Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Yanvarın 17-də Londonda Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” mövzusunda sərginin açılışı olub. Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.
Londonun məşhur “Phillips de Pury & Company” sərgi qalereyasında açılan sərginin ideyası Leyla Əliyevaya məxsusdur. Sərginin kuratoru isə dünyada məşhur layihələrin müəllifi Erve Mikaelofdur.
Ötən ilin yayında həyat yoldaşı ilk dəfə Bakıya səfər etdiyini xatırladan “Phillips de Pury & Company” şirkətinin rəhbəri Simon de Püri bildirdi ki, həmin səfər zamanı Azərbaycan rəssamlarının əsərlərinin rəngarəngliyi və həyat ehtirası, keyfiyyəti və orijinallığı onu heyran qoyub. Nəticədə o, bu sərgini keçirmək qərarına gəlib.
London elitasının üzvlərinin qatıldığı sərgi Britaniya paytaxtında Azərbaycan incəsənətinə böyük marağı bir daha aydın şəkildə nümayiş etdirir. İngiltərənin paytaxtında keçirilən və çox sayda müasir rəssamların iştirak etdiyi “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” mövzusunda sərgiyə gələnlərin sayı bunu deməyə əsas verir.
Simon de Püri belə möhtəşəm tədbirin məhz onun qalereyasında keçirilməsinin əhəmiyyətini vurğuladı. Bildirdi ki, bu cür tədbiri məhz Londonda keçirmək çox əlamətdar hadisədir. Simon de Püri sərginin təşkilində Heydər Əliyev Fondunun dəstəyinə görə minnətdarlığını bildirdi, Mehriban Əliyeva və Leyla Əliyevanın Azərbaycan incəsənəti və mədəniyyətinin təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndirdi.
Tədbirdə Leyla Əliyeva çıxış etdi:
- Xanımlar və cənablar!
Bu axşam “Bakıya uçuş” adlı sərgiyə gəldiyiniz üçün sizə təşəkkür edirəm. Gördüyünüz kimi, biz doğrudan da heyrətləndirən və ilhamlandıran sənət əsərlərinin əhatəsindəyik. Burada sərgilənən dinamizm və yaradıcılıq bu gün mənim Vətənim Azərbaycanda baş verənlərin böyük bir hissəsini əks etdirir. Mənim ölkəm misli görünməmiş inkişaf dövrü yaşayır və bu, özünü müasir incəsənət sahəsində daha da qabarıq göstərir.
Müstəqil Azərbaycan nisbətən cavan ölkədir. Keçən il biz müstəqilliyimizin bərpa olunmasının 20 illiyini qeyd etdik. Bu qədər cavan olmağımıza baxmayaraq, bizim qədim tariximiz vardır. Azərbaycan müsəlman Şərqində ilk ölkədir ki, burada 1918-ci ildə qadınlar səsvermə hüququ qazanmış, 1901-ci ildə müsəlman qızlar üçün ilk məktəb tikilmişdir. Azərbaycan, eyni zamanda, Şərqdə ilk opera və baletin səhnələşdirildiyi ölkədir.
Beləliklə, biz bir çox ilklərə imza atmış ölkəyik və bu gün də bu fəlsəfəni davam etdiririk. Keçən il biz “Eurovision” mahnı müsabiqəsində birinci olduq. Bu il müsabiqənin keçiriləcəyi Bakıda Avropanı qəbul etməyi səbirsizliklə gözləyirik.
Lakin müasir Bakı xalq mədəniyyətini təkcə musiqi vasitəsilə bayram etmir. Bakını gəzərkən siz küçələr boyu ətrafınızda sürətli inkişaf görə bilərsiniz – Zaha Hadidin şah əsərindən tutmuş yeni mağazalar, restoranlar və mehmanxanalar düzülmüş prospektlərədək, Xəzər dənizinin sahilində bulvaradək! Bu, gözünüzün önündə dəyişən şəhərdir. Bakının memarlığı özündə təkcə IX əsrə aid Qız Qalasında əksini tapan köhnə ilə yenini birləşdirmir, həmçinin Şərq ilə Qərbi, Zərdüşt məbədləri ilə müasir binaları və XX əsrin əvvəllərinin neft bumu dövrünə aid fransız şəhərsalma mədəniyyətini özündə təcəssüm etdirir.
Bildiyiniz kimi, incəsənət mənim böyük həvəslə yanaşdığım bir sahədir. Ömrüm boyu mən müasir incəsənəti tədqiq etməkdən zövq almışam - istər vaxtı ilə Londondakı Teyt muzeyini gəzərək, istər indi Bakıda Müasir İncəsənət Muzeyində sərgilənən əsərləri təhlil edərək. Mən də rəsm çəkməyi sevirəm və həmişə ürəklərini, ruhlarını yaratdıqları əsərlərə qoyan rəssamlara pərəstiş etmişəm.
Buna görə də mən bu möhtəşəm əsərlərin yanvarın sonunadək Londonda, daha sonra isə bütün Avropada beynəlxalq auditoriyaya sərgilənməsinin bir hissəsi olmağımdan çox həyəcanlıyam. Burada görəcəyiniz əsərlərin bir çoxu həm gənc və eyni zamanda, məşhur rəssamların işləridir, çoxu məhz bu sərgi üçün yaradılıb, buna görə də ilk dəfə sərgilənir.
Azərbaycanın hər bir tərəfindən 21 rəssamın yüzlərlə əsərinin burada sərgilənməsindən dərin qürur hiss keçirirəm. Düşünürəm, razılaşarsınız ki, bu gün Bakıda necə də canlı müasir incəsənət dünyası mövcuddur.
Bu tədbiri bu cür gözəl şəraitdə təşkil etdiyim üçün özümü çox xoşbəxt hiss edirəm. Bu layihənin ərsəyə gəlməsində Mikayelanın və Simonun böyük dəstəyi olub. Onların buradakı - Hovik Pleysdəki qalereyası fenomenal məkandır. Təqribən il yarım öncə burada təşkil olunmuş bir sərgiyə gəldiyim an mən yəqin etdim ki, bu qalereya bu sərginin keçiriləcəyi yer olacaqdır. Düşünürəm, şübhəsizdir ki, məkan və incəsənət bir-birlərini tamamlayır.
Erve Mikaelof, Emin Məmmədov və onların komandaları rəsmdən tutmuş instalyasiyalar, videolar, fotoşəkillər və ifalaradək müasir incəsənətin bütün formalarını özündə cəmləyən ruhlandırıcı sərgi yaratmaq üçün bu fərqli rəssamları bir araya gətiriblər.
Əziz qonaqlar, bu axşam “Bakıya uçuş” adlı sərgidə iştirakınıza görə sizə təşəkkür edirəm. Bu tədbir mənim üçün böyük əhəmiyyət kəsb edir. Mən şadam ki, bu sərgi bu gün London kimi gözəl bir şəhərdə açılır. Bu tədbirə vaxtlarını və səylərini sərf etmiş bütün bizim təşkilatçılarımıza və əlbəttə ki, parlaq, istedadlı azərbaycanlı rəssamlara təşəkkür etmək istərdim. Ümid edirəm ki, hamınız yaxşı axşam keçirəcəksiniz. Çox sağ olun.
xxx
Daha sonra çıxış edən sərginin kuratoru Erve Mikaelof bildirib ki, bu ekspozisiya zənginliyi ilə diqqət çəkir və burada təqdim edilən əsərlər orijinallığı ilə seçilir. O, Azərbaycan incəsənətinin dərin tarixi köklərinin olduğunu, belə tədbirlərin onu dünyada daha yaxşı tanıtmağa xidmət etdiyini söyləyib.
Mehriban Əliyeva, Leyla Əliyeva və qonaqlar sərgi ilə tanış oldular.
Qonaqlar gənc rəssam Əli Həsənovun müəllifi olduğu performansı izlədilər. Təqdimatın məğzi insan həyatından bəhs edir. Rəssam nümayiş etdirir ki, insan doğulandan ölənədək həyatın əziyyətlərinə qatlaşmalı olur.
Əlamətdar haldır ki, sərginin iştirakçıları arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da adı var. Londonda keçirilən sərgiyə fəal hazırlaşan Leyla Əliyevanın burada bir neçə əsəri təqdim edilir. Leyla Əliyevanın çəkdiyi müxtəlif nağıl qəhrəmanlarının illüstrasiyaları maraqla qarşılandı. Bu illüstrasiyalardan gələcəkdə rus və ingilis dillərində işıq üzü görəcək “Biri var idi, biri yox” nağıl kitabında istifadə ediləcək. Leyla Əliyevanın müəllifi olduğu “Nar”, “Nar ağacı”, “Həyat davam edir” və digər rəsm əsərləri də orijinallığı ilə tamaşaçıların dərin marağına səbəb oldu.
Sərgidə bir çox gənc rəssamlarla yanaşı, Aida Mahmudovanın əsəri də bənzərsizliyi və üslubu ilə tamaşaçıları özünə cəlb etdi. Bu əsər də ideyasının və təsvir üslubunun orijinallığı ilə seçilir.
Sərgidə tanınmış rəssamlar Altay Sadıqzadənin, Ənvər Əsgərovun, Mirnadir Zeynalovun, ümumiyyətlə, 21 müəllifin boyakarlıq, qrafika, heykəltəraşlıq, fotoqrafiya, video janrlarında bir-birindən maraqlı əsərləri təqdim edilir. Əsərlərin hər biri orijinallığı, bədii üslubu ilə diqqət çəkir. Bir-birindən fərqli, avanqard ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verir. Orijinal zövqün və düşüncənin, incə ruhun bir məkanda təqdim olunduğu bu sərgidə qeyri-ənənəvi ifadə texnologiyaları maraq doğurur. Sərgiyə qatılanlar sırasında müxtəlif illərdə Venesiya Biennalesində ölkəmizi təmsil edən rəssamların həmçinin, xarici ölkələrdə yaşayan gənc fırça ustalarının, əsərləri beynəlxalq nüfuzlu tədbirlərdə sərgilənən incəsənət adamlarının adları var. Sərgidə nümayiş olunan əsərlər bir daha sübut edir ki, incəsənətin imkanları sonsuzdur və o, heç bir məhdudiyyət tanımır. Son illərdə Azərbaycanda çox istedadlı gənclər yetişib. Heç şübhəsiz ki, bunun təməlində ölkədə gənclərə göstərilən dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun istedadlı gəncləri üzə çıxarmaq istiqamətində reallaşdırdığı çox sayda uğurlu layihələri də dayanır.
Tədbir zamanı qonaqlara “Baku” jurnalının ingilisdilli versiyasının növbəti sayı paylandı.
Burada nümayiş olunan əsərlərə ilk gündən göstərilən böyük maraq deməyə əsas verir ki, yanvarın 17-dən 29-dək keçiriləcək sərgi uğurlu olacaq və London ictimaiyyəti arasında geniş əks-səda doğuracaq.
Sərgi ilə tanış olanlar ekspozisiya haqqında yüksək fikirlər söyləyiblər.
“Phillips de Pury & Company”nin rəhbəri Simon de Püri: “Bu sərginin Londonda təşkil etməyimizdən çox məmnunuq. Bu sərgidə Bakıda, ümumiyyətlə Azərbaycanda görülən işlərin fərqli aspektləri aydın görünür. Burada çox maraqlı rəsmlər, heykəllər, videosənət nümunələri təqdim olunub ki, onlar bu gün Azərbaycanda mövcud olan canlı koloriti əks etdirir. Şübhəsiz, bu sərginin təşkil olunmasında Heydər Əliyev Fondunun rolu böyükdür. Leyla Əliyeva lap əvvəldən bu layihənin aparıcı qüvvəsi olub”.
İngiltərə-Azərbaycan Cəmiyyətinin sədri Lord Freyzer: “Birləşmiş Krallıqla Azərbaycan arasında dostluq əlaqələri yüksək səviyyədədir, lakin onları daha da möhkəmləndirmək olar. Mənim məqsədim də bu əlaqələri istər mədəni, istər siyasi və digər sahələrdə daha da gücləndirməkdir. Məni ən çox heyran edən və məndə maraq doğuran əsas məsələ odur ki, Azərbaycanda ötən dövrdə çox böyük işlər görülüb”.
Məşhur futbolçu Andrey Arşavin: “Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirlər həmişə böyük maraq doğurur. Bu sərgiyə gətirilən Azərbaycanın müasir incəsənət nümunələri məndə böyük maraq doğurdu. Onu da deyim ki, keçən yay ölkənizdə olmuşam. Həmin səfər məndə unudulmaz təəssüratlar yaradıb”.
“Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisinin kuratoru Erve Mikaelof: “Bu sərginin təşkili gözəl hadisədir. Çünki bu sərgi Azərbaycandakı müasir incəsənət haqqında dolğun təəssürat yaradır, ölkənizdə incəsənətin müxtəlifliyini göstərir. İnsanlar da bu sərgiyə böyük maraq göstərdilər. Zənnimcə, bu işdə Heydər Əliyev Fondunun zəhməti böyükdür”.
Azərbaycanlı rəssam Məmməd Mustafayev: “Londonda bu tədbirin keçirilməsi Azərbaycan təsviri sənəti üçün bütün dünyaya yeni qapılar açır. Azərbaycan təsviri incəsənəti bütün dünyaya tanıdılır. Bu sahədə də Heydər Əliyev Fondunun rolu böyükdür”.
Beləliklə, İngiltərə paytaxtında təşkil edilən sərgi Azərbaycan mədəniyyətinin bənzərsizliyinin nümayişi üçün daha bir imkan oldu. Londondan sonra bu cür sərgilərin Berlin, Paris, Roma, Nyu-York, Moskva, Bakı və digər şəhərlərdə keçirilməsi nəzərdə tutulur.