Azərbaycan tərəfi Rusiya ilə dostluq əlaqələrinin inkişafı və möhkəmlənməsi üçün bundan sonra da mümkün olan hər şeyi etmək niyyətindədir. Bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyeva Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovla görüşündə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda böyük rus mədəniyyətini yüksək qiymətləndirirlər: “Rusiya və Azərbaycanı ümumi tarix birləşdirir. Heydər Əliyev Fondu tərəfindən Volqoqrad-Bakı dostluq parkındakı yenidənqurma işlərinin maliyyələşdirməsi yalnız ilk addımdır və gələcəkdə hələ çox maraqlı layihələr olacaq”.
Leyla Əliyeva RAGB-nin Volqoqradda regional bölməsini açmaq və təcrübə mübadiləsinə başlamaq istəyi barədə məlumat verib.
Sergey Bojenov bildirib ki, Volqoqrad vilayətində 80 mindən artıq azərbaycanlı yaşayır. O, iqtisadi əməkdaşlıq və mədəni mübadilə ilə yanaşı, ictimai və gənclər təşkilatları arasında təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Qubernator gələn il Bakıya işgüzar səfər etmək niyyətində olduğunu diqqətə çatdırıb.
Bojenov hesab edir ki, Azərbaycan yaxın perspektivdə digər ölkələrə tranzit hava uçuşlarının həyata keçirilməsi üçün vacib nəqliyyat qovşağına çevrilə bilər. O, Volqoqradla Bakını birləşdirən aviareysin açılmasının məqsədəuyğun olduğunu vurğulayıb.
Görüşün yekununda Leyla Əliyevanın "Volqoqrad vilayəti qarşısında xidmətlərə görə" medalı ilə təltif edilməsi mərasimi keçirilib. Qubernator qeyd edib ki, Leyla Əliyeva aktiv ictimai fəaliyyətə görə bu medala layiq görülmüş ilk əcnəbi nümayəndədir.
Mərasimdə, həmçinin, Bakının Qaradağ rayonu və Volqoqrad vilayəti arasında niyyət protokolu imzalanıb. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, tərəflər gələcəkdə bir çox sahələr, o cümlədən iqtisadiyyat, mədəniyyət və idman sahələri üzrə sıx əməkdaşlıq etmək niyyətindədirlər.