Maltada Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” sərgisi açılıb

Video

Maltada Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” sərgisi açılıb

Maltada Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” sərgisi açılıb
17/02/2014

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən IDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində fevralın 17-də Maltanın paytaxtı Valettada “Yer kürəsi uşaqların gözü ilə” devizi altında sərgi açılıb.

Prezident sarayında keçirilən tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva, Maltanın Prezidenti Corc Abela, Baş naziri Cozef Muskatın xanımı Mişel Muskat, təhsil naziri Evarist Bartolo, bu ölkənin dövlət və hökumət rəsmiləri, ətraf mühitlə bağlı bir sıra qurumların rəhbərləri, ali təhsil ocaqlarının təmsilçiləri, Azərbaycanın İtaliyada və Maltadakı səfiri Vaqif Sadıqov və başqaları iştirak ediblər.

Leyla Əliyevanın təşəbbüsü, dünya şöhrətli fotoqraf Reza Deqatinin dəstəyi ilə 2012-ci ildə baş tutan “Yer kürəsi uşaqların gözü ilə” adlı beynəlxalq uşaq müsabiqəsi sosial və ətraf mühit mövzusunda şəkillərin dili ilə uşaqları məlumatlandıran ilk beynəlxalq layihə hesab olunur. Həmin ilin sentyabrında elan olunmuş, “Mən təbiəti sevirəm” və “Mən çirklənmədən qorxuram” devizləri altında keçirilən müsabiqədə dünyanın 90 ölkəsindən 1200-dən çox uşaq və gənc iştirak edib. Beynəlxalq fotomüsabiqəyə 4 mindən çox fotoşəkil təqdim edilib. Müsabiqənin qalibləri Reza Deqatinin sədrlik etdiyi, “Reuters”, “Polka” jurnalı, “National Geographic”, “Associated Press” və foto sahəsində tanınmış digər qurumların nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən müəyyən edilib.

Müsabiqənin nəticələrinin elan olunması məqsədilə 2013-cü ilin mayında Bakıda “Yer kürəsi uşaqların gözü ilə” festivalı keçirilib. Valettada təşkil olunan sərgidə məhz həmin müsabiqədə seçilmiş 100 ən yaxşı şəkil nümayiş olunur.

“Yer kürəsi uşaqların gözü ilə” sərgisinin təşkilatçıları IDEA İctimai Birliyi və fotoqraf Reza Deqatinin təsis etdiyi AİNA Dünya qeyri-hökumət təşkilatıdır. 2012-ci ilin oktyabrında Moskvada keçirilmiş sərginin bu yaxınlarda İsveçrənin Cenevrə şəhərində də təşkili planlaşdırılır.

Tədbirdə çıxış edən “Yer kürəsi uşaqların gözü ilə” layihəsinin nümayəndəsi, Maltanın məşhur fotoqrafı Çarls Mifsud sərginin əhəmiyyətindən danışdı.

Sonra Leyla Əliyeva çıxış etdi:

- İlk öncə, özünəməxsus tarixə malik bu gözəl ölkədə olmaqdan məmnunluğumu bildirmək istərdim. Bu gün biz buraya IDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası və dünyanın aparıcı fotoqraflarından biri olan Reza Deqati tərəfindən əsası qoyulan “Yer kürəsi uşaqların gözü ilə” devizi altında həyata keçirilən beynəlxalq layihəni təqdim etmək üçün toplaşmışıq. Sərgi 90-dan çox ölkədən minlərlə uşağa öz istedadlarını nümayiş etdirməyə və ətraf mühitə, təbiətə olan maraqlarını göstərməyə imkan yaradır. Nümayiş olunan şəkillərin fərqli cəhəti ondan ibarətdir ki, onlar təkcə təbiətin gözəlliklərini deyil, eyni zamanda, planetimizin üzləşdiyi təhlükə və dağıntıları əks etdirir. Bu, uşaqların yer kürəsində baş verənləri anlaması və hiss etməsi üçün yaxşı təcrübədir. Sərgi bir daha göstərir ki, dünyanın müxtəlif bölgələrindən olan insanlar planetimizi qorumaq məqsədilə bir araya gəlir.

Azərbaycan çox zəngin biomüxtəlifliyə malikdir. Ölkəmizdə ətraf mühitə dair əsaslı proqram mövcuddur. Proqrama uyğun olaraq ətraf mühitə dair bir çox təşəbbüslər həyata keçirilmiş, mühüm nailiyyətlər əldə edilmişdir. Bu gün Azərbaycan qonşu dövlətlər arasında dialoqun qurulmasında bilavasitə iştirak edən və bu işə töhfə verən ölkədir. Fəxrlə deyə bilərəm ki, Azərbaycan bu gün ətraf mühit üzrə təşəbbüslərin həyata keçirilməsi istiqamətində regionda liderdir. Çox şadam ki, IDEA İctimai Birliyi bu təşəbbüslərə öz töhfəsini verməkdədir.
Ümid edirəm ki, sərgi planetimizin qorunmasında iştirak etmək istəyən insanların sayını artıracaqdır.

Azərbaycanın coğrafi baxımdan Maltadan uzaqda yerləşməsinə baxmayaraq, ölkələrimiz arasında qarşılıqlı hörmət, anlaşma və inama əsaslanan yaxşı əlaqələr mövcuddur. Tarixən hər iki ölkə Avropa ilə dünyanın digər bölgələri arasında körpü rolunu oynamışdır.

Daha sonra fotoqraf Reza Deqati, səfir Vaqif Sadıqov, Maltanın təhsil naziri Evarist Bartolo, Malta Respublikasının Prezidenti Corc Abela çıxış etdilər. Prezident Corc Abela insanların ətraf mühitdə baş verənlərə biganə yanaşdıqlarını, bu baxımdan planetimizdə cərəyan edən hadisələrə uşaqların gözü ilə baxmağın son dərəcə maraqlı olduğunu bildirdi.

Maltanın dövlət başçısı sərginin onun ölkəsində keçirilməsi təşəbbüsünə görə Leyla Əliyevaya minnətdarlığını bildirdi.

Tədbirdən sonra Maltanın Baş nazirinin yay iqamətgahı olan Girgenti sarayında Leyla Əliyevanın şərəfinə şam yeməyi verildi.

Sərgi fevralın 28-dək davam edəcək.