Fevralın 25-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində yazıçı-publisist, Əməkdar Jurnalist Vasif Səmədov və professor Rövşən Vəlizadənin birgə qələmə aldıqları “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” ikicildliyinin təqdimatı keçirilib.
Kitablar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilmiş “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının beşilliyinə həsr olunub.
Tədbirdə çıxış edənlər bildiriblər ki, nəşrlərdə beynəlxalq terrorizmin bir qolu olan erməni terror təşkilatlarının Azərbaycan torpaqlarında tarixin müxtəlif dövrlərində törətdikləri kütləvi qırğından, vəhşilikdən, soyqırımından bəhs edilir. Kitablarda XX əsrin sonlarında Ermənistan silahlı birləşmələrinin və onların havadarlarının Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı şəhərində törətdikləri kütləvi qırğınlardan da danışılır.
İkicildlikdə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində beynəlxalq aləmdə həyata keçirilən tədbirlərdən də bəhs olunur.