıb ki, böyük Azərbaycan şairinə Sankt-Peterburqda ucaldılmış abidənin açılışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putin iştirak etmişdilər. Bu abidə iki xalq arasında tarixi dostluğun rəmzidir.

Leyla Əliyeva başda olmaqla Azərbaycan nümayəndə heyətinin üzvləri Qoroxovaya küçəsindəki, 6 nömrəli binada ümummilli lider Heydər Əliyevin xatirə lövhəsi önünə də çiçəklər qoyublar. Xatırladaq ki, 1940-cı illərin axırları – 1950-ci illərin əvvəllərində Heydər Əliyev həmin binada yerləşən SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin rəhbər heyət məktəbində təhsil alıb.

Azərbaycan gənclərinin və RF-nin 40 regionunda fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərlərinin yığıncağı günün əsas hadisəsi olub. Onlar Sankt-Peterburqa Fondun Rusiya nümayəndəliyinin və Rusiyanın Azərbaycan Gənclər Təşkilatının (RAGT) təşəbbüsü ilə gəliblər. Görüşdə gənclərin birləşməsi və regionlarda fəallığının artırılması məsələləri müzakirə olunub.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov görüşü açaraq bildirib ki, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək və gənclərin yaşayış yerlərində onların mövqelərini möhkəmlətmək məqsədi ilə həm Moskvada, həm də Rusiyanın regionlarında fəal iş aparır.

Rusiyada Azərbaycan gəncləri hərəkatının lideri Leyla Əliyeva gəncləri RF-nin ictimai-siyasi həyatında daha fəal iştirak etməyə, Rusiya cəmiyyətinə daha sıx inteqrasiyaya və bununla bərabər, Azərbaycanın milli mədəniyyətinə qayğıkeşliklə yanaşmağa, onu qoruyub saxlamağa və yaymağa çağırıb. O bildirib ki, indi Fondun əsas vəzifələrindən biri regionlarda Azərbaycan dilində bazar günü məktəblərinin açılmasıdır. Fond bu cür məktəblərin açılmasını təşviq edir və onların tədris ədəbiyyatı, kompyuterlərlə təchiz olunmasına kömək edir. Fond indiyə qədər İvanovo, Tula, Tver və Surqut şəhərlərindəki bazar günü məktəblərinə kömək edib. Bununla yanaşı, müxtəlif xeyriyyə tədbirləri, o cümlədən əlil uşaqlar üçün “Biz həyatı sevirik” adlı konsert, bir neçə kitabın təqdimat mərasimləri hazırlanır. Bu günlərdə təşkilatın internet saytı açılacaq, gənclər bu saytda Azərbaycanın gerçəklikləri barədə məlumat ala biləcəklər. Ayda bir dəfə çıxacaq “Baku” jurnalı da xalqımızın mədəniyyəti, incəsənəti və ənənələri barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyır. Belə bir jurnal yox idi, onu hamı gözləyirdi, indi isə onu Rusiyada da almaq mümkün olacaq.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Fondun Rusiya nümayəndəliyinin gördüyü işin böyük əhəmiyyətini vurğulayaraq gənclərin təşkilatlanmasının həm Azərbaycan cəmiyyətinin, həm də Rusiya cəmiyyətinin xeyrinə olacağını söyləyib: “Azərbaycan gəncləri yaşadıqları ölkənin qanunlarına hörmət etməli, lakin bununla bərabər, öz milli mənsubiyyətini, mədəniyyətini, dilini və ənənələrini unutmamalıdır. Ümummilli mənafelərdən söhbət gedəndə gənclər bir yerdə olmalı və sıx birləşməlidirlər”.

Gənclərin nümayəndələri Heydər Əliyev Fonduna gənclər siyasətini dəstəklədiyinə və bu sahədə fəal işinə görə təşəkkür ediblər. Bildirilib ki, Leyla Əliyevanın başçılıq etdiyi təşkilat yaradılandan sonra gənclər onu özlərinə arxa hesab edir və o vaxtdan birləşmə hərəkatı fəallaşıb. Çıxış edənlər Fondun bütün təşəbbüslərini dəstəkləməyə və gənclərlə bağlı müxtəlif layihələrdə fəal əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.

Leyla Əliyeva və görüş iştirakçıları Puşkin (keçmiş Sarskoye Selo) şəhərindəki Yekaterina sarayı Dövlət muzey-qoruğunda da olublar.