Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Dekabrın 21-də Heydər Əliyev Mərkəzi yeni layihəsini - “Küknar” Beynəlxalq incəsənət sərgisi və müsabiqəsini reallaşdırıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak etmiş, “Küknar” Beynəlxalq incəsənət müsabiqəsi çərçivəsində 2014-cü ilin tam fərqli tərtibatda bəzədilmiş Yeni il küknar ağaclarına baxmışdır.
Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov tədbirin əhəmiyyətindən danışdı. O, qeyd etdi ki, “Küknar” Beynəlxalq incəsənət müsabiqəsi Azərbaycanın və xarici ölkələrin sənət adamları arasında elan edilib. Artıq müsabiqəyə təqdim edilmiş 18 müasir incəsənət əsəri Heydər Əliyev Mərkəzinin parkında sərgilənib.
Anar Ələkbərov bu layihəni dəstəkləyən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlığını bildirdi. O, Heydər Əliyev Mərkəzinin daha bir layihəsini elan etdi. Diqqətə çatdırıldı ki, bu, Novruz bayramı ərəfəsində reallaşacaq “Səməni” müasir incəsənət festivalı olacaqdır. Bu festival müddətində də sənətkarlarımız öz əsərlərini Heydər Əliyev Mərkəzinin parkında təqdim edəcəklər.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov Yeni il ərəfəsində belə bir beynəlxalq incəsənət sərgisinin və müsabiqəsinin keçirilməsinə görə Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin rəhbərliklərinə dərin minnətdarlığını bildirdi və belə tədbirlərin sayının artacağına əminliyini ifadə etdi.
Sonra müsabiqənin qaliblərinin adları açıqlandı. Fərəc Rəhmanov müsabiqədə birinci, Novruz Məmmədov ikinci, Camiddin Murtuzəliyev isə üçüncü yerləri tutdular. Onlara diplomlar və pul mükafatları verildi.
Yeni il ərəfəsində həyata keçirilən bu layihənin məqsədi Azərbaycanda mədəniyyət və incəsənətin inkişafına töhfə vermək və Bakı sakinlərinə bayram ovqatı yaşatmaqdır.
İki aya yaxın davam etmiş incəsənət müsabiqəsində rəssam və heykəltəraşların eskizləri əsasında hər birinin hündürlüyü 3 metrdən çox olan qeyri-adi formalı küknar ağacları hazırlanıb. Soyuğa və istiyə davamlı müxtəlif materiallardan hazırlanmış bu ağaclar rəssamlar tərəfindən dizayn edilərək bəzədilib.
Müsabiqənin qalibləri Heydər Əliyev Mərkəzinin parkında təşkil olunmuş mərasim iştirakçılarının səsverməsi əsasında müəyyənləşdirilib.
“Küknar” Beynəlxalq incəsənət sərgisi 2014-cü il martın 1-dək davam edəcək.