Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Fevralın 24-də Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramının təqdimatı olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.
Mehriban Əliyeva son illər Azərbaycanda iqtisadi yüksəlişin bütün sahələrdə özünü büruzə verdiyini, təhsilin inkişafına göstərilən diqqətin və bu sahəyə ayrılan vəsaitin artdığını bildirdi. Son 10 ildə ölkədə 2700 məktəbin inşa olunduğunu və ya əsaslı təmir edildiyini söyləyən birinci xanımın sözlərinə görə, bununla da ölkədə 1 milyondan çox şagirdin təhsil alma şəraiti yaxşılaşdırılıb.
Mehriban Əliyeva 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra olunduğunu xatırlatdı, hazırda böyük infrastruktur layihələrinin icrasına cəlb olunmuş Azərbaycan şirkətlərinin və sahibkarlıq subyektlərinin sosial məsuliyyətinin artmalı olduğunu, işgüzar dairələrin sosial layihələrdə iştirakının vacibliyini qeyd etdi.
Üçüncü regional inkişaf proqramı çərçivəsində təmirə ehtiyacı olan bütün məktəblərin yenidən qurulacağını və ölkədə bir dənə də olsun təmirsiz məktəbin qalmayacağını deyən Mehriban Əliyeva Fondun “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsindən də danışdı, bu çərçivədə 32 internatın və uşaq evinin yenidən qurulduğunu bildirdi. Birinci xanım bu layihənin icrası zamanı Heydər Əliyev Fondunun özəl sektor ilə gözəl işbirliyi yaratdığını diqqətə çatdırdı: “Ölkəmizdə uşaq bağçalarının tikintisinə çox böyük ehtiyac vardır. Uşaqlar demək olar ki, günün yarısını bağçada keçirirlər. Bu təhsil ocaqlarında olan şərait, orada uşaqlarımızın aldıqları tərbiyənin keyfiyyəti, hökm sürən ab-hava çox vacibdir. Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məhz bu müəssisələrdə formalaşır. Belə olan halda, əlbəttə, biz təhsilin bu sektoruna daha böyük diqqətlə yanaşmalıyıq”.
Mehriban Əliyeva Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyətin monitorinqini apardığını, ilkin mərhələdə bu monitorinqin paytaxtı əhatə etdiyini, gələcəkdə onun bütün ölkədə aparılacağını qeyd etdi. Birinci xanım Fond tərəfindən icra edilən digər layihələr kimi, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramının da uğurla icra olunacağına ümidvar olduğunu söylədi.
Sonra Fondun apardığı monitorinqin nəticələri təqdim olundu.
Təqdimatda Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələri haqqında geniş məlumat verildi. Paytaxtda 414 belə müəssisə mövcuddur. Onlardan 137-nin əsaslı təmirə ehtiyacı var, 11-i isə qəzalı vəziyyətdədir. Hazırda 133 məktəbəqədər təhsil müəssisəsində təmir işləri aparılır.
Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, təhsil naziri Mikayıl Cabbarov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard da çıxış etdilər.
Təqdimata yekun vuran Mehriban Əliyeva səslənən bütün fikir və təkliflərin nəzərə alınacağını dedi.
Təhsili vacib strateji sahə adlandıran Mehriban Əliyeva həm Fondun, həm dövlət qurumlarının, həm də özəl sektorun köməyi ilə böyük nailiyyətlərin əldə ediləcəyini vurğuladı.
“Bu il mayın 10-da Heydər Əliyev Fondunun 10 ili tamam olur. Bu illər ərzində, əlbəttə, Heydər Əliyev Fondu ölkəmizin ictimai həyatının müxtəlif sahələrində çox fəal iştirak edib. Bir çox layihələr, proqramlar icra edib. Qısa söyləsəm, bizim ən böyük nailiyyətimiz ondan ibarətdir ki, on il ərzində biz Azərbaycan xalqının hörmətini, dəstəyini qazanmışıq. Bizə inanırlar”, - deyə Mehriban Əliyeva bildirdi.