Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Aprelin 20-də İtaliyanın paytaxtı Romada “Baku” jurnalının təqdimat mərasimi olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, jurnalın təsisçisi və baş redaktoru Leyla Əliyeva tədbirdə iştirak ediblər.
“Baku” jurnalının ingilisdilli versiyası ölkəmizi Avropada daha yaxından tanıtmaq baxımından mühüm əhəmiyyətə malikdir. Jurnal avropalı oxucuları qədim Odlar Yurdunun zəngin tarixi, mədəniyyəti, incəsənəti, gözəl ənənələri və mətbəxi ilə məhz ingilis dilində tanış edir. Bundan başqa, jurnalda Azərbaycanın müasir inkişafı və beynəlxalq aləmdəki nüfuzlu rolu, ölkəmizdə həyata keçirilən mühüm layihələr, geniş turizm imkanları və azərbaycanlıların müasir həyat tərzi, xalqımızın gözəl xüsusiyyətləri də ingilisdilli oxuculara təqdim olunur.
Jurnalın səhifələrində bədii foto sahəsində tanınmış ustaların işləri yer alıb. Bu isə heç şübhəsiz ki, dərgiyə olan marağı daha da artırır.
Nəşrinə 2007-ci ildə Moskvada rus dilində başlanılmış “Baku” jurnalı artıq beynəlxalq aləmdə kifayət qədər tanınan və böyük reytinqə malik mətbu orqana çevrilib. Bundan əvvəl Moskvada və Londonda təqdimat mərasimləri keçirilən jurnalın ingilisdilli versiyası indi Avropada kifayət qədər geniş oxucu auditoriyasına malikdir.
Romada “Baku” jurnalının təqdimat mərasimini İtaliyanın tanınmış teleaparıcısı Massimo Ginni açaraq Azərbaycanın malik olduğu mədəni dəyərlər haqqında qonaqlara məlumat verib.
Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti barədə danışan Massimo Ginni bildirib ki, Şərq ilə Qərbin qovuşduğu məkanda yerləşən Azərbaycan bu gün dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoq platforması qismində çıxış edir.
Son dövrlərdə İtaliyada Azərbaycan ilə bağlı bir çox tədbirlər keçirilir. Bu isə Azərbaycanın İtaliyada daha yaxşı tanıdılmasına xidmət edir.
Mərasimdə jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyeva çıxış edib.
“Baku” jurnalını qədim Roma şəhərində təqdim etməkdən məmnunluq ifadə edən Leyla Əliyeva bildirib ki, jurnalı təsis edərkən əsas məqsədi beynəlxalq miqyaslı dərgi hazırlamaq olub.
Ötən ildən ingilis dilində nəşr olunmağa başlayan jurnalın hazırda Roma, Paris, Berlin və Nyu-Yorkda yayıldığını deyən Leyla Əliyeva “Baku”da Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti və adət-ənənələri, həmçinin müxtəlif sənət adamları haqqında məlumatların verildiyini söyləyib. “Biz çox çalışırıq ki, bu dərgi italyan oxucularının da ürəyincə olsun”, - deyən Heydər Əliyev Fondunun vitse-prezidenti italiyalılara ölkəmiz haqqında da ətraflı məlumat verib. O, Azərbaycanın kifayət qədər gənc ölkə olduğunu, bu yaxınlarda ölkəmiz müstəqilliyinin bərpa olunmasının 20 illiyinin qeyd edildiyini söyləyib: “Lakin bununla bərabər ölkəmizin çox qədim tarixi vardır. Müsəlman şərqində ilk dəfə Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verilmişdir”. Azərbaycanda 1901-ci ildə müsəlman qızlar üçün məktəbin açıldığını və Şərqdə ilk opera və baletin məhz ölkəmizdə yarandığını vurğulayan Leyla Əliyeva fikrini belə davam etdirib: “Azərbaycanın olduqca zəngin mədəni irsi və çox qədim tarixi var. Azərbaycanın paytaxtı Bakı özündə təkcə qədim Qız qalasında və Qobustan qayaüstü rəsmlərdə əksini tapan köhnə ilə yenini birləşdirmir, həmçinin Şərq ilə Qərbi, XX əsrin əvvəllərinin neft bumu dövrünə aid fransız şəhərsalma mədəniyyətini özündə təcəssüm etdirir.
Düşünürəm ki, ölkəmiz hər zaman açıq fikirliliyi və tolerantlığı ilə tanınmışdır. Ölkəmizdə hər zaman mədəniyyətlər, dinlər və adət-ənənələr biri-birinə qovuşmuşdur. Ümid edirəm ki, Heydər Əliyev Fondu tərəfindən Romada təşkil edilən Azərbaycan Mədəniyyəti Günləri italyan xalqına ölkəmizi daha yaxından tanımaq imkanı yaradır”.
Leyla Əliyeva Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti barədə də məlumat verib. O, qeyd edib ki, Fond Azərbaycan mədəniyyətinin xaricdə təbliğ edilməsi sahəsində böyük işlər görür, UNESCO, İSESCO və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, sosial sahələrdə iri layihələr həyata keçirir.
Fondun ən vacib fəaliyyət istiqamətlərindən biri də Azərbaycanda və regionda ekoloji sağlamlığın mühafizəsi və qorunmasıdır. Bu məqsədlə Ətraf Mühitin Qorunması üzrə Beynəlxalq Dialoq Təşəbbüsünü irəli sürdüyünü deyən Leyla Əliyeva bu il Azərbaycanın “Eurovision” beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi edəcəyini xatırladıb və bütün qonaqları ölkəmizə dəvət edib.
Mərasim Azərbaycan incəsənət ustalarının çıxışı ilə davam edib.