Martın 18-də Bakıda IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşkilatçılığı ilə birinci Azərbaycan Ətraf Mühit Forumu öz işinə başlayıb.
Tədbir IDEA İctimai Birliyi tərəfindən hazırlanmış sosial videoçarxın nümayişi ilə başlayıb.
Sonra Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çıxış edib. Nazir son illər ölkədə ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlərdən danışıb, yaşıllıqların qorunması, yeni yaşıllıqların salınması, tullantıların idarə edilməsi sahəsində uğurların əldə olunduğunu söyləyib: “Bu işlərin həyata keçirilməsində əlbəttə, vətəndaş cəmiyyəti təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür. IDEA İctimai Birliyinin bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir”.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek dünya əhalisinin sayının artmasının, urbanizasiya səviyyəsinin yüksəlməsinin, sənayenin inkişafının, həmçinin təbii fəlakətlərin ətraf mühitə təsirindən danışıb. O, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və IDEA İctimai Birliyinin bu istiqamətdə gördüyü işlərin, xüsusilə də ətraf mühitin mühafizəsi işinə gənclərin cəlb olunmasının əhəmiyyətini qeyd edib.
Daha sonra “Hər kağızı bir yarpağa dəyişək” layihəsi ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.
Forum “Ekoloji problemlərə milli baxış, onların həlli yolları və bu işdə QHT-lərin rolu”, “Azərbaycanda ətraf mühitin qorunması sahəsində QHT və dövlət strukturları arasında əməkdaşlığın bu günü və sabahı” mövzularında panellərlə davam etdirilib.
Forumun sonunda Bəyannamə qəbul olunub.