Leyla Əliyeva Sankt-Peterburqdakı uşaq evi-məktəbdə olub

Video

Leyla Əliyeva Sankt-Peterburqdakı uşaq evi-məktəbdə olub

Leyla Əliyeva Sankt-Peterburqdakı uşaq evi-məktəbdə olub
04/02/2008

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Sankt-Peterburqa səfəri çərçivəsində Primorski inzibati rayonundakı uşaq evi-məktəbdə olub. Qonağı Primorski rayonu administrasiyası başçısının birinci müavini Vladimir Omelnitski və məktəbin direktoru Lyubov Katayeva qarşılayıblar.

İngilis dili təmayüllü uşaq evi-məktəbdə tərbiyə alanlar akt salonunda maraqlı konsert proqramı ilə çıxış ediblər. Konsertdə Azərbaycan və rus rəqsləri, Azərbaycan bəstəkarlarının mahnıları, müxtəlif kompozisiyalar ifa edilib. Leyla Əliyeva məktəbin şagirdləri qarşısında çıxışında Fondun çoxtərəfli fəaliyyətindən danışıb. O bildirib ki, təhsilə və məktəblərə kömək Fondun fəaliyyətinin üstün istiqamətlərindən biridir. Son illərdə Fondun təşəbbüsü ilə Azərbaycanda 300-ə yaxın məktəbin tikildiyini və yenidən qurulduğunu deyən Leyla Əliyeva dövlət xətti ilə 1500 yeni məktəbin inşa olunduğunu da söyləyib: “Bilik böyük qüvvə və cəmiyyətin gələcəyidir, insanların firavanlığının və uğurlarının rəhnidir”.

Leyla Əliyeva məktəblilərin ölkəmizdə idmanın, təhsilin, rus dilinin inkişafı və demoqrafik vəziyyət barədə suallarına cavab verib. O, gənclərə hansı ixtisası məsləhət görməsi haqda suala cavabında media sahəsinin adını çəkib və bu sahənin çox perspektivli və maraqlı olduğunu vurğylayıb.

Sonra Leyla Əliyeva məktəbin sinif otaqları və kabinələri ilə tanış olub, uşaqlarla söhbət edib, məktəbə böyük bir televizor, musiqi mərkəzi və başqa hədiyyələr bağışlayıb. Görüşün sonunda xatirə şəkli çəkilib.

Vladimir Omelnitski Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbərinə rusiyalı uşaqlara diqqətinə görə təşəkkür edərək bildirib ki, bu səfər gələcək dostluğun və əməkdaşlığın təməli olacaq: “Uşaq diplomatiyası ən güclü diplomatiyadır və biz ümid edirik ki, Azərbaycanla daha yaxından tanış olacağıq”.

Məktəbin direktoru Lyubov Katayeva xeyriyyəçiliyinə və yetim uşaqlara qayğısına görə qonağa təşəkkürünü bildirib.

Görüşdə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov da iştirak edib.