Koreya dilində Xocalı soyqırımı haqqında sayt və Facebook səhifəsi fəaliyyətə başlayıb
10/02/2014

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Koreya dilində Xocalı soyqırımı haqqında sayt fəaliyyətə başlayıb.

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin dəstəyi ilə “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatının yaratdığı “Khojaly Genocide” adlı internet və Facebook səhifəsi (www.khojaly.or.kr; www.facebook.com/KhojalyKR) Koreya ictimaiyyətini bu faciə barədə məlumatlandırmaq məqsədi daşıyır.

Saytda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində mülki əhaliyə qarşı törətdiyi soyqırımına aid məlumatlar, foto və videomateriallar yerləşdirilib. Saytda bir neçə ölkənin parlamenti və beynəlxalq ictimaiyyət tərəfindən bu qanlı hadisələrin soyqırımı kimi tanınması, “Xocalıya ədalət” kampaniyası haqqında məlumatlar da var.