Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi aktual ekoloji problemlərin həlli, əhali arasında ictimai-ekoloji nəzarətin gücləndirilməsi məqsədilə “Ağacların kəsilməsinə yox!” proqramının həyata keçirilməsinə başlayır.
Proqram çərçivəsində “Təbiətə təcili yardım” qaynar xətti və mobil qrupu yaradılacaq. Bununla da vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda qaynar xətt vasitəsi ilə şikayət və təkliflərini IDEA İctimai Birliyinə çatdıra biləcəklər. Mobil qrup daxil olan şikayətləri yerində araşdıracaq, problemlə bağlı əlavə sübutları, foto və video materialları toplayacaq.
Bundan əlavə, vətəndaşlar qanunsuz ağac kəsimi ilə bağlı müraciətlərini IDEA İctimai Birliyinin internet səhifəsi (www.ideacampaign.org) vasitəsilə də çatdıra biləcəklər. Problemi daha dəqiq işıqlandırmaq üçün ağac kəsilən ərazinin fotolarını da veb-səhifəyə yükləmək mümkün olacaq. Şikayət və təkliflər IDEA-nın əməkdaşları tərəfindən yerində araşdırıldıqdan sonra toplanmış sübut və materiallar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim ediləcək. IDEA göndərilən müraciətlərdə əksini tapan problemlərin həlli prosesini izləyəcək.