Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Heydər Əliyev Mərkəzi Novruz bayramı ilə əlaqədar daha bir layihəyə imza atıb.
Martın 18-də ilaxır çərşənbə günündə Heydər Əliyev Mərkəzinin parkında “Səməni” Beynəlxalq incəsənət müsabiqəsi təşkil olunub. Mərkəzin parkında fərqli tərtibatlarda hazırlanmış səmənilər sərgilənib.
Müsabiqə Heydər Əliyev Fondu, “YARAT” Müasir İncəsənət Məkanı, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, “Baku” jurnalı, Müasir İncəsənət Muzeyi və digər təşkilatların dəstəyilə baş tutub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva müsabiqəyə təqdim olunmuş işlərlə tanış olublar.
“Səməni” Beynəlxalq incəsənət müsabiqəsinin təşkilində məqsəd milli adət-ənənələrimizin, dəyərlərimizin yaşadılması, yeni nəslə çatdırılması, eyni zamanda Novruzun müasir incəsənətin dili ilə daha geniş təbliğ edilməsidir.
Müsabiqə çərçivəsində müxtəlif yaş qruplarına və yaradıcılıq istiqamətlərinə mənsub 32 rəssam və heykəltəraşın fərqli dizaynda təqdim etdikləri səmənilər nümayiş olunub, onların arasından səsvermə yolu ilə qaliblər müəyyən edilib. Səsvermənin nəticələrinə əsasən, Novruz Məmmədov, Elvin Nəbizadə və Lamiyə Əhməd müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.
Müsabiqəyə təqdim olunan səmənilər iyunun 1-dək Heydər Əliyev Mərkəzinin parkında nümayiş etdiriləcək.