Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
“Bir ildən başqa bir ilə qədəm qoymaq bir çox xoş hiss və duyğularla müşayiət olunur. Burada həm Yeni il yolkasının könülaçan ətri, hədiyyələrin büküldüyü kağızların xəfif xışıltısı, bayram yeməklərinin ləziz dadı, sənə yaxın adamların göz oxşayan bərbəzəyi və əlbəttə ki, musiqi var. Doğma olan “V lesu rodilas yoloçka” mahnısından tutmuş, ildə bir dəfə hər bir evdə səslənən ötən illərin çoxsaylı hit mahnılarınadək”. Bu sözləri “Baku” jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyeva jurnalının redaktor səhifəsində yazıb.
Ənənəyə görə, hər il jurnalın ilk nömrəsində baş redaktor Leyla Əliyevanın oxucularına “Gözəl əhval-ruhiyyə” başlıqlı müraciəti yer alır.
“...Mən bir daha əmin oluram ki, Bakı hər sahədə, o cümlədən musiqi mədəniyyətində bənzərsizliyini qoruyub saxlaya bilib. Yola saldığımız ildə burada çoxlu sayda yaxşı musiqi səslənib: Beynəlxalq Muğam Festivalının iştirakçılarını və “Gelikon opera”nın solistlərini dinləmək, caz korifeylərinin çıxışlarından zövq almaq, Qəbələ festivalının konsertlərində olmaq, Qara Qarayevin və Müslüm Maqomayevin xatirə gecələrində onların zəngin irsini yada salmaq mümkün olub”, - deyə müraciətdə qeyd olunur.
Baş redaktor ilk növbədə muğam və aşıq musiqimizin Avropa musiqisi ilə sintezinə nail olan “Üzeyir Hacıbəyli dühasını” xatırlayır: “Onun Azərbaycanın musiqi mədəniyyətinə təsiri o dərəcədə güclü olub ki, Şərq ilə Qərbin bu sintezini hətta milli səviyyədə möhkəmləndirə bilib. Məhz Üzeyir Hacıbəylinin sayəsində tar və skripka, kamança və violonçel, ud və fortepiano füsunkar dialoqa girib, böyük müğənni Bülbül həm opera ariyalarını, həm də muğamları ifa edib. Bəstəkar musiqi təhsili sahəsində də ənənə və novatorluğun harmonik vəhdətinin bünövrəsini qoyub. Məhz belə bir təhsil hazırda bakılılara istər Berlin operasının səhnəsində, istərsə də “Eurovision” mahnı müsabiqəsində parlamaq imkanı verir”.
Leyla Əliyeva yazır ki, Bakıda musiqini onun xiridarı olan heç olmasa bir neçə insanın toplaşdığı hər bir məkanda öyrənirlər: “Əsası Yuli Qusman tərəfindən qoyulmuş Şən və Hazırcavablar Klubu gecələrinin ənənəsi, Elçin Əzizovun bu kulubdan Böyük Teatra aparan yolu, İsfar Sarabskinin müxtəlif ahəngli caz və muğam kompozisiyalarını birləşdirməsi buna gözəl nümunədir”.
Yazıda “bakılıların musiqi mədəniyyətinin formalaşmasına çoxlu sayda fenomenin təsir göstərdiyi” bildirilir: “Bunun sayəsində onlar ən müxtəlif musiqidən gözəl miks yarada bilirlər. Bakı yeni 2014-cü ilə məhz bu cür yüksək əhval-ruhiyyədə, gözəl dostların əhatəsində və sevimli musiqi hitlərinin sədaları altında qədəm qoyur”.
“Baku” jurnalının yeni nömrəsi oxucuları son bir neçə ayda Azərbaycan paytaxtının mədəni həyatının maraqlı hadisələri ilə tanış edir: P.İ.Çaykovski adına Böyük Simfonik Orkestrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş konserti və Heydər Əliyev Mərkəzində ABŞ-ın Kosmik və Raket Mərkəzinin beynəlxalq sərgisinin dünya premyerası, “ÜNS” Teatrında Müslüm Maqomayev haqqında “Beşikdən əbədiyyətə qədər” filminin premyerası, Heydər Əliyev Sarayında “Qorxma, mən səninləyəm.1919” filminin premyerası, Bakı Caz Festivalı və rəssam Taus Maxaçevanın Muğam Mərkəzində mühazirələri, Lalla Essaydinin Müasir İncəsənət Muzeyində fərdi sərgisi, Nizami Kino Mərkəzində turizm mövzusunda filmlərin beynəlxalq festivalı və s.
Jurnalda Heydər Əliyev Mərkəzinin təqdimatı haqqında “Xüsusi reportaj” və layihənin memarı, dünya şöhrətli Zəha Hədidi ilə, “Gelikon opera” teatrının yaradıcısı Dmitri Bertman ilə müsahibələr yer alır.
Jurnalda tanınmış sahibkar, böyük mesenat, Ümumrusiya Azərbaycanlılar Konqresinin yaradıcılarından biri Aydın Qurbanovun anadan olmasının 60 illiyi münasibətilə Moskvada keçirilmiş xatirə gecəsindən, Rza Deqatinin Parisdə Azərbaycan Mədəniyyəti Mərkəzində açılmış “Azərbaycan – tolerantlıq məkanı” sərgisindən, “Baku International” jurnalının ikinci ildönümü şərəfinə Bakıda təşkil edilən gecədən, Rusiyada, “Krokus Siti Holl”da ilk dəfə təşkil edilən “Kainat gözəli” müsabiqəsindən və ötən ilin son aylarının digər hadisələrindən reportajlar var.
Jurnalın bu nömrəsində Azərbaycan mətbəxinin daha bir ləziz təamı olan gürzənin hazırlanması resepti də yer alır.