Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyada genişmiqyaslı xeyriyyə aksiyası keçirilib
24/12/2013

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Fondun Rusiya nümayəndəliyi Moskvada Xilaskar İsa Kafedral Kilsəsi ilə birlikdə genişmiqyaslı xeyriyyə aksiyaları keçirib.

Fondun Rusiya nümayəndəliyinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Moskva uşaqlara tibbi yardım Elmi-Təcrübi Mərkəzində, eləcə də Moskvadakı 43 nömrəli Xüsusi Uşaq Evində olublar. Uşaqlara tibbi yardım Elmi-Təcrübi Mərkəzində anadangəlmə inkişaf qüsurları və kəllə-çənə-üz nahiyəsinin, eləcə də hərəkət-dayaq aparatının deformasiyası olan, bədxassəli və xoşxassəli şişlərin bütün növlərindən və digər xəstəliklərdən əziyyət çəkən uşaqların kompleks reabilitasiya müalicəsi aparılır.

Mərkəzin rəhbəri, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki Andrey Pritıko Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya xəstə uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi. Kompleksin qış bağında keçirilən bayram konsertindən sonra nümayəndəliyin əməkdaşları Mərkəzin diaqnostika, onkologiya, neyrocərrahiyyə, reabilitasiya şöbələrində müalicə alan uşaqlarla görüşdülər, onlara Leyla Əliyevanın salamlarını çatdırdılar. Uşaqlara müxtəlif hədiyyələr verildi, mərkəzə tozsoran və digər məişət texnikaları hədiyyə olundu.

Daha sonra Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları 43 nömrəli Moskva Xüsusi Uşaq Evində olublar. Burada da bayram şənliyindən sonra uşaqlara müxtəlif oyuncaqlar, uşaq evinə isə kondisioner hədiyyə edildi. S.V.Obraztsov adına Dövlət Akademik Mərkəzi Kukla Teatrının aktyorları “Biri var idi, biri yox idi” musiqili tamaşasını nümayiş etdirdilər. Uşaq Evinin direktoru Qalina Birk kollektivin adından Heydər Əliyev Fonduna minnətdarlığını bildirdi.

Hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın daha 20 regionunda oxşar xeyriyyə aksiyaları keçirilir.