Moskvada Heydər Əliyev Fondunun dəstəyi ilə rəsm sərgisi açılıb
25/10/2013

Rusiya Dövlət Şərq Muzeyində Azərbaycan Xalq Rəssamı Arif Hüseynovun və oğlu, gənc Azərbaycan rəssamı Orxan Hüseynovun sərgisi açılıb.

Heydər Əliyev Fondunun, Azərbaycan və Rusiya mədəniyyət nazirliklərinin, Azərbaycanın Rusiyadakı səfirliyinin və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə açılmış sərgidə rəssamlıq və qrafika əsərləri nümayiş etdirilir. Əsərlərdə Azərbaycan xalqının həyatı, adət və ənənələri Azərbaycan nağılları və folkloru prizmasından, parlaq şəkildə, yumor və fantaziya ilə göstərilib.

Şərq Dövlət Muzeyinin baş direktoru Aleksandr Sedov sərginin açılışında çıxış edib: “Azərbaycan rəssamlarının əsərlərində gördüklərim mənə rus nağıllarındakı personajları xatırladır. Zənnimcə, bu, hər iki xalqın incəsənətinin, mədəniyyətinin ümumi mədəniyyət dəyərlərindən bəhrələndiyini göstərir”. A.Sedov layihəni dəstəklədiyinə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə sərgidə Azərbaycanın Xalq Rəssamı Arif Hüseynovla yanaşı, onun oğlu Orxanın da rəsmlərinin nümayiş olunduğuna diqqət çəkib: “Gənc olduğuna baxmayaraq, Orxan Hüseynovu da sənətkar adlandırmaq olar. Mən Orxanın yaradıcılığını çoxdan izləyirəm və dünyanın ən məşhur muzeylərindən birində sərgisinin açılması münasibətilə onu təbrik edirəm”.

Sərginin açılışında Rusiyanın Əməkdar Rəssamı Əsgər Məmmədov, layihənin kuratoru Svetlana Xromçenko da çıxış ediblər.

Arif Hüseynov isə rəsmlərinin son dəfə Moskvada 20 il əvvəl nümayiş etdirildiyini xatırladıb.

Sərgi noyabrın 10-dək davam edəcək.