RAGB Moskvada “Qanın milləti yoxdur! Donor ol – həyat bəxş et!”aksiyası təşkil edib
05/12/2013

İ.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) Qan Mərkəzində Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə “Qanın milləti yoxdur! Donor ol – həyat bəxş et!” aksiyası keçirilib.

RAGB-nin idarə heyətinin üzvü Samir Əliyev aksiyada 250 tələbənin iştirak etdiyini bildirib. Azərbaycanlı tələbələrə universitetdə təhsil alan Malayziya, Suriya, Mərakeş, İran, İsrail, Abxaziya, Osetiya, Dağıstan, Özbəkistan, Tacikistan, Türkmənistandan olan tələbələr də qoşulublar. Donorlar arasında K.Skrayabin adına Rusiya Dövlət Baytarlıq və Biotexnologiyalar Akademiyasının, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Rusiyanın digər ali məktəblərinin tələbələri də var.

İ.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Qan Mərkəzinin direktoru, universitetin transfuziologiya kafedrasının müdiri, professor Əliheydər Rəhimov MDTU-da ilk belə aksiyanın Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirildiyini bildirib: “Biz bu ənənəni davam etdiririk. Aksiya universitetin klinikalarını qan və qan komponentləri ilə təmin etməyə imkan verir”.

Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova RAGB-ın təşəbbüslərinə verdiyi dəstəyə görə İ.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rəhbərliyinə təşəkkür edib. O, hazırda RAGB-ın səhiyyə, iqtisadiyyat, mədəniyyət və digər sahələri əhatə edən bölmələrinin fəaliyyət göstərdiyini bildirib.